Əliyev Fransanın nüfuzunu Qranadaya “dəfn” etdi: Bakının sərt manevri Rusiyaya da son şans qazandırdı

Ermənistan son vaxtlara qədər Rusiyanı vasitəçilikdən kənarlaşdıraraq, sülh prosesini Qərb platformasına daşımağa çalışırdı, Qranada görüşü ərəfəsindəsə, rəsmi Bakı cəmisi bir siyasi zərbə ilə beynəlxalq ermənipərəstləri oyundankənar vəziyyətə salmağı bacardı... İndi Rusiya yenidən Azərbaycan-Ermənistan sülh danışıqlarında əsas vasitəçi missiyasını bərpa etmək şansı qazanıb, ancaq bundan nə qədər effektiv istifadə edə biləcəyisə, ilk növbədə Kremlin rəsmi Bakının maraqlarına uyğun davranmasından asılı olacaq...

Azərbaycan artıq bütün dünyaya meydan oxuyur. Rəsmi Bakının belə imkanları var. Azərbaycanın siyasi-iqtisadi resursları, hərbi qüdrəti rəsmi Bakının nəinki regional, hətta beynəlxalq güc mərkəzinə çevirir. Ona görə də, hazırda Cənubi Qafqazda xüsusi maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri çətin vəziyyətə düşüblər. Və mövcud situasiyada Azərbaycana mümkün təzyiq mexanizmləri tapa bilmirlər.

Onu da qeyd etmək lazımdır ki, Rusiya Azərbaycanın Cənubi Qafqaz üzərindəki şəriksiz hegemonluq iradəsini qəbul edir. Kreml hazırda rəsmi Bakı ilə anlaşmağa, Rusiyanın regional maraqlarını Azərbaycanın mənafelərinə uzlaşdırmağa üstünlük verir. Çünki əks təqdirdə, Rusiya regionda duruş gətirmək şanslarını tamamilə itirə bilər. Və bu səbəbdən də, indi Kreml rəsmi Bakının verəcəyi qərarlarla hesablaşmaq məcburiyyətində qalıb.

1fd5784624185cfe42d583a67be17464.jpg (243 KB)

Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələr rus sülhməramlıların Azərbaycan ərazisində müvəqqəti dislokasiyasının artıq öz əhəmiyyətini itirdiyini düşünürlər. Hətta ən ermənipərəst propoqandist kimi tanınan rus deputat Konstantin Zatulin belə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanın Qarabağ regionunda fəaliyyəti üçün ciddi səbəblərin qalmadığını etiraf edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova da vurğulayıb ki, rus sülhməramlılarla bağlı bütün məsələlər bundan sonra məhz rəsmi Bakı ilə müzakirə edəcək.

Bütün bunlar onu göstərir ki, Kreml yaxın vaxtlarda rus sülhməramlıları Azərbaycan ərazisindən çıxartmalı olacağı ilə artıq barışıb. Böyük ehtimalla hazırda Rusiya bu prosesə hazırlaşmağa başlayıb. İlk növbədə Rusiya ictimai fikrində fərqli rəylərin ortaya çıxmasının qarşısını almaq üçün müəyyən təbliğat cəhdləri göstərilir. Halbuki, bəzi ermənipərəst Rusiya siyasi dairələri Kremlə təzyiq göstərməyə çalışırlar. Onların fikrincə, Azərbaycan ordusunun lokal antiterror tədbirləri Rusiyanın regional və beynəlxalq nüfuzuna sarsıdıcı zərbə vurub.

Ona görə də, Rusiyadakı ermənipərəstlər Kremli Azərbaycana qarşı müəyyən priventiv addımlar atmağa çağırırlar. Ancaq hələlik Kreml rəsmi Bakı ilə münasibətlərini korlaya biləcək hər hansı addımın atılmasına qətiyyən həvəsli deyil. Əksinə, Azərbaycanın son siyasi-diplomatik davranışları Rusiyanın regional maraqlarına tamamilə cavab verir.

