Elektrik mühərrikli avtomobillərə TƏLƏBAT ARTIR – Növbəti illərdə Azərbaycanda…

Dünyada, o cümlədən Azərbaycanda elektromobillərə maraq sürətlə artır. Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon ABŞ dolları dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. Bu avtomobillərin 3 615-i (117,985 milyon ABŞ dolları dəyərində) daxiliyanma mühərriki ilə yanaşı, elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 830-u (35,309 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən nəqliyyat vasitələrinin olduğu bildirilir.  Bu isə birincinin 18,6 faiz, ikincinin isə iki dəfə artması deməkdir.

Elektromobillərin ekologiya və ətraf mühiti digər avtomobillərlə müqayisədə az çirkləndirməsi həm sürücülərə, həm də dövlətlərin marağına uyğun gəlir.  Statistikadan da məlum olduğu kimi, azərbaycanlı sürücülərin də elektromobillərə atələbatı hər il artır. Belə bir fonda Azərbaycan bu avtomobillərin kütləvi istehsalına başlaya, ölkənin istehsalat imkanları bu tələbata cavab verə bilərmi?

 

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, növbəti illərdə elektrik mühərrikli avtomobillərin azərbaycanda istehsalı reallaşa bilər.

Ekspertin sözlərinə görə, bu gün ən çox tələb olunan avtomobillər daxiliyanma mühərrikli avtomobillər, ikinci hibrid, üçüncü isə eloktromobillərdir: “Bu o deməkdir ki, ölkəmizdə sözügedən avtomobil üçün maraq böyük, tələbat isə azdır. Elektromobillərə marağın artması üçün dövlət tərəfindən bir çox stimullaşdırıcı addımlar atılıb. Ötən illər ərzində çıxarılan qərarlara görə, ölkəyə idxal olunan elektroavtomobillər gömrük və digər rüsumlardan azaddır. Azərbaycan Mərkəzi Bankının Kollegiyası “Yaşıl Kart” Sistemi çərçivəsində tətbiq ediləcək sığorta haqlarının müəyyən edilməsi barədə qərarında dəyişiklik edib. Bu da sahibkarların onları yerli bazara gətirməsinə imkan verir. Eyni zamanda qiymətlərin yüksək olmaması onları vətəndaşlar üçün də əlçatan edir. Hazırda elektromobillər üzrə yeni strukturun yaradılması, enerjidoldurma məntəqələrinin sayının artırılması istiqamətində  işlər görülür. Bu proses sürətlənsə, o zaman sözügedən avtomobillərə də tələb artacaq”.

E.Cəfərovun sözlərinə görə, avtomobil sənayəsi qurmaq elə də asan iş deyil: “Böyük məbləğdə investisiya tələb edir. Həmin avtomobillərin satılması üçün bazar lazımdır ki, həm ölkə daxilində, həm də xaricində istehsal olunan məhsulu satmaq mümkün olsun. Hesab edirəm ki, qarşıdan gələn illərdə bu avtomobillər istehsal oluna bilər”.

17.04.2024 11:22
906