Cənubi Qafqazda hazırda mövcud olan əsas problemlərin təməlində məhz ABŞ və Qərbin bu regiona yerləşmək cəhdləri var. Çünki ABŞ və Qərb Cənubi Qafqaz planlarını region ölkələri ilə əməkdaşlıq prinsipləri üzərində qurmağa qətiyyən həvəsli deyil. Əksinə, əsas hədəf olaraq, Ermənistandan geopolitik for-postu kimi istifadə etmək variantı daha ön planda turulur. Və bunun nəticəsində Cənubi Qafqazda sülh prosesi pozulur, regionun inkişaf perspektivləri bloklanır.
Təbii ki, rəsmi İrəvan ABŞ və Qərbə regional forpost xidməti göstərmək öhdəliyi ilə ilk növbədə Ermənistanın gələcək taleyini böyük risk altına atmış olur. Çünki Ermənistan blokada vəziyyətindən xilas etmək şansını məhz ABŞ və Qərbin Cənubi Qafqazdakı maraqlarına qurban verir. Halbuki, Paşinyan hakimiyyəti tam dəqiqliyi ilə bilir ki, Ermənistan üçün taleyüklü məqamlarda ABŞ və Qərb ona dəstək verməyə cəhd belə, göstərməyəcək. Və rəsmi İrəvanın son vaxtlar Azərbaycan ilə sərhədlərin delimitasiya prosesində müəyyən anlaşmalara üstünlük verməsi də məhz Paşinyan hakimiyyətinin Qərbin öz vədlərinə sadiq qalacağına yönəlik şübhə etməsindən qaynaqlanır.
Erməni politoloq Areq Koçinyan da bildirib ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistanın maraqlarına tamamilə cavab verir. Onun fikrincə, rəsmi İrəvan Ermənistanın təhlükəsizliyi və iqtisadiyyat inkişafı üçün sərhəd qonşuları ilə normal münasibətlərə mütləq nail olmalıdır. Çünki bu iki dövlətlə normal münasibətlər həm Ermənistanın blokadadan çıxmasına, həm də Rusiyadan asılılığın zəiflədilməsinə imkan verə bilər: "Unutmaq olmaz ki, hazırda Ermənistan sərhədlərinin 80 faizi məhz bu iki qonşu ölkə tərəfindən qapadılıb. Bu baxımdan, Azərbaycan və Türkiyə ilə normal münasibətlər Ermənistana regionda daha stabil mövcudluq imkanları aça bilər".
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələ ilə bağlı olduqca önəmli mesajlar verib. Azərbaycan lideri bildirib ki, iki ölkə arasında sülh sazişinin imzalanmasına nail olmaq indi daha real xarakter daşıyır. Prezident İlham Əliyev onu da vurğulayıb ki, delimitasiya prosesinə Qazaxın işğal altında olan kəndlərində başlanılması Azərbaycanın təklifidir. Çünki bu, rəsmi İrəvanın bu prosesi inkişaf etdirmək niyyətinin nə qədər ciddi olduğunu nümayiş etdirməsi üçün əsl şansdır.
Onu da qeyd etmək lazımdır ki, sülh sazişinin imzalanması və sürətli delimitasiya Ermənistan üçün yeni iqtisadi imkanlar da aça bilər. Belə ki, bu halda, rəsmi İrəvan Azərbaycandan təbii qaz idxalı üçün də müraciət edə bilər. Hər halda, Prezident İlham Əliyev bunun mümkün ola biləcəyini qətiyyən istisna etməyib: "Ermənistan da Azərbaycan təbii qazının potensial alıcısına çevrilə bilər. Gürcüstana ixrac edilən təbii qazın güzəştli qiymətini də nəzərə almaq lazımdır".
Göründüyü kimi, rəsmi Bakı Gürcüstan örnəyi ilə hətta qonşu ölkə kimi Ermənistana təbii qazın güzəştli qiymətlərlə satıla biləcəyinə də eyham vurur. Rusiya enerji resurslarından tamamilə asılı vəziyyətdə olan və buna Azərbaycandan başqa alternativ enerji qaynağı tapmaq şansından məhrum Ermənistan üçün bu olduqca sərfəli variantdır. Ona görə də, Ermənistan parlamentinin spikeri Alen Simonyanın buna dərhal reaksiya verməsi qətiyyən gözlənilməz deyil: “Rəsmi İrəvan Azərbaycandan təbii qaz idxalı ilə bağlı məsələni müzakirə etməyə hazırdır”.
Bu, onu göstərir ki, rəsmi İrəvan Ermənistan üçün mənfəət istiqamətini dərhal müəyyən etməyi bacarıb. Ancaq erməni spiker rəsmi Bakının eyhamından faydalanmaq üçün deyəsən, bir qədər tələsib. Çünki rəsmi Bakı Azərbaycanla ciddi problemləri olan Ermənistanın təbii qaza olan ehtiyaclarını təmin etmək niyyətindən uzaqdır. Rəsmi İrəvan buna nail olmaq üçün əvvəlcə bəzi önəmli şərtləri də yerinə yetirməlidir.
Ona görə də, Paşinyan hakimiyyətinin nümayəndələri rəsmi Bakının əsas şərtlərini anlamaq üçün Azərbaycan Prezidenti İlham Əliyevin mesajları daha diqqətlə təhlil etməlidir. Çünki Azərbaycan lideri Ermənistanın yeni enerji qaynaqlarına ehtiyacı olduğunu bildiyini, ancaq rəsmi İrəvanın bəzi öhdəliklərə və şərtlərə riayət etməsinin vacibliyini də vurğulayıb: "Mən Ermənistanın Qara dəniz elektrik enerjisi xəttinə qoşulmaq istədiyini bilirəm. Ancaq Ermənistan bunu edə bilməz. Çünki Azərbaycanla münasibətlərini normallaşdırmayıb".
Rəsmi Bakının enerji layihələri üzrə və iqtisadi sahədə əməkdaşlıq üçün şərtləri konkret və prinsipialdır. Rəsmi İrəvan ilk növbədə Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquq normalarına əsaslanan beş baza prinsipi çərçivəsində yekun sülh sazişini ən qısa zamanda imzalamalıdır. Sərhədlərin delimitasiya və demarkasiya prosesini maksimum səviyyədə sürətləndirib, sona çatdırmağa çalışmalıdır. Eyni zamanda, Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öz üzərinə götürdüyü hüquqi öhdəliyi də mütləq yerinə yetirməlidir.
Göründüyü kimi, rəsmi İrəvanın Azərbaycandan enerji resursları almaq şansı mövcuddur. Ancaq bu, indiki düşmənçilik şəraitində mümkün deyil. Ona görə də, rəsmi İrəvan bu şansdan istifadə etmək üçün mütləq konkret addımlar atmaq barədə düşünməlidir. Yəni, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına nail olmalıdır. Və rəsmi Bakı da Ermənistana bu məsələdə verdiyi faydalı təkliflər ilə dəstək olmağa hazır olduğunu sezdirir.
Məsələ ondadır ki, Prezident İlham Əliyevin Ermənistana yönəlik son mesajları əslində, rəsmi İrəvan üçün əsl "yol xəritəsi" xarakteri daşıyır. Çünki Paşinyan hakimiyyəti bu "yol xəritəsi"ni icra edərsə, onda Azərbaycan-Ermənistan münasibətləri normallaşar. Və nəticədə Ermənistanın Azərbaycanla iqtisadi-ticari əməkdaşlıq etməsi, enerji resurslarına çıxış şansı qazanması qarşısında da elə bir ciddi əngəl qalmaz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu