Əməkdaşımız dünyaca məşhur çexiyalı ixtiraçının evində oldu - reportaj

Planitse şəhəri Çexiyanın cənub-qərbində, Pilsen vilayətində yerləşir. Bura şəhərdən çox yaşıllıqlar içərisində kənd evlərindən ibarət kiçik, səliqəli qəsəbəyə bənzəyir. Google-dan axtarış verəndə məlum oldu ki, bu kiçik şəhərdə cəmi 1700 nəfər əhali yaşayır.

Turistlər bura əsasən dünyaca məşhur ixtiraçı, “Çexiyanın Edisonu” adlandırılan Frantişek Krijikin doğulduğu ev muzeyinə baxmaq üçün gəlir. Alimin doğulduğu ev büstünün qoyulduğu həyətdən və cəmi 2 kiçik darısqal otaqdan ibarətdir. Ev-muzeyə giriş biletlədir, biletin qiyməti isə 50 kron, təxminən 3 manat 50 qəpikdir.

Bileti alıb ilk öncə Krijikin doğulduğu kiçik otağa daxil oluruq. Muzeyin bələdçisi bildirir ki, Frantişek Krijik 1847-ci ildə məhz bu otaqda, hədsiz çox kasıb ailədə doğulub. Ailə çox kasıb olduğundan Krijik tək uşaq olaraq böyüyüb. O, kənd dərzisinin oğlu idi. Bütün çətinliklərə baxmayaraq, Krijik məktəbdə həvəslə oxuyurdu. Praqa Politexnikinə qəbul olunmaq istəsə də, imtahan haqlarını ödəməyə pulu olmadığı üçün imtahanlarda iştirak edə bilməyib. Xüsusi akademik nailiyyətlərinə görə professor Karl Zenger onu orta məktəbi bitirmədən Praqa Politexnikinə qəbul edir. Krijik təhsil aldığı müddətdə dəmiryol siqnal sistemlərinin idarə edilməsini təkmilləşdirməyə başlayır. O, bu işi dəmiryol işçisi kimi davam etdirir. 1878-ci ildə isə Paris Ümumdünya Sərgisini ziyarət edir və orada ilk dəfə qövsvari lampaları görür, yeni kəşflər üzərində düşünür.

1881-ci ildə texniki yeniliklərini əvvəlcə Pilsendə, sonra isə Praqa yaxınlığındakı Karolinentalda özü istehsal etməyə başlayır. Hələ 1882-ci ildə Paris Ümumdünya Sərgisində qövsvari lampası ilə iştirak edir və Edisonun közərmə lampası ilə yarışaraq, qızıl medal alır. Bundan sonra böyük şöhrət qazanmağa başlayan gənc alim 1883-cü ildə Vyanada keçirilən Beynəlxalq Elektrik Sərgisində iştirak edir və ərazini pulsuz işıqlandırır, beləliklə də dünyanın marağını özünə cəlb etməyi bacarır.

İxtiraçının doğulduğu otaqdakı monitorda onun həyat yolu, ixtiralarından bəhs olunan film ilə tanış olduqdan sonra digər otağa keçirik. Burada isə Frantişekin ixtira etdiyi həmin məşhur qövsvari böyük lampa, onu hərəkətə gətirən texniki avadanlıqlar, digər ixtiralarını əks etdirən fotolar yerləşdirilib.

Xüsusi texniki avadanlığı əl ilə işə salıb, bir neçə saniyə sonra qövsvari lampanın yanmasını da müşahidə etmək mümkündür. Bələdçimiz bildirir ki, yeni qövs lampasının ixtirasından sonra Krijik müxtəlif elektrik avadanlıqları, o cümlədən dinamolar, közərmə lampaları ixtira edir, bir sıra şəhərlərdə tramvay yolu layihələrini təqdim edir. Onun təşəbbüsü ilə 1896-cı ildə istifadəyə verilən 8 km uzunluğundakı Florens-Karlin-Liben-Vysoçanı tramvayı ildə 2 milyon sərnişin daşıyıb. Beləliklə, Krijikin Çexiyanın nəqliyyat yolunun formalaşmasında xüsusi rolu var.

Xalidə GƏRAY,
Fotolar müəllifindir
“Yeni Müsavat”

06.08.2022 11:07
1967