“Ələt terminalından kisə ilə ilan yığırıq" – Anar Cəfərovla SENSASİON MÜSAHİBƏ

Anar Cəfərov 20 ildir ki, herpetologiya ilə məşğul olur. İxtisaca bioloq- zooloqdur. Deyir ki, bu sahəyə, əslində, təsadüfən gəlib. Ancaq sonradan ixtisasını çox sevib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsində oxuyub. Magistr təhsilini zoologiya ixtisası üzrə alıb. Təhsilini bitirdikdən sonra Zoologiya institutunun herpetologiya laboratoriyasında disertant kimi fəaliyyət göstərib. Orada ilanlar və digər sürünənləri tədqiq edib. 2016-cı ildə oradan ayrılaraq bir müddət zooparkda terrarium və akvarium şöbəsində çalışıb. 2018-ci ildən isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyir. Palçıq vulkanları qoruğunun ətrafında olan heyvanat aləminin qorunması ilə məşğul olur.



Həmsöhbətimizin özəlliyi ondan ibarətdir ki, uzun müddət evində ilanlar saxlayıb. Sürünənlərin bu növünə olan sevgisi Anarın bütün həyatını onlara bağlayıb. 20 ildir ki, hər gün ilanlarla təmasda olur, işini onlara uyğun qurur və özünü ilanlarsız təsəvvür etmir. Şəxsi ofisində belə müxtəlif növ ilanlar saxlayır və ora gələn hər kəsi sevimli sürünənləri ilə tanış edir.

3761bdda-3d82-4084-9fba-81b07fd22a8b.jpg (94 KB)

"Yeni Müsavat"ın əməkdaşı Anar Cəfərovun ofisinə baş çəkərək həm ilanlarına tamaşa edib, həm də onunla söhbətləşib.

-Anar bəy, hansı növ ilanları saxlayırsınız?

- Əsasən gürzələri, su və dam ilanlarını saxlayıram. Onların içində ən çox xoşladığım gürzədir. Çünki gürzəni saxlamaq, qidalandırmaq daha asandır. Qızıl ilanı, kələzi və bu kimi digər növləri qidalandırmaq çox çətindir.

Çünki bizim yerli faunada olan ilanlar gizli həyat yaşayır. Onlar insanlarla ünsiyyəti xoşlamır. Bütün günü insanın gözünün qarşısında olmaq ilanlara stress yaşadır və onların qidalanmasına çox ciddi təsir edir. Sanki, insanın qarşısında tələb qoyurlar ki, ya onları təbiətə buraxmalısan, ya da qidalanmadan kəsilib öləcək. Saxlamaq çox çətindir. Bəzən məcbur olub süni qidalar verirəm.

-İlanların süni qidası necə olur ki?

- Yumurtanın sarısı vitaminlərlə zənginləşdirilir və sonra şprislə ilanın mədəsinə ötürülür. Yem torba kimi heyvanın boğazına keçir və oradan sürüşüb mədəsinə gedir. Mədədə fermentlər həmin qidanı parçalayır. Ancaq hamısını həzm etmir. Bir hissəsi nəcislə və ya qusma ilə bədənindən çıxır.

77f92076-b0ae-47e1-85ca-7c3daf6728db.jpg (82 KB)

-İlanlarınızı başqa nə ilə qidalandırırsınız?

- Həşəratlar, qurdlar , siçanlar, cücələr, dovşanlar veririk.

- İnsanların yediyi adi ətdən yeyə bilməz?

-Tritona bir dəfə mal əti verdim, mədəsi həzm etmədi.

6e5268ff-342e-4ca1-8e21-38ef58862ece.jpg (71 KB)

-İlanlarınız neçə müddətdən bir qidalanır? Deyirlər, aylarla yatırlar və həmin müddətdə hətta su belə qəbul etmirlər.

- Havadan asılıdır, qış aylarında hava isti keçəndə periodik oyanmalar baş verir. Havalar soyuq olduqda isə oktyabrın axırı və ya noyabrın ortalarında yuxuya gedirlər və mart ayında ayılırlar.

