Rusiya Cənubi Qafqazda "geopolitik labirint" vəziyyətinə düşüb. Kreml mövcud situasiyadan çıxış variantları axtarır. Ancaq Rusiya siyasi dairələrinin isterik açıqlamaları Kremlə sərfəli variantın mövcudluğuna şübhələri artırır. Və bu səbəbdən də, hazırda Rusiya Cənubi Qafqazda gərginliyin əsas qaynağına, eyni zamanda, birbaşa iştirakçısına çevrilməyə başlayıb.
Təbii ki, Kreml belə "geopolitik labirint"lərə qətiyyən vərdişli deyil. Belə ki, Rusiya adətən, öz hədəflərini rəqiblərə diqtə etməyə üstünlük verir. Son illərdə, xüsusilə də Ukraynada "savaş bataqlığı"na düşdükdən sonra Rusiya artıq əvvəlki şərtləri diqtə etmək imkanlarını itirməyə başlayıb. Və indi Kreml bir çox regionlarda, o cümlədən də Cənubi Qafqazda öz hegemoniyasını qəbul etdirməkdə açıq-aşkar çətinlik çəkir.
Ancaq bütün bunlar hələ başlanğıcdır. Belə davam edərsə, Kremlin mövqeyi yaxın gələcəkdə ümumiyyətlə, heç kim tərəfindən nəzərə alınmayacaq. Əslində, elə indi də Rusiyanın maraqları və hədəfləri artıq bir çox qonşu ölkələr üçün belə, elə bir ciddi əhəmiyyət daşımır. Və belə vəziyyət Rusiya siyasi dairələrini həm qıcıqlandırır, həm də isterik duruma salıb.
Maraqlıdır ki, vaxtilə bütün dünyaya "meydan oxuyan" Rusiya siyasi dairələri artıq şikayətlənməyə başlayıblar. Çünki Rusiyanın regional orbitr statusu artıq mövcud deyil. İndi heç bir region dövləti öz maraqlarını reallaşdırmaq üçün əvvəlcə Rusiyanın reaksiyasını dəqiqləşdirməyə həvəs göstərmir. Ona görə də, son vaxtlar "Moskva göz yaşlarına inanmır" prinsipi də daha keçərli deyil. Çünki hazırda heç kim "Moskvanın göz yaşları"na əhəmiyyət vermir.
Maraqlıdır ki, son vaxtlar Kremli narahat edən əsas məsələ məhz Cənubi Qafqazın tədricən Rusiyanın nəzarətindən çıxmaqda olmasıdır. ABŞ və Qərb Rusiyanın regional vasitəçilik missiyasını iflasa uğradıb. Belə ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə davam edir. Rusiya isə bu prosesə müdaxilə mexanizmlərini itirməkdə davam edir. Və bu səbəbdən də Kreml Cənubi Qafqazda cərəyan edən proseslərdə "aktiv müşahidəçi" durumuna düşüb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qafqaz siyasəti isə Rusiya üçün pessimist nəticələr vəd edir. Çünki Türkiyə lideri dünyanın digər regionlarında olduğu kimi, Cənubi Qafqazda da Rusiyanın sıxışdırılması taktikasına üstünlük verir. Və rəsmi Ankara əmindir ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın hərbi müttəfiqi Türkiyə bu regionda geopolitik siyasi iradə sahibi statusuna malik olmalıdır.
Rusiya isə Türkiyənin Cənubi Qafqaza yerləşmək üzrə olmasından ciddi şəkildə narahatdır. Kremldə tam dəqiqliyi ilə bilirlər ki, Türkiyənin regiona gəlişi Rusiyanın bu bölgədən gedişi anlamı daşıyır. Çünki rəsmi Ankaranın Cənubi Qafqazda dayaq faktorları Rusiyanın bu regionda mövcudluq mexanizmlərindən daha güclüdür. Və Rusiyanın Türkiyə ilə regional rəqabət resursları məhduddur.
Ona görə də, Kreml Türkiyənin Cənubi Qafqaz siyasətinə müqavimət göstərməyə çalışır. Eyni zamanda, Kremldə anlayırlar ki, Türkiyənin regiona yerləşməsi həm də Cənubi Qafqazın NATO bölgəsinə çevrilmə ehtimalını gücləndirir. ABŞ və Qərbin də Türkiyənin Cənubi Qafqaz siyasətinə fəal dəstək verməsinin əsas səbəblərindən biri məhz bu məqamla birbaşa bağlıdır. Və Qərb Türkiyənin Cənubi Qafqaz siyasətinə Rusiyanın bölgədən çıxarılmasına yönəlik hədəflər üzərindən yanaşır.
