“Əməkdar artistin vəziyyəti ağırdır, şaiyə yaymışdılar ki...”- Məşhur müğənninin ailəsi danışdı

"Nənəm fevral ayının 17-də insult keçirib. Hazırda "Semaşko" xəstəxanasındadır, vəziyyəti ağırdır. Reanimasiyada idi, artıq 3 gündür ki, palatadadır. Biz də yanındayıq. Səhhəti çox yaxşı idi. Saat 12-də qəfildən halı pisləşdi, yerə yıxıldı. Beyninə qan işləmir, işemik insult keçirib. Hazırda danışa bilmir, yemək yeyə bilmir. Sağ tərəfi işləmir, yalnız sol tərəfini tərpədə bilir. Nə soruşuruqsa başı ilə işarə edir"

Musavat.com bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kifayət Gəncəlinin nəvəsi Nigar Mahmudova deyib. O daha sonra əlavə edib.

"Nənəmin yaşı 80-ni keçib. Bir az ayaqları, sümükləri ağrıyırdı, bir az da təzyiqi var idi. Onu narahat edən nəsə ciddi bir problemi yox idi. Hələ də bilmirik ki, nə baş verdi?! Nənəm çox aktiv qadın olub. Evdə həmişə çay qoyardı, yemək hazırlayardı. Onu xəstə yatağında görməmişik. Sonuncu dəfə "Elgizlə izlə" verilişində qonaq oldu. Bu verilişdən 5 gün sonra xəstə düşdü. Onun haqqında şayiə yaymışdılar ki, guya dünyasını dəyişib. Elə bu şayiələrə son qoymaq üçün həmin verilişə getdi. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa zəng edib maraqlanıb. Çox sağ olsun! Mədəniyyət Nazirliyinə də bildirmişik. Ümid edirik ki, onlar da dəstəklərini bizdən əsirgəməzlər. Bizə çox çətindir. Ailə başçımız yoxdur. Nənəmdir, anamdır və bir də mənəm. Başımızın üstündə nə atamız, nə qardaşımız, nə də yoldaşımız var. Tək qadınıq, bizə çox ağırdır" deyə sənətkarın nəvəsi bildirib.

Nəvəsi Kifayət Gəncəlinin efirlərdən uzaq düşməyinə bu cür münasibət bildirib.

"Buna bir səbəb yox idi. Sadəcə olaraq nənəmi dəvət edən az idi. Hara dəvət edirdilərsə gedirdi. Mənimlə məşğul idi, uşaqlıqdan məni nənəm böyüdüb. Heç kimə ağız açmayıb. Heç kimin təklifini geri çevirməyib. Gərək gündəmdə, insanların gözünün qarşısında olasan ki, unudulmayasan. Yaşlı adam üçün çox çətin olur. Yeni gələnlər gündəmi zəbt etdikcə onlar unudulur" deyə Nigar Mahmudova bildirib.

29.02.2024 12:53
692