Əliyev qəti qərarını rəsmən elan etdi: Xankəndidə ajiotaj və gerisayım başladı

Prezident İlham Əliyev “təlxək yığını” adlandırdığı erməni separatçılara  Azərbaycan dövlətinin səbrini sınağa çəkməməyi məsləhət görüb, onların rəsmi Bakı “dövlət-dövlət oyunu” oynamaq istəyi baş tutmayacaq... Əgər, Xankəndi və ətraf bölgədəki ermənilər Azərbaycanda yaşamaq istəyirlərsə, təcili öz təmsilçilərini Bakıya göndərməlidirlər, vətəndaşlığı qəbul edib, dövləti ilə hüquqi problemlərinin həllinə çalışmalıdırlar, əks halda, alternativ variant qaçılmaz olacaq... 

Azərbaycan Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibi olduğunu qəbul etdiyi qərarlarla, yürütdüyü regional siyasətlə birmənalı şəkildə sübuta yetirib. İndi Cənubi Qafqazda maraqları olan bütün dövlətlər və beynəlxalq qurumlar istənilən halda, rəsmi Bakı ilə mütləq anlaşmaq məcburiyyətindədir. Və bundan sonra “erməni faktoru”ndan Azərbaycana qarşı istifadə olunması da qeyri-effektiv geopolitik seçim xarakteri daşıyır.

Rəsmi Bakı “erməni faktoru”nun beynəlxalq siyasi iradə mərkəzləri üçün əhəmiyyətsiz alətə çevrilməsinə nail olduğunu qətiyyən gizlətmir. Belə ki, Azərbaycanın rəsmi dairələri “erməni faktoru” üzərindən göstərilən xarici təzyiqlərə sərt reaksiya verir. Və üstəlik, buna cəhd göstərən dövlətlərin regional maraqlarını da dərhal bloklayır.

Bu, o deməkdir ki, Cənubi Qafqazda yalnız Azərbaycanın geopolitik iradəsi keçərlidir. Ermənistan isə sadəcə, gələcək taleyi qeyri-müəyyən xarakter daşıyan qondarma ölkədən başqa bir şey deyil. Erməni toplumunda son vaxtlar ən yüksək həddə çatan radikalizm və revanşizm isə yalnız Ermənistanı fəlakətə sürükləyə biləcək amildir. Və bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin bu barədə açıqlamasına Ermənistanın siyasi elitası daha həssas yanaşmaq məcburiyyətindədir.

00910f44-60a0-460f-b4f0-0a08613795df.jpg (260 KB) 

Məsələ ondadır ki, Prezident İlham Əliyev Ermənistanda Azərbaycan Bayrağının yandırılmasına görə, məhz Paşinyan hakimiyyətinin məsuliyyət daşıdığını vurğulayıb. Azərbaycan lideri belə davranışların Ermənistan üçün fəlakətli nəticələr doğura biləcəyi barədə də xəbərdarlıq edib: "Bayraq yandırmaqla, ermənilər yalnız öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdirdilər... Bir gün gözlərini açıb, Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər...”

Bu, o deməkdir ki, rəsmi Bakı Ermənistana səbrinin sona çatmaq üzrə olduğunun açıq mesajını verir. Rəsmi Bakı uzun müddət gözləmək niyyətində deyil, Ermənistan yekun sülh sazişini ən qısa zaman ərzində imzalamalıdır. Əks halda, bu məsələni Azərbaycan ordusu təkbaşına həll etməli olacaq. Və bu halda, indiki anlaşma şərtləri Ermənistan üçün daha da ağırlaşacaq.

Prezident İlham Əliyev də vurğulayıb ki, Ermənistanın rəsmi Bakının şərtlərini qəbul etməkdən başqa çarəsi yoxdur. Azərbaycan liderinin problemin həllinə yönəlik mövqeyi konkretdir. Vaxtilə baş nazir Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” demişdi. İndi erməni baş nazir “Qarabağ Azərbaycandır və nida” deməlidir. Ardıncasa, sülh sazişini imzalamaqla, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır. Və bundan sonra regionda sülh, sabitlik dövrünün hökm sürəcəyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, rəsmi Bakı “Qarabağ məsələsi”nin Azərbaycanın daxili işi olduğunu artıq dəfələrlə bəyan edib. Bu məsələnin birmənalı şəkildə Azərbaycan Konstitusiyası çərçivəsində həll olunacağı ilə bağlı prinsipial mövqe tutur. Və hər hansı xarici iradə mərkəzinin bu prosesə müdaxilə etməsinə də imkan vermir.

