Əliyev Paşinyana vaxt verib, İrəvan öhdəlik götürüb: ABŞ, Avropa Birliyi, Fransa və Rusiya isə bloklanacaq

ABŞ və ya Avropa Birliyinin Azərbaycan-Ermənistan yekun sülh sazişində imza atan üçüncü tərəf olması Cənubi Qafqazı uzunmüddətli perspektivdə Qərbdən asılı vəziyyətə düşürə biləcək önəmli faktordur... Ona görə də, rəsmi Bakının Azərbaycan və Ermənistandan başqa, hər hansı üçüncü tərəfin iştirakı ilə həmin sənədin imzalanmasına razılaşa biləcəyi hazırda qətiyyən inandırıcı görünmür...

Cənubi Qafqaz regionunda başladılmış sülh prosesinin ətrafında beynəlxalq manipulyasiyalar hələ də davam edir. Rəsmi İrəvan bu mövzunu Ermənistana səfər edən hər bir xarici qonaqla müzakirə etməyə cəhd göstərir. Üstəlik, Paşinyan hakimiyyəti xarici qonağın statusunu və onun təmsil etdiyi ölkənin Cənubi Qafqazdakı sülh prosesinə təsir imkanlarını belə, nəzərə almağa ehtiyac duymur. Və nəticədə regional sülh prosesi siyasi manipulyasiyalar predmetinə çevrilmiş olur.

Onu da qeyd etmək lazımdır ki, Qafqaz sülh masası üzərindən ən çox siyasi manipulyasiya edən beynəlxalq güc mərkəzləri arasında ABŞ və Avropa Birliyi ön planda yer alır. Halbuki, nə ABŞ-ın, nə də Avropa Birliyinin indiyə qədər Qafqaz sülh prosesinə hər hansı pozitiv təsiri olmayıb. Əksinə, bu iki beynəlxalq siyasi iradə mərkəzi Azərbaycan və Ermənistan arasında sülh prosesinə müdaxilə etdikcə, yekun sazişin imzalanması imkanları məhdudlaşmış olur. Və bununla da, həm ABŞ, həm də Avropa Birliyi hazırda Cənubi Qafqazda sülh prosesi qarşısında əngəlləyici faktor rolunu oynayır.

Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin rəsmi təmsilçisi Metyü Miller Azərbaycan və Ermənistan arasındakı sülh danışıqları ilə bağlı növbəti ənənəvi açıqlamasını verib. Ağ Ev rəsmisi Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması tamamilə mümkündür: "Ancaq bu anlaşma qəliz kompromislər də tələb edir. "

e2e65d887dc9002ace9fce24d89dc82a.jpg (227 KB)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sonuncu Vaşinqton görüşündə müəyyən proqresə nail olunduğunu iddia edən Metyü Miller onu da vurğulayıb ki, yekun pozitiv nəticə üçün tərəflərin olduqca çətin seçimə də hazır olmalıdırlar: "Biz tərəfləri mövcud ziddiyyətlərin həllinə sövq etməyə çalışırıq".

Əslində, Ağ Ev rəsmisinin açıqlaması Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının bu qədər uzanmasının əsl səbəblərindən biri ortaya çıxmış olur. Belə ki, ABŞ təmsilçisi hər iki tərəfi mövcud ziddiyyətlərin həllinə sövq etməyə çalışdıqlarını vurğulayır. Və münaqişə tərəflərinin ağır seçim məcburiyyətindən danışır.

Cənubi Qafqazdakı sülh prosesi qarşısında olan əsas əngəllərdən biri də məhz elə bundan ibarətdir. Yəni, Cənubi Qafqaza heç aidiyyəti olmayan ABŞ və Avropa Birliyi sülh prosesinə kobud şəkildə müdaxilə edirlər. Nəticədə münaqişə tərəfləri öz aralarında ikitərəfli təmaslar sayəsində daha qısa müddətdə anlaşmaq imkanlarından uzaq düşürlər. Və bu, sülh prosesinə dəstək bəhanəsi altında ikitərəfli anlaşma şansını əngəlləmək anlamı daşıyır.

Məsələ ondadır ki, ABŞ da, Avropa Birliyi də Cənubi Qafqazda davamlı sülh imkanlarının axtarışında deyil. Bu iki dünya nəhəngini birmənalı şəkildə özlərinin geopolitik maraqları düşündürür. ABŞ və Avropa Birliyinin regional maraqları üçün isə Cənubi Qafqazda hərbi-siyasi gərginliyin qalması daha çox vacibdir. Və hazırda məhz bu istiqamətdə cəhdlərin göstərildiyi də qətiyyən şübhə doğurmur.

ee5b2c60a3266c63e030d04215a729e1.jpg (189 KB)

Xatırladaq ki, son vaxtlara qədər həm Bakıdan, həm də İrəvandan verilən açıqlamalarda yekun sülh sazişinin imzalanması üçün olduqca geniş imkanların açıldığı etiraf olunurdu. Hətta vurğulanırdı ki, sülh sazişi mətnində əsas prinsipial məsələlər üzərində anlaşma böyük ölçüdə əldə olunub. Ancaq nə qədər qəribə də olsa, ABŞ rəsmisi "qəliz kompromislər"dən danışır və bunu detallı izah etməyə isə həvəs göstərmir. Və bu, münaqişə tərəflərinin problem tapmadıqları situasiyada Qərb, o cümlədən də, ABŞ onu yaratmağa çalışır.

