Əli İnsanov iqtidardan 8 min avronu alacaqmı?

“Leyla Yunusun tərtib etdiyi 254 nəfərlik siyahı onun özünə məxsusdur və Azərbaycanda olan hüquq müdafiə təşkilatları o siyahını rədd edir”

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan şikayətlər üzrə qərar və qərardadlar elan edib. Aihmaz.org-un məlumatına görə, Azərbaycan dövləti Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş müxtəlif hüquqlarının pozulduğu tanınan bir çox şəxsə təzminat ödəməlidir. Sabiq səhiyyə naziri, siyasətçi Əli İnsanov (2005-2019-cu illərdə həbsdə yatıb) 8100 avro, ruhani Abgül Süleymanov (2011-2022-ci illərdə həbsdə yatıb) 7000 avro, onun vəkili 2000 avro alacaq. Məhbus AXCP üzvü Zamin Salayevə 2850 avro ödənməsi nəzərdə tutulur.

Bu arada xaricdə yaşayan  hüquq müdafiəçiləri Leyla Yunus siyasi məhbus siyahısını yeniləyib. “Turan”ın məlumatına görə, siyasi məhbus sayılan 254 nəfər siyahıda 8 qrupa bölünüb: 183 inanclı; “Gəncə işi” (2018-ci il) üzrə tutulan 22 nəfər; müxalif partiyaların və hərəkatların 13 üzvü; 11 jurnalist və bloqçu; 11 ömürlük məhkum; “Tərtər işi” (2017-ci il) üzrə tutulan 7 nəfər; Almaniyadan deportasiya olunmuş 5 sabiq siyasi mühacir; 2 hüquq müdafiəçisi.

Leyla və Arif Yunusun cinayət işi üzrə icraat dayandırıldı — Yenilənib

Neçə illərdir xaricdə yaşayan Leyla Yunus və əri Arif Yunus yenə də fəallaşıblar. Qərbdən Azərbaycana qarşı hücumların artdığı bir vaxtda onların da aktivləşməsi təsadüfdür, yoxsa bağlılıq var? Əli İnsanov istəsə, ona ödənilməsi nəzərdə tutulan təzminatdan imtina edə bilərmi?  

 

dd34a450-80bf-4583-8b84-693fabef6240.jpeg (55 KB)

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi zaman-zaman şikayətlərə baxaraq qərardadlar çıxarır: “Bu da başadüşüləndir. Biz Avropa Şurası ailəsinə üzv olduqdan sonra müəyyən öhdəliklər götürmüşük və Avropa İnsan Hüquqları Məhkəməsinin də yurisdiksiyasına daxil olmuşuq. Mənim hörmət etdiyim Lətif Hüseynov hazırda Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycanı təmsil edir. Bu təzminatların verilməsi ilə bağlı məsələ Azərbaycan dövləti tərəfindən icra edildikdən sonra  Avropa İnsan Hüquqları Məhkəməsinə arayış təqdim olunur. Əli İnsanovun və ya istənilən vətəndaşın təzminatdan imtina etməsinin mümkün olub-olmadığına gəlincə, bəli, imtina edə bilər. Hüquq imtinanı qəbul edir. Məsələn, Əli İnsanov istəsə, ərizə yazaraq ona ödənilməsi nəzərdə tutulan təzminatdan imtina etdiyini bildirə bilər. Bu, artıq onun şəxsi işidir. 

Leyla Yunusun siyahısına gəldikdə, bu fəallaşma təsadüfi deyil. Leyla Yunus və onun kimi Azərbaycana düşmən kəsilən şəxslər onsuz da Avropanın müəyyən institutları ilə cinayət əlaqəsindədirlər və onlarla əməkdaşlıq edərək Azərbaycanın imicinə zərbə vurmaq üçün hər cür addımlar atırlar. Leyla Yunus xaricdə oturub Azərbaycanın daxilindəki proseslərə necə düzgün qiymət verə bilər? Bugünlərdə hüquq müdafiəçiləri olaraq Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənəniyarlı və mən bir qrup vətəndaşlarımızı qəbul etdik. Onların içərisində yeni həbs olunanların ailə üzvləri, əvvəllər həbs olunanlar da var idi. Biz danışıqlar zamanı araşdırırıq ki, kimin prosesual hüquqları pozulub, kimin barəsində hansı qanunsuz addımlar atılıb və ya atılıbmı? Çünki hər bir şikayət həmişə haqlı olmur. Amma Leyla Yunus xaricdə oturub və qaranlıq maraqlara görə müəyyən adamların adlarını siyahıya salmaqla “siyasi məhbus siyahısı”nı şişirtməklə məşğuldur. Leyla Yunusun tərtib etdiyi 254 nəfərlik siyahı onun özünə məxsusdur və Azərbaycanda olan hüquq müdafiə təşkilatları o siyahını rədd edir. Düzdür, ayrı-ayrı fərdlər var ki, onların həbsi zamanı prosessual hüquqları pozulub və biz onların həlli üçün hüquq-mühafizə orqanları ilə danışıqlar aparırıq. Bugünlərdə də belə qərara gəlmişik ki, ölkənin baş prokuroru, daxili işlər naziri, eyni zamanda Ali Məhkəmənin sədri ilə Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri olaraq görüşlər keçirək. Bu görüşlərin də əsas qayəsi bu cür şikayətlərin böyüyüb Avropaya getməsinin qarşısının alınmasıdır ki, məsələlər yerində həll olsun. Təəssüf ki, Azərbaycana Qərbdən basqıların olduğu dövrdə “sapı özümüzdən olan baltalar” da aktivləşib. Bu, bir sinxron fəaliyyətdir".

