Elmar Məmmədyarov bizi sevindirdi, amma yanlış olduğu bilindi – Əsgərli istefasından danışdı

"Şamaxı"nın sabiq baş məşqçisi Vüqar Əsgərli Ölkə.az saytına müsahibə verib.

Musavat.com həmin müsahibəni təqdim edir. 

- Vüqar müəllim, ötən həftə "Şamaxı"dan ayrıldınız, səbəb nə idi? Klub prezidenti Elçin Usub bildirdi ki, bu addım sizin istəyinizlə atılıb. 

- "Şamaxı"dan ayrılma səbəbim yalnız öz istəyimlə bağlıdır. Düşünürəm ki, bizim gördüyümüz işin qarşılığında daha çox xallar toplanmalı idi. Düzdür, liderlə aramızda böyük xal fərqimiz yox idi. Lakin belə qərara gəldim ki, ayrılmağım komanda üçün daha faydalı olar. Mənə görə istefanın özü bir mədəniyyətdir. Bəlkə də zamanlama səhvdir və yaxud əksinə, bunu bilmək olmaz. Əsas məsələ budur ki, tam olaraq öz iradəmlə verilən qərarımdır.

- Ola bilərmi ki, bu fikirləri söyləməklə Elçin Usub özünü sğortalasın. Çünki çox keçməmiş "Şamaxı"ya tanış olan Ramiz Məmmədov baş məşqçi postuna təyinat aldı. 

- Sözün düzü, idarə heyətinin üzvü olan Ramiz Məmmədovun baş məşqçi olması mənim üçün də sürpriz oldu. Komanda yaranandan rəhbər vəzifədə çalışırdı və uzun müddət idi ki, məşqçilik etmirdi. Ümid edirəm ki, klub adına uğurlu seçim olacaq və komanda gələn mövsüm yenidən Premyer Liqaya qayıdacaq. Qaldı ki, Elçin müəllimin özünü sığortalamaq məsələsinə, bizim aramızda rəhbər məşqçi münasibəti yox, əsl dost münasibəti var idi. Elçin müəllim həqiqətləri deyə biləcək qədər şəffaf insandır.

- Premyer Liqadan sonra 1-ci Liqada çıxış etmək komforta nə qədər mane oldu? 

- Mənə görə komfort sözü məşqçiyə yad bir şeydir. Məşqçi daima öz üzərində işləməli və inkişaf etməlidir. 1-ci Liqada isə xüsusilə ilə əzmkarlıq göstərməlisən, onun üslubuna uyğun çalışmalısan. 

- “Şamaxı”dan hansı xatirələrlə ayrıldınız? 

- "Şamaxı"dan ən xoş xatirələrlə ayrılmışam. Rəhbərlikdən tutmuş azarkeşinə qədər hər kəsə təşəkkür edirəm. Hər zaman xoş xatirələrlə yaddaşımda qalacaq bu klub.

- Bu mövsümün əvvəlində İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov hər birimizə "Şamaxı"nın elitada qalma xəbərini verməklə 15 dəqiqəlik üzümüzü güldürdü. Bu məqam klubun, eyni zamanda sizin fəaliyyətinizə nə qədər təsir etdi?

- Az bir müddət olsa da, Elmar müəllim bizi sevindirdi. Daha sonra məlum oldu ki, bu, sadəcə, bir anlaşılmazlıqdır. Təbii ki, təssüf hissi keçirdik. Premyer Liqa ilə 1-ci Liqanın büdcə bazası tam fərqli olduğu üçün artıq biz 1-ci Liqanın planı ilə işimizi qurmağa başladıq. 

- Gələcək karyeranız haqda nə düşünürsünüz?

- Gələcək karyeram, təbii ki, mənim üçün çox önəmlidir. Tez bir zamanda iş başına qayıtmaq istəyirəm. Nə qədər ki, enerjimiz, gücümüz var, daima işləyib inkişaf etmək istəyirəm, eyni zamanda böyük uğurlara imza atmağı hədəfləmişəm. 

- Deyilənlərə görə, sizə Premyer Liqa klublarından təkliflər var.

- Belə bir ehtimallar var idi, bəli. Amma hazırda danışıq apardığım bir klub yoxdur.

- Ötən mövsüm Azərbaycan futboluna gənc məşqçi kimi müsbət mənada rəng qatdınız. Davamını gətirmək nə qədər mümkün olacaq?

- Bu il bizim 1-ci Liqadakı oyunlarımıza baxan mütəxəssislər də yəqin təsdiqləyərlər ki, "Şamaxı" tam başqa bir oyun sərgiləyirdi. Qol sayının göstəricisinə görə komanda liderdir. Ortalama hər oyuna 3 qol vurmuşuq. Mən işlədiyim yerlərdə həmişə yeniliklərlə yaddaşda qalmaq istəmişəm. Və gələcəkdə də bu strategiya ilə davam edəcəyəm. Düşünürəm ki, daha yaxşı işlər görəməyə hazıram. 

- Milli komandadan sual verək. Son günlərin məşhur sualı: milimizi yerli, yoxsa əcnəbi mütəxəssis çalışdırmalıdır?

- Məncə, yerli məşqçiyə şans verilməlidir.

- Sizi millimizin məşqçi heyətində görə bilərikmi?

- Təbii ki, hər bir məşqçi milli komandanın heyətində olmağı arzulayar və bununla yalnız fəxr etmək olar. Hər zaman öz işimlə milli komandanın xeyrinə nələrsə etməyə hazıram. Hər hansı dəvət olarsa, milli komandaya maksimum dərəcədə töhfəmi verməyə hazıram.

28.11.2023 15:24
1655