553ca3cd-f6e8-4b12-8e68-cdd0639acd79.jpg (258 KB) 

Prezident İlham Əliyevin “Biz Azərbaycan ərazilərinin tam sahibi olduğumuzu bütün dünyaya sübut etmişik” məzmunlu açıqlaması geopolitik oyunlara həvəs göstərən beynəlxalq güclərə, o cümlədən də, Rusiyaya sərt mesajdır. Rəsmi Bakı Azərbaycan əraziləri üzərindən regional oyunlar qurmaq istəyənlərə belə bir imkanın verilməyəcəyinə yönəlik açıq xəbərdarlıq edir. Və bu baxımdan, hələ də himayədarlarının dəstəyinə ümid bəsləyən erməni separatçıları üçün geriyə sayımın başlandığı qətiyyən şübhə doğurmur.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Xanəkəndi və ətraf bölgədə olan erməni separatçılara son xəbərdarlığını edib. Hazırda bölgənin ətrafı Azərbaycan ordusunun tam nəzarəti altındadır. Əgər, Azərbaycan ordusu hərəkətə gətirilərsə, cəmisi bir neçə saat ərzində erməni separatizmi ilə bağlı mövzu birdəfəlik gündəmdən çıxarıla bilər.

Ancaq rəsmi Bakı hələlik məsələnin dinc yollarla həlli istiqamətində bütün imkanları sınaqdan çıxartmaq niyyətindədir. Prezident İlham Əliyev də bildirib ki, bölgədəki ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da yaşamaq üçün özlərinə başqa yer tapmalıdırlar. Və ermənilərlə Azərbaycanın mərkəzi hakimiyyət dairələri arasında müzakirələr də məhz bu mövzuda aparıla bilər.

Rəsmi Bakı bu məqsədlə artıq iki dəfə ermənilərə danışıqlar təklif edib, onları Azərbaycan paytaxtına çağırıb. Ancaq erməni separatçılar buna razılaşmayıblar. Halbuki, erməni separatçılar artıq onu da anlamağa başlayıblar ki, rəsmi Bakıdan üçüncü dəfə təklif gözləmək şansları yoxdur və bu, olmayacaq. Və rəsmi Bakı məsələni sadəcə, Azərbaycan ordusu üzərindən həll edəcək.

2b76e4d189a0fd6d58d12f09b4eea6ff.jpg (158 KB) 

Ona görə də, indi erməni separatçılar qorxuya düşüblər. Təxirə salınmaz humanitar problemlərin həlli üçün Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə görüş təklif ediblər. Halbuki, erməni separatçılar onu da anlamalıdırlar ki, onlar görüşün mövzusunu və yerini müəyyən etmək hüququna malik deyillər. Əgər, hır hansı  görüş olacaqsa, rəsmi Bakının şərtləri və rus sülhməramlıların iştirakı olmadan keçirilməlidir. Rus sülhməramlıların Azərbaycanın daxili işlərinə qarışmaq səlahiyyəti yoxdur.

Prezident İlham Əliyevin bu barədə dedikləri erməni separatçılar üçün son şans hesab oluna bilər. Erməni separatçıları “təlxək yığını” adlandıran Prezident İlham Əliyev onlara Azərbaycan dövlətinin səbrini sınağa çəkməməyi də məsləhət görüb. Yəni, rəsmi Bakı erməni separatçıların “kaprizlər”inə uzun müddət səbr etmək niyyətində deyil. Və bu baxımdan, erməni separatçılar rus sülhməramlıların onların toxunulmazlığını təmin edəcəyinə inanmaqla, böyük səhv buraxırlar.

Bütün bunlar onu göstərir ki, erməni separatçılar artıq yolun sonuna gəlib, çatıblar. Onların rəsmi Bakı ilə “dövlət-dövlət oyunu” oynamaq istəyi baş tutmayacaq. Əgər, Xankəndi və ətraf bölgədə yaşayan ermənilər “humanitar problemlər”inin həllini istəyirlərsə, öz təmsilçilərini Azərbaycan paytaxtı Bakıya göndərməlidirlər. Əvvəlcə, Azərbaycan dövləti ilə hüquqi problemlərini həll etmək üçün vətəndaşlığı qəbul etməlidirlər. Bu halda, onların hər hansı “humanitar problemi” də qalmayacaq. Əks halda, alternativ variant kimi, özləri üçün başqa yaşayış yeri axtarmaqlı olacaqlar.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

19.04.2023 19:16
4145