Bu halda sülh sazişindən söhbət gedə bilməz" - Xəyal Bəşirov News 365

Xəyal Bəşirov 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bildirdi ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir sıra hallarda haqsız qərarlar çıxarır: “Beynəlxalq hüququn əslində hansı səviyyədə işlədiyini biz son zamanlar xüsusilə görməkdəyik. Azərbaycan dövləti Avropa İnsan Hüquqları Məhkəməsinin təzminat qərardadlarının yerinə yetirilməsindən qaçmır. Əgər hər hansı bir vətəndaşımızın hüquq-mühafizə orqanları tərəfindən hüquqları pozulubsa, bunun qarşılığını ödəmək üçün Azərbaycan dövləti əlindən gələni edib. Əgər Avropa Məhkəməsinin göstərdiyi əsaslar doğrudursa, Azərbaycan məsuliyyətdən yayınmır. Dünyadakı bütün dövlətlərdə bu kimi hallar baş verir və hüquq pozuntularından heç bir cəmiyyət sığortalanmayıb. Maraqlıdır ki, Avropa İnsan Hüquqları Məhkəməsi yerləşdiyi Fransanın özündə insan hüquqlarının küçə və meydanlarda ayaqlar altına atılması, etirazçılara divan tutulması kimi hüquq pozuntularına məhəl qoyulmur. Lakin Azərbaycan kimi dövlətlərdən edilən şikayətlərə araşdırma və dəqiqləşdirmə aparmadan reaksiya verir və qərardadlar çıxarır. Biz məhkəmənin qərəzsizliyinə, ədalətinə o zaman inanardıq ki, bütün dövlətlərə münasibətdə eyni yanaşma ortaya qoysun, ayrı-seçkilik etməsin. Avropa İnsan Hüquqları Məhkəməsi və bir sıra beynəlxalq təşkilatların Azərbaycana qarşı fəallığına gəldikdə, ölkəmizin müstəqil siyasəti, torpaqlarını azad etməsi, ərazisində erməni separatizmini çökdürməsi həmin qüvvələri qıcıqlandırır. Bir neçə şəxsə münasibətdə təzminat ödənilməsi barədə qərardadlar Azərbaycanı haqlı mövqeyindən döndərə bilməz. Biz gözləyirik ki, beynəlxalq məhkəmələr Ermənistanın Azərbaycan dövlətinə və vətəndaşlarına 30 ilə yaxın vurduğu zərərlərə görə hansı mövqeləri sərgiləyəcək, Ermənistanın təzminat ödəməsi barədə qərarlar çıxaracaqlarmı? Bunu etməyəcəklərsə, biz həmin məhkəmələrin ədalətli olmasından və bizə qarşı çıxardığı qərardadların ədalətli olduğundan danışa bilmərik. Biz onlardan haqqımızı tələb edəcəyik”.

X.Bəşirov qeyd etdi ki, Azərbaycanın müstəqil siyasət yürütməsini və güclənməsini istəməyən beynəlxalq təşkilatların, dövlətlərin anti-Azərbaycan fəaliyyətini gücləndirdiyi bir vaxtda özünü “hüquq müdafəçisi” kimi təqdim edən bəzi azərbaycanlıların da saxta siyahılar tərtib etməsi və təqdim eləməsi təsadüfi deyil: “Azərbaycanı istəməyən qüvvələr səfərbər olublar. Siyasi məhbus mövzusunu da qəsdən qabardırlar. Məqsəd Azərbaycanı hədəfə çıxarmaq və nüfuzuna zərbə vurmaqdır. Siyasi məhbus mövzusu süni yaradılmış "silah"dır. Bu silahdan Azərbaycan və Azərbaycan kimi müstəqil siyasət yürüdən dövlətlərə qarşı istifadə olunur".    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

06.12.2023 08:38
1457