Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) erməni əsilli Raşid Beqlaryanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır.
Raşid Beqlaryan Xankəndi şəhərində yerləşən 3 saylı uşaq xəstəxanasında saxlanılmış azərbaycanlı əsirlərə və beynəlxalq humanitar hüquqla müdafiə olunan başqa şəxslərə işgəncə verməkdə, sülh və insanlıq əleyhinə müharibə cinayətləri törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində iştirak etməkdə şübhəli bilinir. Təqsirləndirilən şəxs qismində cəlb olunan Beqlaryan Raşid Aramayisi 1992-ci ilin fevralında Xocalı faciəsinin törədilməsində iştirakçı olması barədə məlumat verib. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham olunaraq həbs edilib. İşgəncələrə məruz qalmış Azərbaycan vətəndaşları müəyyən edilərək hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıblar.
Dindirmə zamanı Raşid Beqlaryan bildirib ki, 25 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri və onların tabeçiliyində fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələri Xankəndi şəhərindən mülki əhalinin sıx yaşadığı Xocalı şəhərinə etdikləri hücum vaxtı sağ qalmış azərbaycanlı dinc sakinlərə təhlükəsiz qaydada Əsgəran rayonundan keçməklə Ağdam rayonu istiqamətində gedə biləcəklərinə dair yalan vədlər verilib. 26 fevral 1992-ci ildə Raşid Beqlaryanın da daxil olduğu həmin silahlı birləşmələr azərbaycanlıları kütləvi qırğına məruz qoymaq məqsədilə Qarqarçayın sahili boyunca Ağdam rayonuna doğru hərəkət edən, əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsi Əsgəran qalasına yaxın ərazidə pusquya salıblar. Mülki Azərbaycan vətəndaşlarını avtomat silahlardan atəş açmaqla qətlə yetiriblər. Cinayətkar dəstə üzvləri tərəfindən həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra onların meyitləri Əsgəran qalası ətrafında basdırıblar.
İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərərək bu barədə ətraflı məlumat verib.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olmuş qanunsuz erməni silahlı birləşmələri tərəfindən ötən müddətdə törədilmiş terrorçuluq, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri ilə bağlı kompleks araşdırmalar aparılır. Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev “Yeni Müsavat”a deyib ki, Azərbyacan torpaqlarında, azərbyacanlılara qarşı qanlı cinayətlər törətmiş hərbi canilərin həbsi və cəzaya çatdırılması olduqca əhəmiyyətlidir: “Xocalı, Meşəli soyqırım cinayətlərində iştirak etmiş şəxslərin müəyyən olunması, həbs edilməsi və məhkəmə qarşısına çıxarılması gec də olsa, baş tutur. Vaqif Xaçatryana qarşı çıxarılan cəza bu baxımdan ibrətamizdir. Azərbaycan torpaqlarında terror, soyqırım cinayətləri törətmiş hər bir separatçı, hər bir hərbi cinayətkar bilməlidir ki, gec-tez Azərbaycan məhkəməsi qarşısında dayanmalı olacaq və müvafiq cəzalarına çatdırılacaqlar”.
Cəmiyyətdə Vaqif Xaçatryanın timsalında bu şəxslərə daha yüngül cəza verilməsi birmənalı qarşılanmır və daha ağır cəzalar, hətta ölüm cəzası verilməsi istənilir. Bu tələblərə yanaşma necə olmalıdır?
