Cənubi Qafqaz ətrafında qeyri-müəyyən situasiya hələ də öz aktuallığını qoruyub, saxlamaqda davam edir. Belə ki, hazırda regional sülh prosesinin dalana dirəndiyini ön plana çıxaran faktorlar daha qabarıq şəkildə müşahidə olunur. Hər halda, Cənubi Qafqaza birbaşa aidiyyatı olmayan kənar güclərin Azərbaycan və Ermənistan arasındakı sülh müzakirələrinə kobud müdaxilə etməsi inkarolunmaz reallıqdır. Və bu, indiki situasiyada sülh prosesi qarşısında əsas əngəllərdən biri sayılır.
Onu da qeyd etmək lazımdır ki, Cənubi Qafqazda “sülh masası”nı pozmağa çalışan əsas kənar müdaxilə ilk növbədə Fransa ilə birbaşa bağlıdır. Rəsmi Paris bütün imkanlarını hərəkətə gətirib və Ermənistanı sülh prosesindən uzaqlaşdırmağa çalışır. Hətta Fransa bu məqsədinə çatmaq üçün Ermənistanı müasir hərbi texnika ilə silahlandırır, rəsmi İrəvanı cəsarətləndirməyə cəhd göstərir. Və bu baxımdan, Fransanın regional sülh prosesinin önündə əsas bloklayıcı faktorlardan biri olduğu da qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Cənubi Qafqazda yekun sülh sazişinin imzalanmasına əngəl törədən dövlətlərin sırasında Rusiya da yer alır. Belə ki, Kremlin maraqları və mövqeyi Fransa ilə müəyyən qədər uzlaşır. Rusiya da regional mövqelərini qorumaq üçün Azərbaycan və Ermənistan arasında hərbi-siyasi qarşıdurmanın qalmasında maraqlıdır. Ancaq Kremlin yanaşma tərzində Rusiyanın sülh prosesinin inkişaf istiqamətlərinə təsir mexanizmlərinin aradan qalxması da müəyyən qədər rol oynayır. Və “sülh masası”nı tamamilə pozmağa gücü çatmayan Kreml iki ölkə arasında yekun sənədin Rusiyanın iştirakı ilə Moskvada imzalanmasına cəhd göstərir.
Halbuki, ABŞ və Qərb indiki geopolitik qarşıdurma şəritində Rusiyaya Qafqaz masasında yer almaq şansı tanımaq niyyətindən çox-çox uzaqdır. Əksinə, həm ABŞ, həm də Avropa Birliyi hazırda Rusiya-Fransa cütlüyündən fərqli mövqedən çıxış edirlər. Yəni, hər iki beynəlxalq iradə mərkəzi ən qısa zamanda yekun sülh sazişinin imzalanmasında israr edir. Ancaq buna paralel olaraq, Azərbaycan və Ermənistanı yekun sənədi məhz Qərb ölkələrindən birində imzalamağa təşviq etməyə də çalışırlar. Və bununla da Rusiyanı tamamilə Cənubi Qafqazdan sıxışdırmaq üçün prosesin daha həlledici mərhələyə keçirilməsinə cəhd göstərirlər.
Əslində, ABŞ və Avropa Birliyinin Cənubi Qafqazda sülh prosesini belə israrla dəstəkləməsi ümumilikdə pozitiv faktor sayıla bilər. Ancaq burada əsas problem ondan ibarətdir ki, hər iki beynəlxalq siyasi iradə mərkəzi ermənipərəst mövqe tutmaqla yanaşı, həm də tələsik qərarların verilməsinə can atır. Halbuki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün bütün şərtlərin uyğun olması vacibdir. Və hələlik belə bir situasiyanın yarandığını iddia etmək isə qətiyyən mümkün deyil.
Məsələ ondadır ki, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün yalnız bu sənədin mətni üzərində anlaşma qətiyyən yetərli deyil. Halbuki, rəsmi Bakı bu sənədin mətninin yaxın bir ay ərzində razılaşdırılaraq, onun ilin sonuna qədər imzalanmasının mümkünlüyünü istisna etmir. Ancaq rəsmi Bakının hazırda prinsipial tələbi də var. Və həmin tələb yerinə yetirilməzsə, Azərbaycan yekun sülh sazişini təsdiqləmək niyyətində deyil.
Rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının yer almasını hazırda yekun sülh sazişi üçün əsas əngəl hesab edir. Azərbaycan tərəfi Ermənistandan konstitusiyanı dərhal dəyişdirməyi tələb edir. Üstəlik, rəsmi Bakı bu mövqeyini, eləcə də, ondan geri çəkilməyəcəyini ABŞ və Avropa Birliyinin diqqətinə birmənalı şəkildə çatdırıb. Və indi ən qısa zamanda sülh sazişinin imzalanmasını tələb edən Qərb siyasi dairələri mütləq Ermənistana bu barədə müəyyən təzyiqlər göstərmək məcburiyyətində qalıblar.
Maraqlıdır ki, son günlər rəsmi İrəvanın artıq təzyiqlərə məruz qalmış ola biləcəyini biruzə verən müəyyən məqamlar da müşahidə olunmağa başlayıb. Belə ki, rəsmi İrəvan konstitusiyanın dəyişdirilməsi məsələsinin Ermənistanın daxili işi olduğunu vurğulayırdı. Ancaq son günlər Paşinyan hakimiyyəti Ermənistan cəmiyyətinə bu problemin həllinin qaçılmaz olduğunu təbliğ etməyə də başlayıb. Və bu baxımdan, yaxın vaxtlarda Ermənistanda konstitusiya dəyilikliyi ilə bağlı referendumun keçirilmə ehtimalı artmış kimi görünür.
Baş nazir Nikol Paşinyan son açıqlamasında vurğulayıb ki, Ermənistan konstitusiyasının bəzi maddələri ölkənin inkişaf perspektivlərinə ciddi problemlər yaradır. Onun fikrincə, bu problemlər yalnız rəsmi Bakının tələbləri ilə bağlı deyil. Çünki Ermənistan konstitusiyası erməni toplumunun siyasi-ideoloji dünya görüşünün reallıqlara uyğun formalaşmasını da əngəlləyir. Və bütün bu səbəbləri nəzərə alaraq, Ermənistanın yeni konstitusiya ilə fərqli inkişaf mərhələsinə keçirilməsinə ehtiyac var.
Belə anlaşılır ki, rəsmi Bakının qətiyyətli mövqeyi artıq öz təsirini göstərməyə başlayıb. Hər halda, Paşinyan hakimiyyəti Ermənistan konstitusiyasının hazırda ciddi problem qaynağı olduğunu açıq mətnlə etiraf edir. Yəni, rəsmi İrəvan istənilən halda, onu mütləq dəyişmək məcburiyyətində qalacaq. Əks halda, Ermənistanın yekun sülh sazişi imzalayaraq, indiki blokada şəraitindən xilas olması mümkün deyil.
Bu, o deməkdir ki, Cənubi Qafqazda bütün geopolitik təsir faktorlarını öz əlində cəmləşdirən rəsmi Bakı həm Ermənistana, həm də ABŞ və Avropa Birliyinə öz şərtlərinin diktə edir. Ermənistan və onun beynəlxalq himayədarları isə bu şərtləri qəbul etməyə məcbur qalıb. Və bu baxımdan, ehtimal etmək olar ki, əgər, rəsmi İrəvan Ermənistan konstitusiyasını yaxın vaxtlarda dəyişdirərsə, Azərbaycanla sülh sazişi də mümkün ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu