Elektron siqaretlərlə bağlı SOS xəbərdarlıq: Xərçəng yaradır...

“Yüksək temperaturun təsiri altında elektron siqaretlərin tərkibində olan ləzzətlər və qida əlavələri zəhərli maddələrə çevrilərək müxtəlif xəstəliklərin, o cümlədən xərçəngin inkişafına səbəb ola bilər. Ona görə də onlar qadağan edilməlidir”.

Bu barədə "RİA Novosti"yə Rusiya Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkilatı və İnformasiyalaşdırma Mərkəzi Elmi-Tədqiqat İnstitutunun baş elmi işçisi Qalina Saxarova bildirib.

"Elektron siqaretlərin istilik kamerasında yüksək temperaturun təsiri altında təbii və ya kimyəvi əlavələrin əksəriyyəti zəhərli maddələrə çevrilir, sərbəst radikallar əmələ gəlir. Onlar insan qanına daxil olmaqla, eyni zamanda bütün orqanlara daxil olur, müxtəlif ağır xəstəliklərin, o cümlədən bədxassəli yenitörəmələrin inkişafına səbəb olurlar", deyə Saxarova xəbərdarlıq edib.

Saxarova həmçinin bildirib ki, veyplərdə olan dadlandırıcılar asılılığa səbəb olur: “İstehlakçı müəyyən dadı bəyənməyə başlayır və ya daim dəyişib yeni ləzzətləri sınamağı xoşlayır. Nəticədə o, elektron siqaretdən daha tez-tez istifadə etməyə, böyük miqdarda nikotini daxilə qəbul etməyə və siqaret çəkməyə başlayır və nikotindən asılılığı sürətli inkişaf edir.

Bundan əlavə, bəzi ətirli maddələrin təsiri siqaret çəkməyi asanlaşdıra bilər. Məsələn, mentol tənəffüs yollarındakı ağrıları yox edən yerli anestezikdir; insanlara tərkibində mentol olan aerozol və ya tütün tüstüsü ilə nəfəs almaq daha asandır, bu da təhlükəsizlik hissi yaradır. Eyni zamanda, istehlakçılar daha tez-tez siqaret çəkməyə və daha çox nikotin qəbul etməyə başlayırlar ki, bu da güclü nikotin asılılığının inkişafına səbəb olur.

Hazırda bəzi ölkələrdə mentollu siqaretlər qadağan edilib. Qadağaya cavab olaraq istehsalçılar əvəzində mentolun təsirinə oxşar effekt yaradan sintetik soyuducu mayelərdən istifadə etməyə başlayıblar. Beləliklə, bütün ətirli, ətirləndirici, hazırda isə soyuducu əlavələr qadağan edilməlidir".

Qeyd edək ki, bundan əvvəl də Rusiya mətbuatında hökumətin ətirlər və qida əlavələri olan elektron mayeləri qadağan etməyi planlaşdırdığı haqda məlumatlar yayılmışdı.

Azərbaycanda da artıq bir neçə ildir ki, elektron siqaretlər geniş yayılıb. Bu siqaretlərin insan sağlamlığında yaratdığı fəsadlarla bağlı müxtəlif vaxtlarda fikirlər səsləndirilib. Hətta ötən ay millət vəkili Tahir Mirkişili ölkəmizdə də bu cür siqaretlərin qadağan olunması ilə bağlı parlamentdə təkliflə çıxış etmişdi: “Bir növ siqaret çəkmə üsulu var ki, dünyanın bir çox ölkələrində getdikcə qadağan edilir. Bu, Azərbaycanda da geniş yayılmış siqaret çəkmə formasıdır. Bunlar buxarlanma yolu ilə ingiliscə “vape” adlanan birdəfəlik siqaretlərdir. Araşdırmama görə, bu, gənclər arasında geniş yayılan, dəb, moda halını alan, amma gələcəkdə çox ciddi şəkildə fəsadlara yol açacaq növdür. Əksər ölkələrdə bu, qadağandır. Azərbaycanda qadağan deyil və il ərzində təxminin 3 milyona yaxın birdəfəlik elektron siqaret ölkəmizə idxal olunur. Əgər iqtisadi cəhətdən zərər verməzsə və ya digər məsələlər önə çıxmazsa, biz bu məsələ ilə bağlı təşəbbüslə çıxış edə bilərik”.

eyyub son.PNG (353 KB)

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Azərbaycan dünyanın çox nadir ölkələrindən biridir ki, müasir marketlər girəndə birinci bizi siqaretlər qarşılayır. Bu barədə irad bildirdikdə isə məlum olur ki, reklam haqqında qanunda məhsulun özü reklam vasitəsi hesab olunmur Deyirlər ki, tütün məhsullarının reklamı qadağan olunsa da məhsulun özü reklam vasitəsi deyil. Yəni, bilərəkdən qanunda bu cür boşluq yaradılıb. Azərbaycan bu məsələdə MDB məkanından da geri qalır. Yəni, MDB məkanında satılan siqaretlərin üstü örtülür, 18 yaşına qədər olan şəxslərə satışı qadağandır və sairə.

Bu yaxınlarda Filippində idim, orada demək olar ki, heç yerdə siqaret satılmır. Sadəcə xüsusi kiçik otaqlarda satılır. Həmçinin İtaliyada da siqaretlər marketlərdə satılmır. Azərbaycanda isə hətta siqaret evləri yaradılıb.

Beləliklə, Azərbaycanda tütün və tütün məmulatları haqqında qanun qəbul olunsa da və dəfələrlə dəyişiklik aparılıb, daha da sərtləşdirilsə də ən elementar amil həyata keçirilmir. Məsələn, səhiyyə müəssisələrinin yanında satışı qadağan olunsa da satılır və sairə. Bu azmış kimi, bazara elektron siqaretlər daxil olub. Hətta guya siqareti tərgitmək üçün vasitələr satışa çıxarılıb. Siqaretin bütün növləri, hətta adları qeyd olunan vasitələrin hamısı sağlamlıq üçün təhlükəlidir. Həmin vasitələrin hətta qaçaqmal variantları da var, onlar daha təhlükəlidir, çünki mənbəyi, mənşəyi bilinmir.

Əlbəttə tütün məmulatları nə qədər zərərlidirsə, həmin vasitələr, yəni elektron siqaretlər də bir o qədər zərərlidir, bəlkə daha da artıqdır. Amma bunun açıq reklamını, bukletlərin paylanılmasını görürük. Azad İstehlakçılar Birliyi (AİB) uzun illərdir ki, mübarizə aparır ki, bunların reklamnı heç olmasa qadağan olunsun, amma əhəmiyyət verilmir.

Qeyd edim ki, guya standartlara uyun hazırlanmış bütün bu vasitələrin hamısı insan üçün zərərlidir və ciddi xəstəliklər əməl gətirir, o cümlədən ağ ciyər xərçənginə səbəb ola bilir.

Beləliklə, Tütün və tütün məmulatı haqqında Azərbaycan respublikasının qanunu siqaretlər üçün hansı məhdudiyyəti qoyursa, elektron siqaretlər üçün də həmin qadağalar qoyulmalıdır. Vasitənin reklamı birmənalı olaraq qadağan olunmalı və Azərbaycan əmtəə bazarından çıxarılmalıdır”.

Xalidə Gəray
“Yeni Müsavat”

21.05.2024 23:06
1021