Ən böyük kriptovalyuta birjası Rusiyadan getdi: ABŞ-ın təzyiqi ilə

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”(Bitkoinin ticarət olunduğu platforma) Rusiyadakı biznesini satdığını elan edib.

Musavat.com xəbər verir ki, birjanın bununla bağlı yaydığı məlumatda biznesin “CommEX” şirkətinə satıldığı açıqlanıb.

Məlumatda qeyd olunur ki, Rusiyadan çıxmaq prosesi bir qədər vaxt aparacaq. Belə ki, yaxın bir neçə ay ərzində Binance Rusiyadakı mübadilə xidmətlərini və digər biznes sahələrini bağlayacaq: “Gələcəyə baxarkən, Rusiyada fəaliyyətin “Binance”in tələblərə əməl edilməsi strategiyası ilə uyğun olmadığını başa düşürük. Biz qlobal miqyasda Web3 sənayesinin uzunmüddətli artımına əminik və enerjimizi Binance-in fəaliyyət göstərdiyi yüzdən çox ölkədə daha da inkişaf etdirilməsinə yönəltməyə sadiqi”.

Bu razılaşmanın bir hissəsi olaraq Binance Rusiyadakı fəaliyyətini tamamilə dayandıracaq. Daha əvvəl Rusiyada beynəlxalq şirkətlər tərəfindən həyata keçirilən əməliyyatlardan fərqli olaraq, bu əməliyyatın əsas şərti budur ki, “Binance” satışdan sonra yaranacaq mənfəətin bir hissəsini almaq hüququna və biznesdəki səhm payını geri almaq imkanına malik olmayacaq.

Xatırladaq ki, Binance 2022-ci ildə Ukraynaya hücumuna görə sanksiyalara məruz qalan Rusiyadakı istifadəçilərə müəyyən məhdudiyyətlər tətbiq etmişdi. Lakin 2023-cü ilin əvvəlində məlum oldu ki, həmin məhdudiyyətlərin əksəriyyəti aradan qaldırılıb. Bu ilin mayında ABŞ Maliyyə Nazirliyi birjaya qarşı Rusiyaya sanksiyalardan yayınmaqda dəstək verməsi iddiası ilə məhkəmə işi başlatdığını açıqladı. Bundan sonra birja Rusiyadakı fəaliyyətini xeyli məhdudlaşdırdı, nəhayət, onun satışına qərar verdi.

Binance.com

28.09.2023 18:50
854