Əməkdaşımız Ukraynada ələ keçmiş rus silahlarının Praqadakı sərgisindən yazır - Reportaj

İyulun 10-dan etibarən Çexiyanın paytaxtı Praqada Rusiya-Ukrayna müharibəsində ələ keçirilmiş rus silahlarının sərgilənməsi artıq bütün dünyaya məlumdur. Sərginin əslində, iki həftəlik nümayiş olunması nəzərdə tutulsa da, Ukrayna Xarici İşlər Nazirliyinin xahişi ilə bu müddət 3 avqust tarixinə qədər uzadılıb. Bu haqda Çexiya mətbuatı məlumat yayıb.

Sərgi Praqanın məşhur futbol stadionu ilə üzbəüz, Letna meydanında nümayiş olunur. Şəhər sakinlərinin dediyinə görə, bu meydan əvvəllər böyük avtobus parkı olub. Hazırda isə meydanın yalnız müəyyən hissəsi avtobus parkı kimi fəaliyyət göstərir.

Meydanda nümayiş olunan silahlar  Rusiyanın müharibədə zədələnmiş “T-90" tanklarını, tank əleyhinə ”Şturm", “Buk” zenit sistemləridir. İnsanlar istənilən saatda meydana gəlib sərgini ziyarət edə bilərlər, bunun üçün hər hansı ödəniş tələb olunmur.

Meydanda olduğumuz zaman müşahidə etdik ki, sərginin ziyarətçiləri arasında çexlər, ukraynalılar, müxtəlif ölkələrdən gəlmiş turistlər var. Onlardan kimisi sakitcə dayanıb, kədərlə silahları gözdən keçirir, kimisi bu silahların hansı gücə malik olması ilə maraqlanır. Hər silahın önündə çex və ingilis dilində informasiyalar var.

Sərginin kənarındakı iki böyük plakatın birində “Ukrayna Avropanın qoruyucu qalxanıdır” sözləri yazılıb, digərində isə müharibə başlayandan Çexiyanın Ukraynaya nə qədər silah yardım etdiyi qeyd olunub.

Bu məqamda xatırladaq ki, ötən gün Çexiyanın “MiQ-29"larını Ukrayna ordusuna təhvil verilməsini sürətləndirdiyi məlum oldu. Belə ki, Çexiya hökuməti Slovakiyanın hava məkanını qorumaq tələbi ilə razılaşıb. Bu isə öz növbəsində slovakların ”MiQ-29" qırıcılarını Ukraynaya verməsinə imkan verəcək. Çexiya Müdafiə Nazirliyinin məlumatına görə, onların ordusu ən azı 2023-cü ilin sonuna qədər Slovakiyanın hava məkanında patrul edəcək. Onlar sentyabr ayından bu işə başlayacaqlar.

Qeyd edək ki, Lenta meydanında nümayiş olunan silahlar Ukrayna Xarici İşlər Nazirliyi tərəfindən Rusiya-Ukrayna münaqişəsinin dəhşətini xatırlatmaq üçün Praqaya gətirilib. 3 avqust tarixindən sonra sərgi Varşava, daha sonra Berlin, Paris və Brüseldə nümayiş olunacaq.

Rusiya-Ukrayna münaqişəsi başlayandan Rusiyaya etiraz edən ilk ölkələr sırasında Çexiya da var. Çexiya hər vasitə ilə Ukraynaya dəstək olduğunu nümayiş etdirir. Paytaxt Praqanın demək olar ki, bütün rəsmi dövlət binalarında, o cümlədən Prezident İqamətgahında eyni ölçüdə Ukrayna bayrağı Çexiya bayrağı ilə birgə dalğalanır. Artıq Praqa və digər şəhərlərdə kitab evləri, kitabxanalarda Putinin siyasətini, Rusiya-Ukrayna müharibəsini pisləyən kitablara rast gəlmək olur. Bunun fonunda isə Zelenskinin şəninə kitablar çap olunur.

Çexlərə görə, Ukrayna, Zelenski təkcə öz ölkəsi üçün deyil, Avropa və bütün dünya üçün döyüşür, mübarizə aparır.

Onu da xatırladaq ki, Çexiya bu günə qədər 300 min ukraynalı qaçqını qəbul edib.

Xalidə GƏRAY,
Bakı-Praqa
Fotolar müəllifindir

30.07.2022 08:30
1838