Anabioz vəziyyətdə sönürlər və ölü kimi olurlar. Bədən temperaturunu kəskin aşağı salırlar. Həmin müddətdə qidalanmırlar, hətta su da içmirlər. Torpağın altındakı su və nəmişlik dəriləri vasitəsi ilə orqanizminə keçir. Qış yuxusundan ayılan kimi ilanlarda cinsi oqranlar aktivləşməyə başlayır və çoxalmaya doğru gedirlər. Qış yuxusu yatmayan ilan çoxalmada iştirak edə bilməyəcək.

Qidalanmaya gəlincə isə deyə bilərəm ki, ilanlar bəzən bir il ac qala bilərlər. Qızıl ilanım bir il yeməkdən imtina etdi, axırda gördüm öləcək onu təbiətə buraxdım. Stress keçirirdi, təbiətdə yaşamaq istəyirdi.

Gürzələr tənbəldirlər, uzun müddət ov etməyi xoşlamırlar. Daha çox qulluğu sevirlər. Ancaq cəlddirlər, qidanı anındaca yeyirlər.

d3984b61-f8c7-4b7f-81d5-a094146f57c5.jpg (55 KB)

-İlanları qapalı qablarda saxlayırsınız, boğulmurlar?

- Qabların dəlikləri var. Həm də bütün canlılar kimi ilanlarda da dəri tənəffüsü yaxşı inkişaf edib. Yəni təkcə ciyərləri ilə deyil, həm də dəriləri ilə nəfəs alırlar.
Əslində, nəmişliyi və orta temperaturu, 20-25 dərəcəni sevirlər.

-Qarabağda ekspedisiyalarda iştirak edirsinizmi? Oranın sürünənlərini öyrənirsinizmi?

-Kəlbəcərdə İrəvan gürzələrini tutmuşduq. Onlar qırmızı kitaba düşüb. Kökü kəsilməkdədir. Lakin çox öyrənilməyib.

0a5ef831-7536-4c8b-87f4-fee94c254264.jpg (86 KB)

-İlan zəhərinin hansı faydaları var?

-Faydaları çoxdur. Onlardan kosmetikaların, dərmanların, peyvəndlərin hazırlanmasında istifadə olunur. Yeganə pis olan odur ki, bu zəhərlərdən süni narkotikanın ərsəyə gəlməsində də istifadə olunur. Süni narkotik zəhər vasitəsi ilə hazırlanır və çox bahalı olur. Ona görə də ilan zəhərini kiminsə sərbəst istehsal etməsi qadağandır. Sovet vaxtında belə qadağa var idi. Çünki ondan sintetik narkotik hazırlanırdı.

Gürzənin yağından və ətindən müalicə məqsədi ilə istifadə olunur. Orta Asiyada zəhərli ilanı arpa spirtinin içinə qoyub məhlul hazırlayırlar. Onu uzun müdət saxlayıb, sonra dərman kimi istifadə edirlər. Mədə-bağırsaq, qan- damar sisteminin müalicəsində yararlıdır. Ancaq bu, bir az təhlükəlidir. Onun üçün yaxşı mütəxəssis olmalıdır.

-Sizi heç ilan sancıb?

-Xeyr. Dişləyən olub, ancaq sancmayıblar. O şansı verməmişəm. Təhülkəsizlik qaydalarına riayət edirəm. Düzgün tutma qaydasını bilirəm. İlanların zəhəri ağır zülallardan ibarətdir. Orqanizm onu həzm edə bilmir. Ona görə də sancan kimi bədən məhv olmağa başlayır.

df6641bd-f00e-4941-8c77-50583018a434.jpg (97 KB)

-İlanların ətrafı görmədiyini deyirlər, bu, doğrudurmuu?

-Demək olar ki, kordular. İnsanı hərarətdən hiss edirlər. Üstünə getdikcə səs çıxarır, hay-küy salır, fısıltı verirlər. Özlərini belə müdafiə edirlər. Əlimdə tutanda biləyimə sarılıb sıxır ki, əzələ boşalsın və onu buraxım.

