“Azərbaycan dünyada ən çox minalarla çirklənmiş əraziləri olan ölkədir. Ermənilər torpaqlarımızda işğalı davam etdikləri 30 ildə və 44 günlük Vətən müharibəsindən sonra 2023-cü ilə qədər ərazilərimizdə milyonlarla mina basdırıblar. İşğaldan azad etdiyimiz ərazi sahəsinin 10 min kvadrat kilometrdən çox olduğunu nəzərə alsaq, minalardan təmizlənmə işlərinin aparılması üçün nə qədər çox vəsait və zamana ehtiyac olduğunu təsəvvür etmək çətin deyil”.
Bu fikirləri Musavat.com-a millət vəkili Azər Badamov deyib.
O, minadan əziyyət çəkən azərbaycanlıların statistikasına diqqət çəkib:
“Birinci Qarabağ müharibəsindən bu günə qədər 3400 vətəndaşımız minalardan əziyyət çəkib. Son 3 il yarımda isə 361 insan mina qurbanı olub, onlardan 61 nəfəri həlak olub. Ermənilər, hətta müharibə başa çatdıqdan sonra da 500 km uzunluğunda bir ərazini yenidən minalayıb. Beynəlxalq konvensiyalara görə müharibə başa çatanda minalayan tərəf qarşı tərəfə ərazilərin xəritəsini verməlidir. Amma Ermənistanın minaladığı ərazilərin dəqiq xəritələrini verməməsi işimizi çətinləşdirir və insanların minaların yeni qurbanına çevrilmək riskini artırır. Minalardan təmizlənmə işləri müvafiq qurum tərəfindən aparılır. Bu günə qədər 140 min hektar sahənin minalardan təmizlənməsi ilə bağlı məlumat verilir. Amma görülməli işin miqyası çox böyükdür və böyük maliyyə tələb olunur. Həm də minatəmizlənmə prosesin effektiv aparılması üçün siyasi iradə, müasir avadanlıqlar və kollektiv yanaşma vacibdir. Təcrübədə minadan təmizlənmə prosesində beynəlxalq təşkilatlar dəstək göstərməlidirlər. Amma təəssüf ki, hələ də ciddi beynəlxalq təklif almamışıq. Zəngilanda keçirilən beynəlxalq konfrans ərazilərimizin minalardan təmizlənməsi, o cümlədən ermənilərin yaratdığı ekoloji problemlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox əhəmiyyətlidir”.
A.Badamov minalarla çirklənmənin işğaldan azad olunmuş ərazilərin yenidən qurulub bərpa edilmə prosesini uzatdığını qeyd edib:
“Bu amil ərazilərin yenidən dövriyyəyə qaytarılması işini çətinləşdirir. Belə ki, hər hansı tikinti işinə başlanması üçün həmin ərazinin hər qarışında axtarış aparılmalı və təhlükəsizliyi təmin olunmalıdır. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra separatçıların nəzarətində qalmış ərazilərdə Ermənistandan yenidən gətirilmiş minalar basdırılıb. Bu gün ərazilərimizdə qalan minaların sayı milyonlarla ölçülür. Bu həm də öz doğma yurdlarına qayıdan insanlar üçün də potensial təhlükə mənbəyi olaraq qalmaqdadır. İşğaldan azad olunmuş ərazilərimiz, əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlardır. Amma bu torpaqların geniş şəkildə dövriyyəyə qaytarılmasında da mina təhlükəsi problemi çətinlik yaradır. Bu baxımdan dünya birliyi həm Ermənistana minalanmış ərazilərin dəqiq xəritələrin verilməsi üçün təzyiq etməli, həm də bu işi qısa zaman kəsiyində yekunlaşdırmağımız üçün maliyyə, eyni zamanda fiziki dəstəyini göstərməlidir”.
Millət vəkili vurğulayıb ki, konfransın məhz Zəngilanda keçirilməsinin də xüsusi əhəmiyyəti var.
"Konfransda iştirak edən beynəlxalq nümayəndələr minalanmış ərazilərin canlı şahidi olurlar. Həm də işğaldan azad olunmuş ərazilərdə keçirdiyimiz yenidənqurma və bərpa işlərini görürlər. Bu da beynəxalq ictimaiyyətə məqsəd və baxışlarımızı daha düzgün çatdırmağımıza imkan yaradır”, - deyə A.Badamov qeyd edib.
Nigar HƏSƏNLİ,
Musavat.com