"Əmlak kirayə verib və ya alarkən ehtiyatlı olun..." - Ekspertdən XƏBƏRDARLIQ

"Bir müddətdir ki, müxtəlif sosial şəbəkələrdə mənzillərini və qeyri-yaşayış obyektlərini kirayə verən şəxslərin şikayətləri yayımlanır. Belə ki, vətəndaşlar öz əmlaklarını kirayə verir və sonra məlum olur ki, onların xəbəri olmadan əmlakları başqa şəxslərə satılıb".

Musavat.com bildirir ki, bu barədə daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib. Ekspert qeyd edib ki, bunları törədən bir qrup cinayətkar dəstədir:

"Onlar xüsusən Bakı şəhərində mənzilləri və qeyri-yaşayış obyektlərini uzun müddətli kirayəyə götürür, bu zaman əmlak sahibi haqqında araşdırma aparır, barəsində məlumatlar toplayırlar".

Əmlak bazarında durğunluq: Evlərin qiyməti ucuzlaşacaq?

Ekspert qeyd edib ki, cinayətkar dəstə öz qurbanlarını seçərkən daha çox subay, ailəsi olmayan şəxslərə üstünlük verirlər ki, bunun da səbəbi var:

"Ona görə ki, planları baş tutduğu zaman həmin şəxsin həyat yoldaşının notariusda razılığına ehtiyac qalmasın, həmçinin mənzildə heç kəs qeydiyyatda olmasın.

Beləliklə, vətəndaşlardan əmlaklarını uzun müddətli kirayəyə götürür, kirayə müqaviləsini rəsmi notarial qaydada bağlayırlar. Təbii ki, müqavilələrdə həm əmlak, həm də əmlak sahibi haqqında müəyyən məlumatlar öz əksini tapır. Cinayətkar dəstə həmin əmlakın çıxarışının, həmçinin əmlak sahibinin şəxsiyyət vəsiqəsinin surətini götürür, daha sonra əmlak sahibinin adından əmlakın satılmasına görə Rusiyanın şəhərlərində notarial orqanlarda öz adamlarına etibatnamə verirlər. Daha sonra həmin etibarnamə ilə Azərbaycana gələrək, əmlakı öz ətrafında olan adamların adına keçirir və başqasına satırlar.

Ona görə də əmlak alarkən mütləq şəkildə kiçik də olsa araşdırma aparın. Məsələn, əgər alınacaq mənzil binada yerləşirsə, mütləq gedib həmin binanın komendantından, qonşulardan, sahə müvəkkilindən və yaxud mənzil istismar idarələrindən həmin əmlak bağlı məlumatlar alın, evin sahibi haqqında maraqlanın. Tam əmin olduqda ki, sizə mənzili satan şəxs mənzilin sahibidir, o zaman əmlakı alın. Əks halda siz də qurbanlardan birinə çevrilə bilərsiniz".

Xalidə Gəray
Musavat.com

25.05.2024 08:32
2265