Baku TV Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə həsr olunan sənədli film hazırlayıb.
Filmdə öz doğma torpaqlarına qayıdan Laçın və Zəngilan sakinləri dövlət başçısı ilə səmimi görüşlərindən xatirələrini bölüşüblər.
Laçın sakini Solmaz Abbasova Prezidentin təsəvvür etdiyindən də səmimi insan olduğunu bildirib:
“O qədər gözəl qarşıladı ki, camaatı. Hamı ilə tək-tək görüşdü, dərdlərinə şərik çıxdı. Prezidentimiz sağ olsun ki, bizi buraya gətirib çıxardı”.
“Hamının dərdi ilə maraqlanırdı. Soruşurdu ki, kimin nəyi çatmır, nə problemi var. Çox səmimi idi, heç mən belə təsəvvür etmirdim, amma gözümlə gördüm. Gərək insanlar onu qiymətləndirə, bu qələbə, sevincimizi uzun illər yaşadalar”, – Laçın sakini Elbrus Sadıqov söyləyib.
O, Prezident İlham Əliyevin Laçının azad edildiyini açıqladığı gün sevincinin həddi-hüdudu olmadığını deyib:
“Həmin an sevincimdən televizoru qucaqladım, minnətdarlığımı bildirdim”.
Zabux sakini Allahverdi Əliyev qeyd edib ki, az qala Qarabağa qayıtmaqla bağlı ümidlərini itirirdilər:
“Uzaq bir tunelin başındakı qığılcımı cənab Prezident elə yandırdı ki, o tunelin özü belə yoxa çıxdı. Yəni qığılcım hər yeri götürdü, o şəfəq hər yeri bürüdü və bizləri də çox sevindirdi”.
“Heç kim hiss etmədi ki, bu insan Prezidentdir. Əlini qoydu çiynimə ki, gedək çay içməyə. Ağlıma ömür boyu gətirə bilməzdim ki, Prezident belə səmimi olar”, – Laçın sakini İsgəndər Nəcəfov söyləyib.