Əliyev-Paşinyan görüşü ərəfəsi Qarabağa beynəlxalq missiya yollamaq cəhdi - hədəf...

ABŞ diplomatının “missiya” anonsu hansı məqsədə xidmət edir - Qərb barışdırmaq istəyir, yoxsa qarışdırmaq? Ekspertlər deyirlər ki...

Azərbaycanın 44 günlük Zəfərini ötən üç il ərzində həzm edə bilməyənlər bu dəfə də narahatdırlar. Ordumuz bir günlük uğurlu antiterror tədbirləri keçirməklə, lokal zərbələr endirməklə Qarabağda himayədarlarının dəstəyi ilə kök salmış terrorçu qüvvələri param-parça etdi. İndi də ərazi bütövlüyümüzün təmin olunması əməliyyatı ayrı-ayrı ermənipərəst çevrələrin boğazında “sümük” kimi tıxanıb.

Təəccüb doğuran budur ki, qaşınmayan yerdən qan çıxarmaq istəyənlərin qarşısında yenə də ATƏT-in Minsk Qrupunun artıq arxivə göndərilmiş həmsədrləri, Qərb dövlətləri dayanır. “ABŞ yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatını razılaşdırmaq niyyətindədir”. Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. O qeyd edib ki, ölkəsi Azərbaycanın ev sahibliyi etməyə hazır olmasından məmnundur: “Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik”. Miller əlavə edib ki, ABŞ Azərbaycan hökumətinin sözün əsl mənasında verdiyi bəyanatı alqışlayır. Yada salaq ki, sentyabrın 27-də Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Paueri, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimi və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edərkən rəsmi Bakının ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirib. Miller hansı missiyadan danışır və hansı müddətə? Hansı ölkələrin nümayəndələrindən söhbət gedir? Oktyabrın 5-də Qranadada (İspaniya) liderlərin “beşli” sammiti ərəfəsi bu missiyanın Azərbaycan üçün önəmi və sülh prosesinə mümkün təsiri. Rusiyalı tanınmış analitik və hərbi ekspert İqor Korotçenko deyib ki, Oərb (ABŞ və AB) bu yolla Bakını öz missiyasının girovuna çevirmək və regionda hərbi məğlubiyyətə uğramış separatçıların qalıqlarını dəstəkləmək istəyir. “Nə Rusiya, nə də Azərbaycan Cənubi Qafqazda guya diplomatik və humanitar missiya adı altında xarici kəşfiyyat və təxribatçıların olmasında qəti maraqlı deyil. Eyni şey Avropa İttifaqı və ABŞ-dən olan hərbi kontingentlərə də aiddir”, - deyə o vurğulayıb. Ekspertlər nə düşünür, belə bir təhlükə varmı?

Yazarlar Məhəmməd Əsədullazadə

Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, ABŞ-nin Beynəlxalq missiyanı Qarabağa göndərmək istiqamətində siyasətinin əsasında Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini izləmək və Azərbaycanın Qarabağ ərazisində fəaliyyətinə maneə yaratmaq siyasəti dayanır: “Artıq ermənilər özləri könüllü çıxıb gedir. ABŞ beynəlxalq missiya təşkil etməklə, buraya Fransa və Qərbin ermənipərəst dairələrini buraya cəlb etmək istəyir. Sonra Qarabağdan gedən ermənilərə yüksək vəsait ayırmaqla onları Qarabağda yenidən qaytarmaq planı var. Bunun ardınca isə regionda missiya adı altında qalmaq... Nəticədə Rusiya sülhməramlı qüvvələrinin çıxarılmasına nail olduqdan sonra regionda yarım hərbi missiya ilə qalaraq ermənilərə ”status" tələb etməklə bağlı mövqeyini saxlamaq kimi çox məkrli plan var". Ancaq ekspert əmindir ki, Azərbaycan Qarabağa məhz BMT çərçivəsində monitorinq qrupunu buraxacaq: “Digər ölkələrin humanitar missiya adı ilə Qarabağa daxil olması milli təhlükəsizliyimiz təhdid edir. ABŞ erməni lobbisinin təsiri ilə bunu etməklə regionda növbəti problemi körükləyə bilər. Əgər ermənilər özləri könüllü çıxıb gedirsə, onları məcburi geri qaytarmaq proqramı onların hüquqlarını pozacaq. Hesab edirəm ki, Azərbaycan buna icazə verməyəcək. Ümumiyyətlə, hazırda diqqət Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar gedir. Bu ərəfədə Ermənistanda rəvanşist açıqlamalar verilir. ABŞ regionda sülh üçün çalışırsa, erməni cəmiyyəti ilə işləməli və belə bir siyasətə son verilməsini tələb etməlidir. Qeyd edim ki, Ermənistanla Azərbaycan arasında danışıqlar prosesi başlayır. Sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar aparılacaq”. M.Əsədullazadə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin keçirdiyi görüşünün davamı olaraq Qranadada baş tutacaq danışıqları həlledici sayır. Hesab edir ki, bu görüş ərəfəsi ABŞ Qarabağ məsələsini gündəmə gətirməklə rəvanşistərin əllərinə oynayır: “İlk növbədə proses iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına yönəlməlidir. Əsas budur. Əgər, bu istiqamətdə çalışmasa regionda siyasəti uğurlu olmayacaq”.