ABŞ və Avropa Birliyinin bu davranışlarının arxasında birmənalı şəkildə geopolitik maraqlar dayanır. Əsas məqsəd sülh prosesini uzatmaq, eyni zamanda, Azərbaycan və Ermənistan arasındakı danışıqlarda həm ABŞ-ın, həm də Avropa Birliyinin vasitəçilik fəaliyyətini imitasiya etməkdən ibarətdir. Çünki bu imitasiya daha sonrakı mərhələdə ABŞ və Avropa Birliyinə yekun sülh sazişinin imzalanmasında birbaşa iştirak perspektivi də aça bilər. Və xüsusilə də, ABŞ-ın yekun sülh sazişində imza atan üçüncü tərəf olması isə həm Azərbaycanı, həm də Ermənistanı uzunmüddətli perspektivdə Ağ Evdən asılı vəziyyətə düşürə biləcək önəmli faktordur.

Təbii ki, rəsmi Bakı bütün bu siyasi manipulyasiyaların əsas hədəfinin nədən ibarət olduğunu tam dəqiqliyi ilə anlayır. Ona görə də, rəsmi Bakının ümumiyyətlə, hər hansı üçüncü tərəfin iştirakı ilə yekun sülh sazişinin imzalanmasına razılaşacağı qətiyyən inandırıcı görünmür. Yəni, Azərbaycan ikitərəfli danışıqlara üstünlük verir. Yekun sülh sazişinin də məhz iki ölkənin - Azərbaycan və Ermənistanın iştirakı ilə imzalanmasında israrlı olacağı qətiyyən şübhə doğurmur. Bu baxımdan, yekun sülh sazişinin altında yalnız Azərbaycan və Ermənistan liderlərinin imzalarının olacağını elə indidən təxmin etmək mümkündür.

Belə anlaşılır ki, rəsmi Bakı ABŞ, Avropa Birliyi, Fransa və ya Rusiyanın vasitəçiliyinin olduğu şəraitdə Ermənistanla yekun sülh sazişini imzalamaz. Ona görə də, adları sadalanan dövlətlərin və beynəlxalq qurumların siyasi manipulyasiyaları iflasa məhkumdur. Əgər, Ermənistanın siyasi idarəçiliyini ABŞ və Avropa Birliyinə təslim etmiş rəsmi İrəvan Qərbin təlimatlarına uyaraq, bundan fərqli mövqeyə üstünlük verərsə, onda, Azərbaycanla yekun sülh sazişini hələ uzun müddət gözləməli olacaq. Və Ermənistanın gələcək taleyi də həmin sənədin imzalanmasına qədər ciddi təhlükə qarşısında qalacaq.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

Göründüyü kimi, ABŞ rəsmisinin iddiasından fərqli olaraq, Azərbaycan və Ermənistan arasında elə bir qəliz situasiya mövcud deyil. Azərbaycan savaşda tarixi zəfər qazanıb və öz beynəlxalq hüquqla tanınmış sərhədlərini bərpa edib. İndi rəsmi İrəvan mövcud reallıqları nəzərə alaraq, Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində irəli sürdüyü beş təməl prinsip əsasında yekun sülh sazişini imzalamağa məcburdur. Və bunu Paşinyan hakimiyyəti də anlamamış deyil.

Hər halda, rəsmi İrəvanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyanın dəyişdirilməsinə razılaşması da belə düşünməyə əsas verir. Ermənistan mətbuatında hakim partiyadakı mənbəyə istinadən yayılan məlumatlara görə, baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyanın dəyişdirilməsi üçün Azərbaycan prezidenti İlham Əliyevdən vaxt istəyib.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti növbəti seçkilərə qədər Ermənistan konstitusiyanın dəyişdirilməsini vəd etdiyi siyasi nəticə baxımından, təhlükə hesab edir. Ona görə də, rəsmi İrəvan növbəti parlament seçkilərindən dərhal sonra Ermənistan konstitusiyanı dəyişmək barədə öhdəlik götürüb. Üstəlik, bu barədə rəsmi Bakını da məlumatlandırıb. Və Azərbaycanın rəsmi dairələrinin bu məsələyə münasibəti yəqin ki, ən yaxın vaxtlarda veriləcək reaksiya ilə məlum olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

16.07.2024 19:30
2312