"2018-2023-cü illərdə əmək müqavilələrinin sayında 35 faiz (və ya 450 mindən çox) artım olub".
Musavat.com xəbər verir ki, bunu DOST Agentliyində "2018-2023: sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda keçirilən mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.
O qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 400 min nəfər işlə təmin olunub, 62 min nəfər özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb. Proqrama cəlb olunanların illik sayı 14 dəfə artaraq 16 mini ötüb. Eləcə də, 445 min nəfər peşəyönümü xidmətlərə, 16 min nəfər peşə hazırlığına cəlb edilib".
Anar Kərimov əlavə edib ki, 2018-ci ildən sonrakı dövrdə Nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib:
"Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi açılıb. Yaxın aylarda Şamaxıda Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkirdə Uşaq Reabilitasiya Mərkəzi açılacaq, Ağcabədi və Qubada da Uşaq Reabilitasiya Mərkəzlərinin tikintisinə başlanacaq. Görülən işlər reabilitasiya xidmətləri göstərilənlərin illik sayında 3 dəfə artıma imkan verib. Qeyd olunan dövrdə Nazirliyin müəssisələrində 104 min şəxsə reabilitasiya xidmətləri göstərilib, əlilliyi olan şəxslərə 246 min reabilitasiya vasitəsi, o cümlədən müharibə ilə əlaqədar əlilliyi olan 416 şəxsə 433 son nəsil yüksək texnologiyalı protez verilib, sosial xidmətlər, günərzi, icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi genişləndirilib".
Afaq Mirayiq,
Musavat.com