Elman Rüstəmovun toyuqları da əlindən alınır: “Səba”nı “Chicken Pro” MMC-yə dövr etdi - TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, "Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.

Şirkətdən bildirilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. "Səba" ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı bildirilsə də, onun adı açıqlanmayıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, "Səba" ASC-nin aktivləri "Chicken Pro" MMC şirkəti tərəfindən alınıb.

"Səba"nın aktivləri Hidayət Quliyev (37,5%), Natiq Quliyev (37,5%) və Azərbaycan İnvestisiya Holdinqinə (25%) məxsus idi. Quliyevlərin Mərkəzi Bankın sabiq sədri Elman Rüstəmovun xalası oğlanları olduğu bildirilir.

Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun "sağ əli" adlandırılan Natiq Quliyevin onun çoxsaylı bizneslərinin idarəçisi olmaqla yanaşı, "Səba" ASC, "Biləsuvar Aqro", "Qarabağ Taxıl" və "Bakı Sığorta" şirkətlərinin əsas səhmdarı kimi tanınıb. Bir neçə il əvvəl isə o, öz ad günü ilə bağlı qalmaqallı hadisə ilə gündəmə gəlmişdi. Belə ki, Natiq Quliyev ad günü ilə əlaqədar sosial şəbəkələrdə bir neçə gün təbrik və tərif "yağışına" tutulmuşdu. O zaman bu cür pafoslu təbrik və təriflərin Natiq Quliyevin göstərişi ilə onun rəhbərliyi altında olan şirkət və müəssisələrdə müxtəlif vəzifələrdə çalışanlar tərəfindən yazıldığı qeyd olunurdu. Natiq Quliyevin tabeçiliyində olan və işini itirmək istəməyənlər bu tapşırığa əməl etmiş, bir nəfər isə daha da irəli gedərək onu "Böyük Lider" adlandırmışdı.

Onu da qeyd edək ki, Natiq Quliyevin qardaşları Elçin və Namiq Quliyevlə birlikdə Elman Rüstəmovun Azərbaycanda müxtəlif sahələrə aid biznesini idarə etdikləri də yayılan xəbərlər arasında idi. Bura Rüstəmova aid bəzi bank və şirkətlərlə yanaşı, maşın salonları, restoranlar, şadlıq evləri, quşçuluq təsərrüfatı və sair daxildir.

Musavat.com xəbər verir ki, bu il iyulun sonlarında "Səba" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyi haqda məlumat yayılmışdı.

Məlum olmuşdu ki, yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcək:

1. "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında.

2. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.

3. "Biləsuvar Aqro" MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması haqqında.

4. "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Qarabağ Taxıl" MMC-nin iştirakçısı olduğu "Qarabağ Toxum" MMC-nin nizamnamə kapitalındakı paylarının satılması haqqında.

5. "Səba" ASC-nin mülkiyyətində olan Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən torpaq sahələrinin "Azerbrood" MMC-yə satılması haqqında.

Bundan əvvəl yığıncağın gündəliyinə "Səba" ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması və "Səba" ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət "Chicken Pro." MMC-nin nizamnamə kapitalındakı "Səba" ASC-yə məxsus payların satılması məsələləri daxil idi.

2022-ci ildə Elman Rüstəmovun Mərkəzi Bankdan uzaqlaşdırılmasından sonra onu Nazirlər Kabinetinə az qala ehtiyac olmayan bir vəzifəyə göndərdilər. Bu təyinat baş bankirin göz önündə saxlanmasını təmin etmək üçün atılan addım hesab edilirdi. Bu isə Elman Rüstəmovun 27 ildə qurduğu böyük biznes imperiyasının hər an əlindən alınması təhlükəsinin olduğu anlamına daha çox uyğun gəlirdi. Belə görünür ki, artıq proses başlayıb...

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

20.08.2024 15:11
4558