Əli bəy Zizinskini Mircəfər Bağırov öldürtdürüb? –AÇIQLAMA

“Səbinə Uğurun Ermənistan İnqilabı Komitəsinin rəhbəri olan qohumu ilə bağlı xatirələrində bəzi fikirləri tarixi mənbələrə söykənmir. Mircəfər Bağırovla bağlı deyilən fikirlər də buna misaldır”.

Musavat.com xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Qərbi Kaspi Universitetinin müəllimi, araşdırmaçı Adıgözəl Məmmədov bildirib.

O qeyd edib ki, Mircəfər Bağırov müsavatçı olmayıb: “Bununla bağlı bir çox tarixi kitablarım dünyanın aparıcı universitetlərində nümayiş olunub. Həmin kitablarda faktlar olduğu kimi və konkret göstərilib. Səbinə xanım müsahibəsində vurğulayıb ki, Mircəfər Bağırov müsavatçı olub. Əvvəla, Müsavat hakimiyyəti dövründə Bağırov çox gənc idi. O, Əli bəy Zizinskinin Milli Qurtuluş dəstəsinin üzvü idi. Onlar uzun müddət erməni-daşnak birləşmələrinə qarşı vuruşublar. Müsavat hakimiyyəti dövründə Mircəfər Bağırovun hüquq-mühafizə orqanlarına işə qəbulu ilə bağlı Əli bəy Zizinskinin yazılı müraciəti olub. Bu məktub onun məhkəməsində də səsləndirilib”.

A.Məmmədov söyləyib ki, M.Bağırov Müsavat hakimiyyətinin üzvü olmayıb: “Onun üçün ən birinci amil siyasi kimliyi deyil, azərbaycanlı olmağı idi. 1936-ci ildə Moskvadan keçmiş müsavatçılar, ittihadçılar və hümmətçilərin repressiyaya məruz qalması ilə bağlı əmr gəlib. Bu zaman Bağırovu düşündürən əsas məsələ Azərbaycana xidmət edən görkəmli şəxsləri mümkün qədər qorumaq idi və bunun üçün də çalışırdı. Qaldı ki, Lavrenti Beriyaya, onu Nağı  bəyin  böyük qardaşı  ilk öncə təhlükəsizlik orqanlarında kiçik bir vəzifəyə işə götürüb. Beriyanın əsas işi xaricdən gələn məktubların dövlət təhlükəsizliyinə zidd olub-olmaması ilə bağlı rəy yazmaq idi”.

Araşdırmaçı deyib ki, Əli bəy Zizinskinin Mircəfər Bağırov tərəfindən öldürülməsi məsələsi ilə bağlı iddialar da absurd və yalandır: “Əli bəy Zizinskinin Levon Mirzoyan tərəfindən öldürülməsi bir faktdır. 1927-ci ildə Bağırov Azərbaycanı tərk etmək məcburiyyətində qalır. O zamanlar Əliheydər Qarayev və Azərbaycan Siyasi İdarəsinin rəhbəri Novruz Rzayev Əli bəy Zizinskini həbs edirlər. Əli bəy Azərbaycanda sovet hökuməti qurulanda  gizlənirdi. Mircəfər Bağırov 1921-ci ildə, Fövqəladə  Komissiyasının sədri olanda Əli bəy Zizinskini tapır və ona xüsusi sənəd verir. Eyni zamanda Əli bəyin alınan mülkünü qaytarır. Beləliklə, Zizinski, Bağırovun verdiyi mülkün bir otağında özü qalıb, digərlərini icarəyə verməklə dolanıb”.

A.Məmmədovun dediyinə görə, M.Bağırov və Ə.Zizinski bir-birilərinə ata-oğul kimi yaxın olublar: “Bağırovun Əli bəyə sədaqəti onun öldürülməsindən sonra da özünü göstərib. Bağırov Zizinskinin güllələnməsi ilə bağlı üç nəfərdən heyfini çıxmadan rahat dayana bilmirdi. Levon Mirzoyan Qazaxıstanda Partiya Komitəsinin birinci katibi olanda Novruz Rzayev qaçıb onun yanında gizlənir. Mirzoyan və Rzayevin həbs olunmasında Mircəfər Bağırovun müstəsna rolu olub. Çünki, Əli bəyin güllələnməsi ona çox pis təsir etmişdi. Ona görə də, arxivlə işləyə bilməyən müsahiblər yaxşı olar ki, “Mircəfər Bağırovun siyasi portreti” kitabını oxusunlar”.

05.03.2024 14:45
1298