Əli Mirəliyevdən ŞOK AÇIQLAMA: “Mənə güllələnmə verəcəklər”

Pravda.az-ın məlumatına görə, tanınmış müğənni Əli Mirəliyevə (Fərzulla oğlu) inzibati protokol yazılıb.

Məlumata əsasən, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.

Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən Əli Mirəliyev bildirib ki, cərimələr təxminən 5 il ərzində yığılıb:

“Vəkilimiz Zümrüd xanım bu işlə məşğul olur. Mən cərimələr haqda məlumatlı olmamışam deyə məbləğ artıb – 4 min manatdan çoxdur. Mənim səhvlərim də var. Texniki baxışı keçməmişəm. Bu halda sürücü 20 gündən bir 50 manat cərimə olunur. Mənim də bundan xəbərim olmayıb. Yol sürücüləri məni öpüb-qucaqlayır, deyən yoxdur ki, sənin cərimən var. Axırda məhkəmədən məktub gəlir ki, sənin cərimən var. ARB rəhbərliyi bu işlə məşğuldur. Mənə deyiblər ki, 5 il tamam olandan sonra cərimə avtomatik olaraq pozulur. 5 il gələn il tamam olacaq.

94-cü maddə ilə mənə güllələnmə verəcəklər (gülür). Mən pensiyaçıyam, cəriməni ödəməyə pulum yoxdur. Xəbərim olsaydı, 500-1000 manat olanda gedib çarəsini tapardım, xahiş edərdim, ya da xırda-xırda ödəyərdim. Mən 4000 manatı ödəyə bilmərəm axı”.

Aytən Novruz
Musavat.com      

30.11.2023 15:41
1385