İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğraması günün əsas müzakirə mövzularındandır. İran rəsmiləri ilkin səbəb kimi helikopterdə yaranan texniki nasazlığın qəzaya səbəb olduğunu göstəriblər.
SSRİ aviasiya nazirinin müavini olmuş əməkdar pilot Oleq Smirnov qəzanın mümkün səbəbləri haqda fikirlərini bölüşüb.
Musavat.com xəbər verir ki, əməkdar pilot Rusiya mətbuatına qəzaya səbəb ola biləcək 3 ən çox ehtimal olunan versiyaları sadalayıb.
Onun sözlərinə görə, helikopter müxtəlif amillərə görə qəzaya uğraya bilərdi. Mövcud olan məlumatlara əsasən, baş verənlərin səbəbinin nə olduğunu təxmin etmək çətindir. Amma internetdəki fotolardan görünür ki, hansısa sərt eniş deyil, dağla toqquşma baş verib.
“Birinci səbəb kənar müdaxilə, yəni terror aktıdır. İkincisi, dağların zirvələrinin buludlarla örtüldüyü anda baş vermiş texniki nasazlıq və onun dağla toqquşmasıdır. Növbəti isə naməlum səbəblərdən yerə enmək cəhdi olub və aşağı görünmə şəraitində eniş zamanı belə qəza olub”, - əməkdar pilot bildirib.
Eyni zamanda, mütəxəssis son versiyanın ən az ehtimal kimi göründüyünü qeyd edib:
“Əslində bu, şübhəli bir şeydir, çünki o helikopter havadan eniş etsəydi, normal platformaya enərdi. Bunun əvəzində hündür ağaclarla örtülmüş bir dağa dəyib”.
Oleq Smirnov bildirib ki, helikopterin qəzaya uğradığı yer uçuş üçün çox çətin ərazidir.
“Böyük təyyarə yüksəkdən uçur, lakin kiçik təyyarələr və helikopterlər üçün bu, çətin yoldur, çünki bu, əsasən hava şəraitindən asılıdır. Vertolyot vizual uçuş qaydalarına uyğun olaraq uçur, yəni relyefi aşağıda və qarşınızda görmək məcburiyyəti ilə siz idarəetmə alətlərindən istifadə edərək orada uça bilməzsiniz, üstəlik, helikopterlərin heç də hamısı bort radarları ilə təchiz olunmur, çünki buna ehtiyac yoxdur - onlar buludlarda uçmurlar, lokatora ehtiyac duymurlar, çünki vizual olaraq onlardan yeri görmək tələb olunur. Bütün bunlar belə ərazilərdə helikopterlər və kiçik təyyarələr üçün uçuşları çox çətinləşdirir”, - deyə mütəxəssis yekunlaşdırıb.
İRNA-nın məlumatına görə, qəza helikopterin nasazlığı səbəbindən baş verib. İran İslam Respublikasının Belarusdakı səfiri Əlirza Saneinin sözlərinə görə, helikopter pis hava şəraiti səbəbindən yerə düşüb.
“Çox qatı duman, hətta qar da var idi, görmə məsafəsi minimal idi. Dağlıq, əlçatmaz ərazidir”, - diplomat bildirib.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. Ümumilikdə təyyarədə rəsmi 8 sərnişin olduğu (qeyri-rəsmi mənbələrə görə, 9 sərnişin) bildirilib. Helikopter Uzi və Pir kəndləri arasında, Dizmar meşəsində qəzaya uğrayıb. Dizmar meşəsi dəniz səviyyəsindən 2000-2700 metr yüksəkdə yerləşir. Qəza da Dizmar meşəsinin 2200 metrə qədər olan hissəsində baş verib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com