Əliməmməd Nuriyev deyir ki, 1998-ci ildə mərhum prezident Heydər Əliyev təşəbbüsü ilə Şərqdə ilk dövlət olaraq Azərbaycanda ölüm hökmü ləğv olunub: “Bu gün Azərbaycan cəmiyyətində ölüm hökmünün bərpası ilə bağlı müzakirələr gedir. Bu da təsadüfi deyil. Çünki Xocalıda, Meşəlidə əliyalın qocaları, uşaqları, qadınları vəhşicəsinə qətlə yetirən, sülh və insanlıq əleyhinə cinayətlər törətmiş canilər ələ keçib. Bu adamların cəzaları törətdikləri əməllərə mütənasib olmalıdır. Amma Azərbaycan Avropa Şurası qarşısında öhdəliklər götürüb, həmin öhdəliklərdən biri də ölüm hökmünün tətbiq olunmaması ilə bağlıdır. Digər tərəfdən ölüm hökmünün ömürlük həbslə əvəzlənməsi də bu şəxslərin daimi olaraq etdikləri cinayətlərlə təkbətək qalması deməkdir. Bu daha çox tərbiyəvi əhəmiyyət daşıyacaq, cəzanın real məqsədinə çatmasına xidmət edəcək. Nəinki güllələnmə hökmü. Bu gün Azərbaycan hüquq mühafizə orqanlarının qarşısında dayanan əsas məsələ soydaşlarımıza qarşı terror, soyqırım və digər müharibə cinayətləri törətmiş caniləri müəyyən etməklə həbslərinə nail olmaq, onların Azərbaycan məhkəməsi qarşısında cavab vermələrini təmin etməkdir. Ötən 30 il ərzində Qarabağda cinayətlər törətmiş canilərin bir çoxu hələ azadlıqdadırlar. Onların hər biri bilməlidir ki, Azərbaycan hüquq mühafizə orqanlarının dəmir əllərini yaxalarında mütləq görəcəklər, ədalət bir gün onların da qapısını döyəcək. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti bu işin öhdəsindən layiqincə gələcək. Peşəkarlıqla hazırlanmış əməliyyatlar nəticəsində Vaqif Xaçatryan, Raşid Beqlaryan və hazırda istintaqları davam edən digər canilər kimi bu gün azadlıqda gəzənlərinə də növbə çatacaq. Başları üzərində DTX əməkdaşlarını mütləq görəcəklər”.
Əliməmməd Nuriyev bildirib ki, ermənilərin törətdikləri müharibə cinayətləri bu cinayətləri birbaşa törədən və iştirakçılarının dili ilə ifşa edildikcə, qarşı tərəf beynəlxalq məhkəmələrdə yersiz iddialar qaldırmaqla yaxasını kənara çəkməyə cəhd göstərir: “Azərbaycanlılar, müvafiq olaraq türklər heç bir zaman ermənilərə qarşı soyqırım törətməyiblər. Əksinə, ermənilər azərbaycanlılara qarşı Xocalıda, Meşəlidə və ərazilərimizin işğalı zamanı kənd və qəsəbələrimizdə soyqırım cinayətləri törədiblər. Ermənilərin Beynəlxalq Ədalət Məhkəməsinə, digər beynəlxalq məhkəmə instansiyalarına müraciətləri də nəticə verməyəcək. Belə məhkəmələrə ən yaxşı cavab Vaqif Xaçatryanın barəsindəki məhkəmə hökmü, Raşid Beqlaryanın Xocalı soyqırımının törədilməsində iştirakının etirafıdır. Azərbaycan 30 il səbr etdi və 2023-cü ilin sentyabrda Qarabağda 23 saat 51 dəqiqəlik antiterror tədbirləri ilə separatçılar təslim edildi. Bütün dünyanın gözü qarşısında müharibə cinayətləri törətməyən erməni əsilli əhaliyə Azərbaycan vətəndaşlığını qəbul etməklə Azərbaycan torpaqlarında qalıb yaşamaq təminatı verildi. Buna baxmayaraq yerli icma rəhbərlərinə xaricdən verilən komanda ilə ermənilər könüllü şəkildə Ermənistana köç etdilər. Azərbaycan bu gün verdiyi təminatın arxasındadır. Qarabağ sakini olmuş dinc ermənilər istədikləri zaman qayıdıb digər xalqların nümayəndələri kimi Azərbaycan ərazisində yaşaya bilərlər. Yetər ki, Azərbaycan vətəndaşlığını qəbul edib dinc şəkildə yaşasınlar”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”