Əliyev Münhendə Qərbə Azərbaycanın siyasi iradəsini qəbul etdirdi: Bakı "sülh masası"nı təkbaşına nəzarətə götürdü

Prezident İlham Əliyev Cənubi Qafqazda sülh prosesinin formatını dəyişdirdi, bəzi qərəzli ermənipərəst beynəlxalq siyasi iradə mərkəzləri vasitəçilikdən kənarlaşdırıldı... İndi Azərbaycan həm regional sülh prosesinin şərtlərini, həm də onun formatını məhz təkbaşına müəyyən edir, Qərb isə bu reallığı qəbul etmək məcburiyyətində qalıb...

Azərbaycanın beynəlxalq məkanda mövqeyi güclənməkdə davam edir. Son vaxtlar baş verən hadisələr də bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkilərindən öncə rəsmi Bakıya təzyiq göstərməyə çalışan, əsassız və qərəzli ittihamlar irəli sürən Qərb ölkələrinin qısa müddət ərzində mövqelərini dəyişməsi qətiyyən təsadüfi deyil. Çünki Prezident İlham Əliyevin seçki qələbəsindən sonra Qərb ölkələri bir-birinin ardınca Azərbaycan liderini təbrik etməyə başladılar və intensiv əməkdaşlığa ümid bəslədiklərini vurğuladılar.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Məsələ ondadır ki, erməni narrativlərini dəstəkləsələr də, Qərb ölkələrinin, xüsusilə də, Avropa Birliyi üzvlərinin Azərbaycana ehtiyacı var. Azərbaycan dünyanın ən önəmli enerji qaynaqlarından biridir. Coğrafi mövqeyinə və geopolitik əhəmiyyətinə görə Azərbaycan Qərb ölkələri üçün vazkeçilməz ölkə kateqoriyasına aiddir. Azərbaycan hazırda Avropa Birliyi üçün enerji təhlükəsizliyi üzrə olduqca önəmli tərəfdaşdır. Üstəlik, Azərbaycan yaxın gələcəkdə Avropa və Asiya qitələri arasında əsas nəqliyyat-kommunikasiya qovşağına çevrilmək potensialına da sahibdir.

Təbii ki, Azərbaycanın digər geopolitik və geoiqtisadi üstünlüklərini də nəzərə aldıqda, rəsmi Bakı ilə pozitiv dialoq Qərb ölkələrinin maraq dairəsinə daxildir. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında keçirdiyi yüksəksəviyyəli görüşlər də bu istiqamətdə müəyyən təsəvvürlərin formalaşmasına münbit şərait yaradır. Bu baxımdan, ən önəmli məqamlardan biri ondan ibarətdir ki, Qərb siyasi dairələrinin nümayəndələri ilə görüşlərin təşəbbüskarı qətiyyən Azərbaycan tərəfi deyil. Belə ki, verilən məlumata görə, Prezident İlham Əliyev ilə görüş təklifləri qarşı tərəflərdən gəlib.

Azərbaycan lideri bəzi Qərb qurumlarının ermənipərəst mövqeyinə əks zərbə ilə cavab vermək imkanını da reallaşdırmağı bacarıb. Belə ki, Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşdə Minsk Qrupunun ləğv edilməsinin vacibliyini qabardıb. Azərbaycan lideri vurğulayıb ki, Qarabağ problemi artıq həll edilib və bu qurumun mövcudluğuna artıq heç bir ehtiyac qalmayıb. Və bununla da rəsmi Bakı Qərb siyasi dairələrinə Azərbaycanın, eləcə də, Cənubi Qafqazın problemlərinin həllində onların hər hansı əhəmiyyətinin olmadığına dair mesaj verib.