Əslində, prezident Rəcəb Tayyib Ərdoğanın son açıqlamaları da məhz bu hədəfin reallaşma ehtimalını gücləndirir. Belə ki, Türkiyə lideri Rusiyanın Azərbaycanın Qarabağ bölgəsindən çıxacağı dəqiq tarixi bütün dünyaya rəsmən elan edib. O, bildirib ki, üçtərəfli anlaşmaya görə, rus sülhməramlılar 2025-ci ildə Azərbaycan ərazisindən çıxacaqlar. Üstəlik, Türkiyə lideri bu anonsu məhz NATO sammitində dilə gətirib. Və bununla da Rusiyanı fakt qarşısında buraxıb.
Ancaq Kremlin belə bir niyyətinin olmadığı açıq-aşkar müşahidə olunur. Rusiya Cənubi Qafqazda heç bir mövqeyini itirmək istəmir. Ona görə də, Kreml rus sülhməramlıların Azərbaycan ərazisində dislokasiya müddətinin uzadılmasına cəhd göstərir. Və bu məsələnin həlli ilə bağlı qərar vermək hüququnun yalnız rəsmi Bakıya aid olması isə Kremli çıxılmaz vəziyyətə salıb.
Bütün bunları nəzərə aldıqda, Rusiyanın isterik şəkildə Azərbaycana təzyiq göstərməyə çalışması gözlənilməz deyil. Kreml bu məsələdə o qədər aciz duruma düşüb ki, hətta Azərbaycanın Qarabağ bölgəsində olan erməni separatçı-terrorçulara belə, möhtac qalıb. Hər halda, indi Rusiyanın regional maraqlarını məhz erməni separatçı-terrorçular təmsil etməyə başlayıblar. Bu cinayətkarlar Kremlin sifarişi ilə müxtəlif beynəlxalq qurumlara müraciət edirlər.
Məsələ ondadır ki, erməni separatçı-terrorçular beynəlxalq siyasi iradə mərkəzlərinə müraciətlərlə rus sülhməramlılara BMT-nin mandatının verilməsini tələb edirlər. Kremlin bu oyunu absurd və məntiqsizdir. Hər halda, dünyanın heç bir qurumu beynəlxalq hüquq normalarına qarşı çıxmağa həvəs göstərməz. Beynəlxalq hüquq normalarına görə, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Və Kreml nə qədər məyus olsa da, bu reallığı artıq hətta Ermənistan da rəsmən qəbul edib.
Ona görə də, Kremlin erməni separatçı-terrorçuların müraciətləri ilə rus sülhməramlılara BMT-nin mandatını almaq cəhdləri elə əvvəlcədən iflasa məhkumdur. Çünki BMT rəsmi Bakının razılığı olmadan Azərbaycan ərazisində müvəqqəti olan rus sülhməramlılara mandat verməz. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Rusiya bütün dünyada terrorizmi dəstəkləyən işğalçı ölkə hesab olunur. Yəni, işğalçı Rusiyanın hərbi kontingentinə BMT-nin sülhməramlı qüvvə statusu verməsi Kremlin qeyri-bəşəri davranışlarına "mükafat" olardı.
Kremlin son davranışları, erməni separatçı-terrorçuları açıq şəkildə müdafiə etməsi Azərbaycan və Rusiya ilə imzalanmış müttəfiqlik fəaliyyəti barədə sənədin hüquqi statusunu da artıq şübhə altına alır. Çünki hazırda Rusiya həmin sənədin tələblərinə zidd olaraq, Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini dəstəklədiyini rəsmən etiraf edib. Və rəsmi Bakının bu məqamı mütləq nəzərə alacağı isə qətiyyən şübhə doğurmur.
Əslində, Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında Rusiyanın davranışlarına reaksiya verməklə, Kremlə sərt şəkildə xəbərdarlıq edib. Belə ki, Azərbaycan lideri Rusiya mətbuatında başladılan "hücum kampaniyası"nın rəsmi Bakının siyasi iradəsinə təsir etmədiyini vurğulayıb. Və bu, birbaşa Kremlə ünvanlanmış xəbərdarlıq mesajıdır.
Məsələ ondadır ki, Rusiya mətbuatında Azərbaycana qarşı "hücum kampaniyası"nın məhz Kremlin sifarişi ilə başladığı qətiyyən şübhə doğurmur. Ona görə də, Azərbaycan liderinin Rusiya mətbuatına barmaq tuşlaması, əslində, dolayısı ilə Kremlə verilən sərt reaksiya anlamı daşıyır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu