Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dünən Ələt-Astara yolunda üç nəfərin öldüyü qəza barədə məlumat yayıb.
BDYPİ-dən verilən xəbərə görə, iyulun 3-də Ələt-Astara yolunun 70-ci km-də Rusiya Federasiyası vətəndaşı U.Kərimovun idarə etdiyi “Volvo” markalı B082OK06 nömrə nişanlı yük avtomobili qarşıda hərəkət edən Bakı şəhər sakini Məhərrəm Balaxan oğlu Fərziyevin idarə etdiyi VAZ-21051 markalı 99-NA-636 nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə VAZ-21051 markalı avtomobilin sürücüsü və 2 sərnişini dünyasını dəyişib.
İlkin ehtimala görə, qəzanın baş verməsinə səbəb yük avtomobili sürücüsünün diqqətsizliyi və VAZ-21051 markalı maşının sürücüsünün sürət həddi yüksək olan magistral yolda sağ zolaq boş olduğu halda nəqliyyat vasitəsini sol zolaqla və aşağı sürətlə idarə etməsidir.
Eyni zamanda VAZ-21051 markalı avtomobilin istismar müddətinin 33 ildən artıq olması, texniki vəziyyətinin müasir tələblərə cavab verməməsi və qəza zamanı böyük əhəmiyyət kəsb edən təhlükəsizlik avadanlıqlarının olmaması bu qəzada ölüm hallarının baş verməsinin əsas səbəblərindəndir:
“Bir daha bütün sürücülərdən yollarda diqqətli olmaları, sürət həddi yüksək olan yollarda sağ zolaq boş olduğu halda avtomobili sol zolaqla və aşağı sürətlə idarə etməmələri, texniki tələblərə cavab verməyən avtomobillərlə magistral yola çıxaraq həm özləri həmdə digər yol hərəkəti iştirakçıları üçün təhlükə yaratmamaları, xüsusən yay aylarında görünüşü məhdudlaşdıran örtüklərdən istifadə edərək görüş dairələrini məhdudlaşdırmamaları xahiş olunur”.