-Azərbaycanda tədqiq olunmayan ilan növü varmı?

-Əlbəttə, var. Şamaxı gürzəsini ruslar bir ay orada ekspedisiyada olub tapdılar. Bizim isə bir ay ekspedisiyaya getmək şansımız yoxdur. Bunun üçün pul lazımdır. Pulu isə nə dövlət, nə də özəl şirkətlər vermək istəmir. Bəzi növləri tapmaq üçün aylarla həmin ərazilərdə qalmalısan.

Azərbaycanda barmaqla sayılacaq qədər mütəxəsis var. Demək olar ki, yoxdur. İndi ancaq həvəskarlar qalıb. Elmi ya dövlət, ya da özəl sektor maliyyələşdirməlidir ki, məşğul olasan. Bu sahədə pul yoxdur. Evli adamlara isə pul lazımdır. Arvad deyir ki, məni sənin ilanların maraqlandırmır, gözünə girsin. Pul gətir?(Gülür)

b7a0aa78-efe0-442b-bc02-11106a235d9f.jpg (65 KB)

-Sizə elə deyiblər?

-Mən ilanları öyrəndikcə paralel olaraq onu biznes sahəsinə çevirmişəm. Ərazilərin ilanlardan təmizlənməsi, təlimlərin keçirilməsi pulludur. Bu sahədə işləyirəmsə, xeyrini götürməliyəm.

-Zoologiya İnstitundan niyə ayrıldınız?

-Özbaşınalıq var idi. Pulla vəzifəyə gələnlər at oynadır. Mən çıxandan sonra oradan xeyli kadr getdi. Üstəlik maaşlar da az idi. 2004-c ildə işə başlayanda 23 manat maaş almışdım. 2016-cı ildə isə 189 manatla işdən ayrılmışam.
Buna görə də mütəxəssis yoxdur. Bir neçə nəfəri mən öyrətmişəm. Təəssüf ki, onlar arasında gənclər yoxdur. Heç kim qalmaq istəmir. Deyirlər, ilan tutunca, maşın ustası olaram.

-Həm sadə vətəndaşlar, həm də iri şirkətlər sizə müraciət edir?

-"Gazelli" firmasından, aqrokompleksdən müraciətlər olub. Ələt terminalında ilanlar çox olur. Kisə ilə ilan yığırıq ki, ərazilərə keçməsinlər. Sadə vətəndaşlar ilan tutulmasına çağırılanda 30-50 manat arası pul alırıq.

983d60aa-29af-455f-a5b4-65d057b2727b.jpg (61 KB)

- Azərbaycanda ilanar daha çox hansı ərazilərdə yayılıb?

-Abşeronda, Aran rayonlarında, Böyük Qafqazda, Şamaxıda, Qazaxda, Ağstafada çoxdur.

-Evdə də ilan saxlayırdınız. Həyat yoldaşınız etiraz etmirdi ki?

- Yox. O da ixtisaca ekoloqdur. Bir müddət zooparkda işləyib. Uşaqlarım da qorxmurlar, öyrəşiblər, rahat toxunurlar.

2fda5385-f3fc-4b8a-836b-abfe8508389a.jpg (101 KB)

- Deyirlər, bir ilanın 7 qardaşı olur. Öldürülən ilanın qisasını alırlar. Bu reallıqdır, yoxsa mifdir ?

-Bəli, bu, mifdir. Bunu əsasən qızıl ilanlara aid edirlər. Çünki onlar bir yerə toplaşırlar. İnsanlar da deyir ki, qardaşdılar.

-Yol əhvalatı filmində bir ifadə var: “Yalansa səni fransuzskiy ilan vurun”, Niyə fransız ilanı?

-(Gülür) Deyimdir də. Adamı ilan vurar da.

- İlanlarla sizi xaraktercə nə birləşdirir?

-Mən də quyruğumun tapdalanmasını xoşlamıram.



Şahanə Rəhimli
Musavat.com

14.08.2024 19:20
3782