Xüsusilə də, rəsmi Bakının Qaranada görüşündən imtina etməsi Rusiyanın hakim siyasi dairələrində böyük məmnunluqla qarşılanıb. Çünki Azərbaycanın bu mövqeyi Rusiyanın Cənubi Qafqazda öz beynəlxalq rəqiblərinin təzyiqlərinə tab gətirə bilməsi baxımından, əlavə manevr imkanları açır. Və bu, son dövrlər ərzində Rusiyanın itirilmiş regional mövqelərinin yenidən geri qaytarılması şansı yaradır.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Məsələ ondadır ki, Azərbaycan və Ermənistan liderləri arasında Qranada görüşünün Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilməsi nəzərdə tutulurdu. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə iştirakdan imtina etdi. Və bunun üçün olduqca ciddi, həm də tamamilə haqlı səbəblər göstərildi.

Birinci səbəb ondan ibarətdir ki, Qranada görüşünün üç nəzərdə tutulmuş iştirakçısının – Fransa, Almaniya və Avropa Birliyinin Cənubi Qafqaza heç bir aidiyyatı yoxdur. Onların hər üçü bu regiondan uzaqdırlar, mövcud situasiyaya birbaşa təsir göstərmək üçün hər hansı mexanizmlərə malik deyillər. Və bu baxımdan, rəsmi Bakı həm Azərbaycanın daxili işlərini, həm də Cənubi Qafqazın mövcud problemlərini bu regiona aidiyyatı olmayan vasitəçilərlə müzakirə etmək niyyətində deyil.

İkinci səbəb Avropa Birliyi və Almaniyanın neytral mövqedən uzaq olması, xüsusilə də, Fransanın açıq-aşkar Ermənsitanı dəstəkləməsi ilə birbaşa bağlıdır. Yəni, bu üç regiona iadiyyatı olmayan vasitəçi Azərbaycanla Ermənistan arasındakı sülh müzakirələrində rəsmi İrəvanın tərəfdaşı kimi çıxış edirlər. Fransa isə Azərbaycana qarşı düşmınçilik siyasəti yürütməklə yanaşı, üstəlik, Ermənistanı silahlandırmaqla məşğuldur. Və belə qərəzli vasitəçilər Cənubi Qafqazdakı sülh prosesinə yalnız əngəl törədə bilərlər.

849dd534-04e4-44e6-83ef-ebc952fe8b15.jpg (257 KB)

Nəhayət, üçüncü önəmli səbəb rəsmi Bakının Türkiyənin də Qranada görüşünə qatılması ilə bağlı tələbinin qəbul edilməməsidir. Cənubi Qafqaza heç bir aidiyyatı olmayan Avropa Birlıyi, Fransa və Almaniya bu tələbə qarşı çıxıblar. Halbuki, onlardan fərqli olaraq, Türkiyənin Cənubi Qafqaza geopolitik aidiyyatı mövcuddur. Və Qranada görüşünün təşkilatçılarının belə mövqe tutması qəbuledilməzdir.

Ona görə də, rəsmi Bakı Ermənistan və ermənipərəstlərlə Cənubi Qafqazdakı sülh prosesini müzakirə etməkdən haqlı olaraq, imtina etdi. Azərbaycan dövləti bununla həm də mesaj verdi ki, Cənubi Qafqaz hansısa kənar güclərin öz maraqlarını təmin etmək üçün manipulyasiya məkanı deyil. Rəsmi Bakı bu addımı ilə Avropa Birliyinin, Fransanın və Almaniyanın beynəlxalq imicinə və nüfuzuna sarsıdıcı zərbə vurdu. Böyük ehtimalla nə qədər qıcıqlansalar da, indi Azərbaycanın maraqlarına və mövqeyinə daha həssas yanaşmaq məcburiyyətində qalacaqlar.

Onu da nəzərə almaq lazımdır ki, son vaxtlara qədər Ermənistan Rusiyanın vasitəçilikdən kənarlaşdırılaraq, Qərb platforması ilə əvəzlənməsinə çalışırdı. İndisə, rəsmi Bakı öz qətiyyətiylə Qərbdəki ermənipərəstləri oyundankənar vəziyyətə salmağı bacardı. Bu, Kremlə yenidən Azərbaycan-Ermənistan sülh danışıqlarında əsas vasitəçi missiyasını bərpa etmək şansı yaradır. Və Kremlin bu şansdan nə qədər effektiv istifadə edə biləcəyisə, ilk növbədə Rusiyanın Azərbaycanın milli maraqlarına uyğun davranmasından asılı olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

05.10.2023 19:03
4046