İlham İsmayılın oğlu saxlanıldı - FOTO

Təhlükəsizlik eksperti İlham İsmayıl “ABŞ və onun müttəfiqlərinin müşahidə missiyasında israrlı görünməsinin əsasında nə dayanır? Kosovo variantımı?”-suallarına cavab axtarmağı vacib sayır. Onun sözlərinə görə, Kosovonu tərk edənləri də Qərb beynəlxalq təminat adı ilə geri qaytarıb Kosovonu müstəqil dövlət kimi  tanıdı: “Qarabağdakı mövcud vəziyyət Kosovo ilə eyni olmasa da, Qərbin müşahidə missiyasının xoşməramlı olması şübhəlidir. Azərbaycan Bakıda fəaliyyət göstərən BMT nümayəndəliyinin rezident-kordinatorunun müşahidə missiyasını həyata keçirməsinə etiraz etmədiyini bildirib, amma görünür bu format ABŞ-ni qane etmir və daha geniş heyətlə fəaliyyətə başlamağı planlaşdırır. Əgər Azərbaycan dövlət strukturları hələ Xankəndidə və Rusiya sülhməramlılarının hələlik nəzarət etdikləri digər ərazilərdə fəaliyyətə başlamayıblarsa, müşahidə missiyası nəyi müşahidə etmək istəyir? 24 saatlıq lokal əməliyyat bitib, tərksilah prosesi gedir, erməni əhalisinin nümayəndələri ilə humanitar və digər məsələlərlə əlaqədar görüşlər keçirilir, separatçı rejim özünü buraxdığını elan edib. Qarabağ ermənilərini köçməyə biz deyil, məhz erməni ”başbilənlər" özləri məcbur edir ki, Azərbaycanı yalançı “etnik təmizləmə”də ittiham edib beynəlxalq məhkəməyə versinlər və sairə. Azərbaycan dövlət strukturlarının Xankəndi və ətrafında fəaliyyəti isə hələlik rəsmən mövcud deyil. Kənardan humanitar yardım müxtəlif qurumların simasında davam edir. Yaxşı olar ki, müşahidə missiyası qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsini müşahidə edəydi, çünki sonuncu əməliyyatın baş vermə səbəbi onlarla bağlı olub". İ.İsmayıl Moderator.az-a bildirib ki, Azərbaycan qərəzsiz müşahidə missiyasından çəkinmir, əksinə, onların obyektiv mövqe tutmaqla ermənilərə göstərdiyi humanitar yardımlara, perspektivdə isə tam təhlükəsizliklərinin təmin edildiyinə, hüquqlarının qorunmasına şahidlik etməsini istəyir: “Təəssüf ki, Samanta Pauer Gorusda müsahibə verərkən Azərbaycanı ittiham edəcək sübutlar axtardığını və perspektivdə ABŞ Prezidenti Baydenə məruzə edib hansı qərarların qəbul ediləcəyindən danışır. Hər zaman olduğu kimi indi də Qərb mediası ”etnik təmizləmə"dən danışır, Ermənistan ərazisinə daxil olmuş Qarabağ ermənilərindən müsahibə alıb,  onların yalanlarını tirajlayırlar. Biz Qərbin bu ikili standartlarına adət etmişik, bizim üçün yenilik deyil... Azərbaycan üçün ilin sonunadək həqiqətən fürsət zamanıdır. Üç ay ərzində Azərbaycan Qarabağın erməni əhalisinə humanitar yardımlarını genişləndirməli və sosial proqramlarını elan edib, həm də Azərbaycan Konstitusiyası çərçivəsində hüquqlarınının qorunduğunu praktiki şəkildə həyata keçirməlidir. Azərbaycan Respublikası Əmlak Komitəsinin tezliklə Xankəndidə fəaliyyətə başlayıb yerli əhalinin əmlaklarını qeydiyyata alması ilk addımlardan olmalıdır. Açığını deyək ki, hazırda erməniləri daha çox əmlakları, evləri, bir sözlə şəxsi mülkiyyətləri düşündürür. Sabah bir erməninin əmlakına qanuni sahib olduğu və onu satdığı nümunə olaraq çox tərəddüdləri aradan qaldıracaq. Biz bunu zamanında -Birinci Qarabağ müharibəsində də görmüşük və ermənilər mülkiyyətləri ilə bağlı özlərinin qərar verdiyini biləndə situasiya tamam dəyişəcək, o zaman yalançı “etnik təmizləmə” keçməyəcək..."  Ekspert əmindir ki, beynəlxalq müşahidə missiyası bizim üçün problem yarada bilməz: “Əlbəttə, missiyanın azsaylı tərkibi və fəaliyyət müddəti Azərbaycanla razılaşdırılmalı və heç bir hərbi strukturun daxil olmasına imkan verməməliyik. Qeyd edək ki, Rusiya hərbi kontingenti də Qarabağda qaldığı müddətdə oraya başqa ölkənin hərbi heyətinin daxil olmasına etiraz edəcək. Beynəlxalq müşahidə missiyasının yekun rəyinin bizim üçün müsbət və ya mənfi məzmun daşımasından asılı olmayaraq  nə siyasi, nə də hüquqi xarakteri yoxdur”. İ.İsmayıl bu fikirdədir ki, yekun mərhələyə daxil olan Qarabağ məsələsi yalnız Azərbaycanı deyil, dünyanı da rahatlatdı: “Müşahidə missiyaları, hansısa bəyanatlar erməni gözündən pərdə asmaq üçündür, sadəcə, bu pərdə arxasından onların bir daha Azərbaycan torpaqlarına baxa bilməsinə imkan verilməməlidir”.

Ermənistan bir dövlət kimi tarix səhnəsindən silə bilər – Qafar Çaxmaqlı |  Hafta.az

Ermənişünas alim Qafar Çaxmaqlı isə “Yeni Müsavat”a bildirdi ki, Qarabağda Rusiya sülhməramlılarının nəzarət zonasında Azərbaycanın antiterror əməliyyatlarından sonra Ermənistanın sülh məsələsinə daha konstruktiv yanaşması gözlənilir və Ermənistanfakı siyasi analitiklər Paşinyanın Qranadaya hazırlıqlı gedəcəyini düşünürlər: “Görüş ərəfəsində ABŞ dövlətinin önəmli siyasi xadimlərinin Azərbaycan təmasları da göstərir ki, proses nəzarətdə saxlanılır və Qərb məsələnin həllində əvvəlki təşəbbüslərdən daha maraqlı görünür. Qarabağa missiyanın göndərilməsi məsələsi də gündəmə gələ bilər və bundan ən azından Azərbaycan narahat olmamalıdır. Biz bölgədə heç bir beynəlxalq qanunları pozmuruq və əgər Qarabağ bölgəsindən ermənilər könüllü şəkildə çıxıb gedirlərsə, qərblilərə də anlaşılcaqdır ki, bu münaqişənin həllinə, Ermənistanla Azərbaycan arasında münasibətlərə müsbət təsir göstərəcək. Biz bu missiyanın hansı xarakterli olduğu üzərində çox da baş sındırmamalıyıq”. Politoloqun sözlərinə görə, ABŞ dövlətinin kəşfiyyat aparmaq, məlumat toplamaq imkanları məhdud deyil ki, bu iş üçün bəhanə edib hansısa misdoyanı yaratsın: “Əsas sülh prosesinə ediləcək təsirlər hesaba alınmalıdır. İndiki halda bu prosesi tormozlayan Ermənistan idi və hansısa yollarla Qarabağda yaşayan erməni əhaliyə ”haqlar" almaq və onların “təhlükəsizlik mexanizmləri” barədə miflər uydururdu. Bu məsələ artıq yoxdur. İndi sülh prosesini irəli aparmaq üçün 3 ildən bəri Ermənistanın komunokadiyaların açılması ilə bağlı dirənişi aradan qaldırılmalıdır. Hər halda Amerika Zəngəzur koridoru məsələsində tərcihini etməlidir. İran , yoxsa Ermənistan? Bizi qarşıda siyasi sürprizlər gözləyə bilər".

ABŞ və Avropanın növbəti missiya oyunbazılığını davam etdirdiyi günlərdə Azərbaycan polisinin Xankəndi və digər ərazilərdə asayişi təmin etməsini, Azərbaycan ordusunun terrorçuluğun son izlərini təmizləməklə bağlı ayıq-sayıq hərəkətlənməsini müşahidə etmək qürurvericidir. Hərbi Qənimətlər Parkına yeni eksponatlar gətirilir, yad torpağında qanunsuz məskunlaşan ermənilər dinc şəkildə çıxıb gedirlər, nə missiyabazlıqdır?! Nəhayət, ABŞ diplomatının “missiya” anonsu hansı məqsədə xidmət edir, Qərb barışdırmaq istəyir, yoxsa qarışdırmaq?

E.PAŞASOY,
“Yeni Müsavat”

30.09.2023 11:30
1900