O, Moskva Dövlət Universitetinin tarix fakültəsini qırmızı diplomla bitirsə də, bir gün olsun belə öz ixtisası üzrə işləməyib. Uşaqlıq illərindən foto sənətinə böyük maraq göstərən İlya Filatovun çəkdiyi şəkillər hələ tələbəlik illərindən arabir mərkəzi qəzetlərdə dərc edilib, universitetdə sərgisi nümayiş olunub. Universiteti bitirdikdən sonra İlya Filatov SİTA-da fotoqraf qəbulu üzrə müsabiqənin elanını görəndə şansını əldən verməyib. Müsabiqədən uğurla keçərək agentlikdə fotoqraf vəzifəsinə götürülüb. Bir il bu vəzifədə işlədikdən sonra onu Kremlə təhkim ediblər. Beləliklə də İlya Filatov Kremlin fotoqrafı kimi fəaliyyətini davam etdirib.
Mərkəzi Komitəyə keçid proseduru fotoqrafa heç də asan başa gəlməyib. Düz üç ay onu DTK-nın 9-cu idarəsində sorğu-suala tutublar, təlimatlandırıblar və nəhayət, sonda İlya Filatov Kremlə buraxılış vəsiqəsini ala bilib.
Fəaliyyətinin ilk həftələrindən Filatov Mərkəzi Komitə rəhbərliyinin hörmətini qazanıb, son dərəcə mədəni davranışı, müraciət formaları və intellekti ilə birincilərin arasında özünə yer edə bilib.
Filatovun işi təkcə Kremldə keçirilən rəsmi tədbirlərlə yekunlaşmayıb, o, həm də siyasilərin ailə tədbirlərinə, bağ məclislərinə də dəvət olunub. Fotoqraf televizorda “ütülü” görünən siyasətçiləri idman paltarında, ovçu libasında, sərxoş olduqları vəziyyətlərdə də görüb.
Kremldə işlədiyi 39 il ərzində Filatov bir dəfə də olsun belə öz işi ilə bağlı mətbuata açıqlamalar verməyib. Ümumiyyətlə, o, mətbuatla ünsiyyətdən həmişə yayınıb. Yalnız SSRİ-nin süqutundan sonra iki-üç dəfə jurnalistlərə müsahibə verib. Bu müsahibələr isə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.
Filatov öz müsahibələrində SSRİ-nin siyasi liderlərinin şəxsi həyatından da danışıb:
“SSRİ deyəndə ağlımıza gələn ilk söz kommunizm olur. Bəli, SSRİ-də kommunizm olub. Amma bizim üçün yox, rəhbərlər üçünsə həqiqətən kommunizm “cənnət”i var idi. Bir zənglə onlar üçün hər şey dərhal hazır olurdu. Siyasi Büro üzvlərinin ailələri, xüsusilə də həyat yoldaşları çox zəngin həyat tərzi sürüblər. Xidmətçilər, aşpazlar, bağbanlar, sürücülər, dayələr, mühafizəçilər və onlarla insan məhz bu ailələrə xidmət ediblər. Təsəvvür edin ki, Andrey Qromıko Ali Sovetin Rəyasət Heyətinin sədri olanda ona 9 maşın ayrılıb, Suslova 5 maşın xidmət göstərib. Bu maşınların hamısının da ayrı-ayrı sürücüləri olub...”
Filatovun öz yaşayışı da pis olmayıb. Ona növbədənkənar mənzil verilib, xidməti avtomobil ayrılıb, Kremldə xüsusi laboratoriya da onun ixtiyarında olub. Fotoqraf müsahibələrində ona verilən güzəşt və imtiyazlardan da söhbət açıb:
“Maaşımız digər sahələrdə çalışanların maaşından xeyli yüksək idi. Demək olar ki, hər ay maaş həcmində maddi yardım və mükafat da alırdım. Qəzet və jurnallardan aldığım qonorarlar isə şəxsi büdcəmi daha da zənginləşdirirdi. Əlavə qazancım da olurdu. 1970-ci ildə Leonid Brejnevin göstərişi ilə Siyasi Büro üzvləri və üzvlüyə namizədlərin portretlərinin yenilənməsi mənə tapşırılmışdı. Mən onların hamısının portretlərini çəkdim. Bu işə görə Mərkəzi Komitənin İşlər İdarəsi mənə 2600 rubl pul verdi. Həmin dövr üçün bu olduqca böyük məbləğ sayılırdı. Ondan əvvəl isə bir dəfə Nikita Xruşşov Kremlin hesabından mənə 2000 rubl pul ayırmışdı...”
Filatov mətbuata açıqlamalarında Kreml rəhbərlərinin səxavətinə xüsusi yer ayırıb:
“Siyasi birincilər xüsusilə ailə tədbirlərində və bağ məclislərində daha səxavətli olurdular. Məclisdən sonra maşınımın yük yeri ərzaq məhsulları və içkilərlə dolurdu. Xruşşovun həyat yoldaşı mənə həmişə ayrıca süfrə açırdı. Bizim ümumi süfrədə əyləşməyimizə Xruşşov icazə vermirdi. Brejnevin həyat yoldaşı isə mənə xüsusi həssaslıqla yanaşırdı, ərzaq məhsulları ilə yanaşı məni və ailə üzvlərimi təzə paltarlarla da təmin edirdi. Ümumiyyətlə, Brejnev çox rahat adam idi. Moskvanın birinci katibi Viktor Qrişin daha səxavətli idi. Mənə mənzili o vermişdi. 1979-cu ilin yay ayları idi. Mən məzuniyyətə çıxmışdım. Qrişin “İzvestiya” qəzetinə müsahibə verəndə şəklini çəkmək üçün məni kabinetinə çağırmışdı. Hal-əhval tutduqdan sonra məndən soruşdu:
-Məzuniyyəti Moskvada keçirirsən?
-Bəli, Viktor Vasilyeviç, hələ ki, bağım yoxdur.
Bu cavabımdan sonra o, Moskva şəhər İcraiyyə Komitəsinin sədri Promıslevə zəng vurdu, mənə şəhərin kənarında bağ sahəsinin ayrılmasını xahiş etdi. Sonralar bağ evinin tikilməsinə də Qrişin kömək etdi. Mixail Suslov çox soyuq adam idi. Siyasi Büro üzvlərinin portretlərini hazırlayanda hər bir üzvün şəklini çəkmək üçün konkret vaxt ayrılmışdı. Digərlərindən fərqli olaraq Suslov üçün ayrılmış vaxta bir dəqiqə gecikmək, yaxud bir dəqiqə vaxtından tez gəlmək böyük problem yarada bilərdi. O da səxavətini məndən əsirgəmirdi. Bir neçə dəfə mənə kitab hədiyyə etmişdi. Ən çətin hədəfim isə Mixail Qorbaçov idi. O, şəkil məsələsinə laqeyd yanaşırdı, həmişə tələsirdi və məni də tələsdirirdi. Mən elə onun dövründə də Kremldəki işimdən ayrıldım. Onunla işləmək mümkün deyildi...”
Filatov sonralar müstəqil fotoqraf kimi fəaliyyət göstərib, onun kamerasının yaddaşına köçürdüyü səhnələr dünyanın bir çox nüfuzlu kütləvi informasiya vasitələrində yer alıb. Maraqlı məqamlardan biri isə odur ki, Filatov öz fotosunun mətbuatda getməsinə heç vaxt razılıq verməyib.
İlham Cəmiloğlu, Musavat.com