5f61bc7895230759d2c6bab069b9ef36.jpg (423 KB)

Əslində, bu, o qədər də təəccüblü deyil. Rəsmi Bakı Münhen konfransına qədər də Qərb siyasi dairələrinin sülh prosesindən kənara çəkilməli olduğuna eyham vururdu. Hətta Prezident İlham Əliyev açıq mətnlə bəyan etmişdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı məsələ beynəlxalq gündəmdən çıxarılmalıdır. Çünki əksər beynəlxalq siyasi iradə mərkəzlərinin vasitəçilik missiyasını ələ keçirməyə can atdığı bu məsələ yalnız Azərbaycan və Ermənistan arasında ikitərəfli təmaslarla həll olunmalıdır. Və Azərbaycan lideri prinsipial mövqe tutduğu bu məsələdə tamamilə haqlıdır.

Maraqlıdır ki, Münhen Təhlükəsizlik Konfransında da Prezident İlham Əliyev prinsipial mövqeyindən geri çəkilməyib. Belə ki, ilkin məlumatlara görə, Azərbaycan lideri iki ölkə arasında keçirilən görüşlərdə vasitəçi formatına qayıdışa imkan verməyib. Düzdür, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında görüşün təşəbbüskarı Almaniya kansleri Olaf Şolts olub. Ancaq Olaf Şolts Azərbaycan və Ermənistan liderlərinin görüşünün yalnız başlanğıcında iştirak edib. Daha sonra Almaniya kansleri görüş məkanı tərk edib, Azərbaycan və Ermənistan liderləri birbaşa müzakirələr aparıblar.

Belə anlaşılır ki, Almaniya kanslerinə vasitəçilik şansı tanımayıb. O, sadəcə, görüşün təşəbbüskarı olmaqla, kifayətlənmək məcburiyyətində qalıb. Nəticədə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münhendə keçirilən görüşdə iki ölkənin xarici işlər nazirləri iştirak ediblər. Bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsinin beynəlxalq gündəmdən çıxarılması və kənar vasitəçilərsiz ikitərəfli təmaslar formatında müzakirələr qərarı artıq reallığa çevrilir.

eliyev-pasha-sened.JPG (67 KB)

Rəsmi Bakı əmindir ki, öz geopolitik maraqlarını ön plana çıxaran beynəlxalq vasitəçilər olmadan Azərbaycan-Ermınistan münasibətləri daha effektiv şəkildə nizamlana bilər. Üstəlik, Azərbaycan bu məsələni artıq özü üçün xüsusi əhəmiyyət daşıyan prinsipial hədəf də hesab etmir. Rəsmi Bakı münasibətlərin normallaşmasının Ermənistan üçün daha böyük əhəmiyyət daşıdığını düşünür. Azərbaycan üçün isə bu məsələnin nə vaxt, hətta ümumiyyətlə, həll edilib-edilməyəcəyi artıq prinsipial əhəmiyyət daşımadığı qənaətindədir.

Ancaq bütün bunlara baxmayaraq, Münhen görüşünün pozitiv nəticələri barədə danışmaq üçün də müəyyən əsaslar olmamış deyil. Belə ki, ilkin məlumatlara görə, Azərbaycan və Ermənistan liderlərinin ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yaxın zamanda yenidən görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, sərhədlərin delimitasiyası ilə bağlı komissiyaların danışıqları davam etdirilməsi ilə bağlı da tapşırıqlar verilib. Və bu, onu göstərir ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində məhz ikitərəfli təmaslar format daha effektiv xarakter daşıyır.

Belə anlaşılır ki, Prezident İlham Əliyev beynəlxalq dairələrə Azərbaycanın siyasi iradəsini qəbul etdirməyə artıq nail olub. Hər halda, rəsmi Bakı Cənubi Qafqazda sülh prosesinin formatını dəyişdirdi. Qərəzli ermənipərəst mövqe tutan bəzi beynəlxalq siyasi iradə mərkəzləri sülh prosesindən demək olar ki, kənarlaşdırıldı. İndi həm regional sülh prosesinin şərtlərini, həm də onun formatını məhz Azərbaycan müəyyən edir. Və beynəlxalq siyasi iradə mərkəzlərinin rəsmi Bakının dəqiq diplomatik manevrlərindən qaynaqlanan bu reallığı qəbul etməkdən başqa çıxış yolu qalmayıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

17.02.2024 18:25
2815