Əliyev Münhendə Paşinyanı məyus etdi: İrəvan hələ Kremlə də cavab verməli olacaq

Rəsmi Bakı Paşinyan hakimiyyətinin sülh prosesini pozmaq üçün manipulyasiya etdiyi daha bir mübahisəli mövzunu Ermənistanın əlindən aldı... Zəngəzur dəhlizi və Laçın yolu eyni hüquqi prinsiplər üzrə fəaliyyət göstərəcək, hər iki ölkə öz suveren qanunvericiliyinə əsasən nəzərət-buraxılış məntəqələri yaradacaq...

Münhen təhlükəsizlik konfransı olduqca maraqlı nəticələr ilə diqqəti çəkdi. Bu beynəlxalq platformada baş verənlər Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz üçün də önəmli geopolitik proseslərə başlanğıc rolunu oynaya bilər. Və bu baxımdan, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək inkişaf istiqamətləri baxımından, müəyyən mülahizələrin irəli sürülməsi artıq mümkündür.

Əvvəlcə onu qeyd etmək lazımdır, Münhen təhlükəsizlik konfransı Rusiyanın baykot edilməsi ilə də əlamətdar oldu. Bu beynəlxalq platformanın mövcudluğu dövründə Rusiyanın rəsmi təmsilçiləri ilk dəfə kənarda saxlandılar. Yəni, Kremlin mövqeyinə, Rusiyanın beynəlxalq roluna əhəmiyyət verilmədi.

Ancaq Rusiyanın oyundan kənar vəziyyətə salınması yalnız bununla məhdudlaşmadı. Belə ki, ABŞ və Qərb Cənubi Qafqazdakı sülh prosesini də Rusiyanın nəzarətindən çıxartmaq istiqamətində də israrlı davrandı. Rusiya və Fransanın ortaq şəkildə Ermənistan üzərindən pozduğu sülh danışıqlarının bərpasına nail olundu. Və bu dəfə də Ermənistan Rusiya ilə hərbi-siyasi müttəfiqliyə zərbə vurmuş tərəfə çevrildi.

Məsələ ondadır ki, Azərbaycanın Rusiya qarşısında elə bir ciddi siyasi-diplomatik və ya hərbi öhdəlikləri yoxdur. Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu, qarşılıqlı faydalı tərəfdaşlıq üzərində qurulub. Üstəlik, rəsmi Bakı Rusiyanın vasitəçilik missiyasına qətiyyən qarşı çıxmır. Sadəcə, bütün digər beynəlxalq platformalarda olduğu kimi, Kremlin təşkil etdiyi üçtərəfli görüşlərdə də Azərbaycanın "qırmızı cizgilər"ini toxunulmaz saxlayır.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB)

Münhen təhlükəsizlik konfransından öncə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı da bunu təsdiqləyir. Belə ki, həmin bəyanatda rəsmi Bakı açıq şəkildə vurğulamışdı ki, Avropa Birliyinin müşahidə missiyası sərhədlərin delimitasiyası daxil olmaqla, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini pozmaq məqsədilə istifadə olunmamalıdır. Ermənistan və Fransanın bu missiyanın fəaliyyətini ortaq şəkildə əsasən, prosesin qəlizləşdirilərək, pozulması istiqamətinə yönəltdiyi artıq hər kəsə məlumdur.

Ona görə də, rəsmi Bakı Avropa Birliyi missiyasının ilk fəaliyyət dövründə baş verənləri örnək gətirməklə, Praqa anlaşmasının kobud şəkildə pozulduğunu xatırlatmağı da qətiyyən unutmamışdı. Bu missiyanın fəaliyyətindən sui-istifadə edərək, mövcud olan dialoq mexanizmlərinin əhəmiyyətini heçə endirmək cəhdlərinin təhlükəli nəticələrə yol aça biləcəyi barədə sərt xəbərdarlıq edilmişdi. Və bu baxımdan, rəsmi Bakının məkrli davranmayan istənilən vasitəçiliyə müsbət yanaşdığı, buna iddialı tərəflərdən hansınınsa, bloklamaq niyyəti güdmədiyi təsdiqlənir.

Ancaq eyni yanaşma tərzini Ermənistana da aid etmək qətiyyən mümkün deyil. Belə ki, Rusiyanın əsas beynəlxalq düşmənlərinin - ABŞ, Fransa və Avropa Birliyinin Ermənistan üzərindən Cənubi Qafqazdakı geopolitik proseslərə cəlb olunması məhz rəsmi İrəvanın avantürist manevrlərindən qaynaqlanır. Kreml Paşinyan hakimiyyətinin Rusiyanın Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılmasına yönəlik təlimatlarını icra etdiyini anlamamış deyil.

Ona görə də, son vaxtlar Kreml Ermənistanı açıq şəkildə təhdid edir, hələ də formalaşmamış erməni dövlətçiliyinin ümumiyyətlə, ləğv edə biləcəyinə eyhamlar vurur. Eyni zamanda, rəsmi İrəvanın cəzalandırılmasına yönəlik müəyyən addımlar da artıq atmağa başlayıb. Belə ki, Münhen təhlükəsizlik konfransı ərəfəsində Rusiyanın Ermənistana təbii qaz nəqlini məhdudlaşdırıması baş nazir Nikol Paşinyana xəbərdarlıq mesajı da sayıla bilər. Və bu, erməni baş naziri Münhendə Rusiyanın vasitəçilik missiyasını təhlükə altına salacaq qərarlardan yayındırmaq üçün edildiyi qətiyyən şübhə doğurmur.

34721_b-scaled.jpg (145 KB)

Ancaq Kremlin bu xəbərdarlıq mesajının effektiv olduğunu iddia etmək qətiyyən mümkün deyil. Çünki rəsmi İrəvan Münhendə hər hansı üçtərəfli görüşə razılıq vermədiyini bəyan etsə də, sonradan bunun tam əksi baş verdi. Belə ki, ABŞ-ın dövlət katibi Entoni Blinken vasitəçilik istəyini biruzə verər-verməz baş nazir Nikol Paşinyan dərhal razılaşdı. Bununla da vasitəçilik təşəbbüsü Rusiyanın əlindən alınıb, yenidən ABŞ və Qərbə ötürülməsi reallaşmış oldu. Və bu baxımdan, indi erməni baş naziri yenidən Kreml sahibi ilə onsuz da gərgin olan münasibətləri aydınlaşdırmaq mərhələsi gözləyir.

Maraqlıdır ki, Münhendə keçirilən üçtərəfli görüşün də Ermənistan üçün uğurlu nəticələndiyini düşünmək sadəlövhlük olardı. Hər halda, Ermənistan baş naziri Nikol Paşinyan bu görüş barədə indiyə qədər də hansısa məqamları açıqlamağa həvəs göstərməyib. Erməni baş nazirdən fərqli olaraq, Azərbaycan Prezidenti İlham Əliyev isə görüşün nəticələri barədə olduqca məmnun şəkildə mövqe bildirməsi ilə diqqəti çəkir.

Azərbaycan Prezidenti bildirib ki, Münhen görüşü pozitiv nəticələnib. Ermənistanın mövqeyində müsbətə doğru dəyişikliklər mövcuddur, ancaq yekun sülh sazişinin imzalanması üçün bu, qətiyyən yetərli deyil. İndi əsas məsələ sülh prosesinin daha intensiv xarakter almasıdır. Və ABŞ dövlət katibinin Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması üçün tarixi imkanlar açıldığını bəyan etməsi də müsbət tendensiyaların mövcudluğundan xəbər verir.

Onu da qeyd edək ki, hələlik bu son görüşün bütün detalları məlum olmasa da, Azərbaycan lideri ümumi vəziyyət barədə təsəvvürləri aydınlaşdıra biləcək məlumatlar da verib. Prezident İlham Əliyev birmənalı şəkildə vurğulayıb ki, yekun sülh sazişində Qarabağ mövzusunda hər hansı məqam yer ala bilməz. Bu, Azərbaycanın daxili işidir. Ona görə də, rəsmi Bakı bu məsələni birmənalı şəkildə Azərbaycan Konstitusiyası çərçivəsində həll etmək niyyətindədir.

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Maraqlıdır ki, Prezident İlham Əliyev Qarabağda yaşayan erməni azlığının Azərbaycan vətəndaşları olduğunu növbəti dəfə təkrarlayıb. Rəsmi Bakı Qaradağda doğularaq, həmişə orada yaşayan ermənilərlə birbaşa danışıqlara da hazırdır. Ancaq rəsmi Bakı bu danışıqları Qarabağa Rusiyadan hansı məqsədlərlə göndərildiyi ciddi şübhələr doğuran kriminal oliqarx Ruben Vardanyan və onu dəstəkləyən terrorçular Xankəndini tərk etdikdən sonra aparmaq niyyətindədir.

Göründüyü kimi, rəsmi Bakı prinsipial mövqe tutur və erməni separatçı-terrorçularla danışıqlar aparmağa hazırlaşmır. Bu baxımdan, Rusiyanın da, Ermənistandakı revanşistlərin də, Azərbaycanın Qarabağ regionunda olan erməni separatçılarının da cəhdləri reallıqdan çox-çox uzaqdır. Yəni, onların hansı məkrli planları qurmasından asılı olmayaraq, rəsmi Bakının öz prinsipial gündəliyi var.

Nəhayət, daha bir önəmli məqam ondan ibarətdir ki, rəsmi Bakı Paşinyan hakimiyyətinin sülh prosesini pozmaq üçün manipulyasiya etdiyi daha bir mövzunu gündəmdən çıxarıb. Prezident İlham Əliyev Münhen görüşündə bildirib ki, Zəngəzur dəhlizinin hər iki başında Azərbaycan və Ermənistanın nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. İndiyə qədər bu marşrutun açılmasını məhz nəqliyyat-kommunikasiya xətlərinin məhz onların keçdiyi ölkənin qanunvericiliyi və suveren hüquqları çərçivəsində fəaliyyət göstərməsinin vacibliyini bəhanə edərək, bloklamağa çalışan rəsmi İrəvan artıq fakt qarşısında qalıb.

Eyni zamanda, rəsmi İrəvan daha bir reallıqla barışmaq məcburiyyətindədir. Belə ki, rəsmi Bakı Zəngəzur dəhlizinə tətbiq olunacaq bütün suveren hüquqların Laçın yoluna da aid ediləcəyini vurğulayır. Yəni, Azərbaycanın Laçın rayonu ilə Ermənistan arasında nəzarət-buraxılış məntəqəsi yaradılacaq. Rəsmi İrəvan isə artıq buna qarşı çıxmaq üçün heç bir hüquqi arqument icad edən bilməz. Laçın rayonu da, oradan keçən yol da, Qarabağ regionu da Azərbaycan ərazisidir. Ona görə də, Azərbaycanın suveren hüquqları da mütləq təmin edilməlidir. Və rəsmi Bakı artıq bu istiqamətdə prinsipial mövqeyini açıqlayıb, konkret addımlar atmağa hazırlaşır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

19.02.2023 20:05
4110