Elman Paşayevin həbsinin gerçək səbəbi üzə çıxır

Azərbaycanlı hüquqşünas Rusiyada kimin qəzəbinə tuş gəlib? - Bastrıkinə qarşı ittihamlar

Rusiyada saxlanılan keçmiş vəkil Elman Paşayev sentyabrın 18-də Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

Onun barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Elman Paşayev barəsində Rusiya Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda dələduzluq maddəsi ilə cinayət işi başlanıb.

İstintaq məlumatına görə, o, müəyyən məbləğ qarşılığında rusiyalı bloger Yelena Blinovskaya və həyat yoldaşı Alekseyi cinayət məsuliyyətindən azad etməyi vəd edib. Sözügedən məsələ barədə razılaşma bu ilin fevralında keçmiş vəkillə Aleksey Blinovskinin şəxsi görüşü zamanı əldə edilib və Paşayev Blinovskidən 46 milyon rubldan çox vəsait alıb.

Keçmiş vəkili həmin maddə üzrə 1 milyon rubl həcmində cərimə ilə yanaşı, 10 ilə qədər həbs cəzası gözləyə bilər.

Yelena Blinovskayaya gəlincə, o, 905 milyon rubl həcmində vergidən yayınmaqda, eləcə də ödənilməmiş vergilərin böyük bir hissəsinin leqallaşdırılmasında ittiham edilir. Bloger 2023-cü ilin aprelindən ev həbsində olsa da, 2024-cü ilin yanvarında hökmün şərtlərini pozduğuna görə həbs edilib. İstintaq Komitəsinin versiyasına görə, Aleksey Blinovski həyat yoldaşı Yelena ilə bu məsələdə əlbirdir. Lakin o, xüsusi hərbi əməliyyatda iştirak etdiyindən ona qarşı istintaq dayandırılıb.

Maraqlıdır ki, Elman Paşayevin də xüsusi hərbi əməliyyatda iştirakı nəzərə alınmır. Bu məqam həmyerlimizin sifarişlə həbs olunmasına dair iddiaları gücləndirir.

Belə ki, xeyli müddətdir ki, Rusiya mediasında Elman Paşayev rüzgarı əsir. Onun barəsində yayılan məlumatlardan asanlıqla bu qənaətə gəlmək olur ki, əslən azərbaycanlı olan və Rusiyanın məşhur vəkillərindən biri kimi tanınan Elman Paşayev israrlı şəkildə təqib olunur.

Bunu ilk növbədə həmvətənimizə qarşı irəli sürülən ittihamların predmetsiz olması sübut edir. Onu təqib edən, peşə fəaliyyətinə maneçilik törədən, həbs etdirmək istəyənlər nə qədər yüksək mənsəbli və güclü olsalar da sona qədər məqsədlərinə çata bilmirlər.

Tanınmış vəkil saxlanılandan sonra yaxınları Musavat.com-a bildiriblər ki, Elman Paşayevin bəzi yüksək mənsəbli şəxslərlə, konkret olaraq, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastırkinlə problemi var və məhz bu şəxs öz səlahiyyətlərindən istifadə edərək onu təqib edir, dönüb-dönüb necəsə dolaşdırmağa çalışır.

Həmin yazıdan sitat:

“Maraqlıdır ki, hazırda Rusiya-Ukrayna müharibəsində tank ekipajının komandiri kimi döyüşlərdə iştirak edən Paşayevi, necə deyərlər, "frontovik" olması da xilas etmir. Bundan əvvəl ən ağır cinayətlər törətmiş məhkumları belə müharibəyə gedəcəkləri təqdirdə azadlığa buraxan, məhkumluqlarını ləğv edən hakimiyyət orqanları hər hansı bir təqsiri sübut olunmayan, döyüşlərdə bir neçə dəfə yaralanmış hüquqşünas zabiti cəbhədən geri çağırır və həbs edir.

Yaxınlarının dediyinə görə, Elman Paşayev özünə, öz təqsirsizliyinə əmindir və təcrübəli hüquqşünas kimi özünü layiqincə müdafiə edəcək. Bildirilir ki, yaxın günlərdə ən yüksək səviyyədə onun günahsızlığı sübut olunacaq və həmvətənimiz azadlığa buraxılacaq.

Onu da qeyd edək ki, E.Paşayev iştirak etdiyi döyüşlərə görə RF rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilib".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com 

19.09.2024 11:19
1165