Ötən ilin 11 sentyabr tarixində gecə saat 23:30 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində ağır yol qəzası törətmiş xanım sürücüyə hökm oxunub.
Sabunçu rayon Məhkəməsində 1992-ci il təvəllüdlü Zəminə İsmayılova Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilib.
Məhkəmədə ifadə verən qadın bildirib ki, qəzanı törətdiyi avtomobil ərinə məxsusdur və hadisə baş verən gün o, həyat yoldaşı ilə birgə qayınatasıgilə qonaqlığa gedib. Qonaqlıqda ərinin spirtli içki qəbul etməsi səbəbindən qayınatasıgildən çıxarkən “Mercedes” markalı avtomobilin sükanı arxasına Z.İsmayılova özü keçib. O, avtomobillə Zabrat qəsəbəsində hərəkətdə olarkən yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Telman Qasımovu vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Mərhumun ailəsi Z.İsmayılovadan şikayətçi olmaması barədə məhkəməyə yazılı müraciət təqdim edib.
Sabunçu rayon Məhkəməsinin hökmü ilə Z.İsmayılova 1 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
O, cəzasını çəkəcəyi məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilib. (Publika.az)