Eldar Əzizov Bakının icra başçılarını “ram edə” bilmir

BŞİH rəhbəri qanunsuz tikintilərə yol verən İH başçılarını iki il əvvəl də eyni problemə görə danlamışdı, amma...; ekspert: “ Əgər rayonun rəhbəri rüşvət alıb qanunsuz tikintiyə şərait yaradırsa...”

Bakı şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti və digər məsələlər müzakirə edilib.

Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə genişmiqyaslı quruculuğ işləri həyata keçirilir. Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə iştirakçılarının nəzərinə çatdırılıb. Həmçinin son vaxtlarda Binəqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsaslı təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntülər nümayiş etdirilib.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara təmiz əllərlə işləməyi və təvazökar olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən neqativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon icra başçılarına ciddi xəbərdarlıq edilərək təcili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-in monitorinq qrupu tərəfindən işlərə nəzarət ediləcək və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, hələ iki il əvvəl də Bakıda qanunsuz tikintilərlə bağlı vəziyyət və bu halların qarşısının alınması məsələləri paytaxt rayonlarının icra hakimiyyəti başçıları və müvafiq təsərrüfat strukturları rəhbərlərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Fövqəladə Hallar Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı Şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə müzakirə edilmişdi.

Müşavirədə ərazisində daha çox qanunsuz hallara yol verilmiş bəzi icra hakimiyyəti başçılarına ciddi xəbərdarlıq edilmiş, qanunsuz tikinti hallarının qarşısının alınması ilə bağlı təcili və təxirəsalınmaz tədbirlər görülməsi tapşırılmışdı. Amma belə görünür ki, bu müddətdə Bakının rayonlarında qanunsuz tikililərlə bağlı problem həllini tapmayıb. Ümumiyyətlə, tez-tez xəbər lentlərində qanunsuz tikililərin sökülməsi məlumatlarına rast gəlmək olur. Həmçinin, ərazilərin zəbt edilməsi, səkilərin, yaşıllıqların yerində obyektlər tikilməsi kimi şəhərin görünüşünə zərər vuran hallar hələ də davam edir. Bu da icra başçılarının sahibkarlardan rüşvət almasına şərait yaranmasından irəli gəlir.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, problemin həlli kompleks yanaşma tələb edir. İcra hakimiyyətlərinin institutsional olaraq özünü doğrultmadığını vurğulayan N.Cəfərli hesab edir ki, bu strukturlar artıq vətəndaşların tələblərinə cavab vermirlər. “Böyük şəhər bələdiyyəsinin yaradılmasına və bələdiyyələrin funksiyalarının artırılmasına ciddi şəkildə ehtiyac var. Onlar daha məsuliyyətli olacaqlar, vətəndaşlar qarşısında daha hesabatlı olacaqlar. Ancaq təyin olunan icra başçısı gələcəkdə başına hansı işlər gələcəyini bilmədiyi üçün fəaliyyətini şəxsi maraqlar üzərində qurur. Yəni qanunsuz tikinti boş yerə aparılmır, pul müqabilində özbaşınalıqlara yol verilir. Bu da şübhəsiz ki, şəxsi mənafeyi güdməkdir”.

N.Cəfərlinin fikrincə, seçilmiş bələdiyyə üzvü öz ərazisində yaşıllıqların kəsilməsinə, yaxud qanunsuz tikintilərin aparılmasına imkan verməz: “Ən azı vətəndaşlardan çəkindiyi üçün etməyəcək. Fikirləşəcək ki, növbəti bələdiyyə seçkilərində camaat mənə nə deyər... Ona görə icra hakimiyyətləri artıq əhəmiyyətini itiriblər. Digər problem isə tikintiyə icazə verən və nəzarət edən orqanların çox olmasıdır. Belə olan təqdirdə, qurumlar məsuliyyəti biri-birinin üzərinə atır. Bir qurum deyir ki, bu ərazidə qanunsuz tikintidən xəbərim yoxdur, o biri təşkilat icazə verib, o biri digərinin üstünə atır, belə-belə problemlər çoxalır. Hazırda 14 dövlət və hökumət qurumunun tikintiyə icazə səlahiyyəti var. Bu da idarəetmədə qeyri-effektiv olur. O baxımdan idarəetmədə yanaşma dəyişiklikləri mühümdür”.

Fuad Əliyev: "İlham Əliyevə uğurlar arzulayıram"

Fuad Əliyev 

“Müstəqil Həmkarlar” İctimai Birliyinin həmtəsisçisi Fuad Əliyev təsdiqləyir ki, onlara da vaxtaşırı qanunsuz tikintilər barəsində şikayətlər daxil olur: “Bakının bir çox rayonlarında qanunsuz tikintilərə şərait yaradılır. Hazırda buna qarşı tədbirlər görülsə də, yetərli deyil. Əslində, xəbərdarlıq edilməsi müəyyən təsir göstərir. Ən azı məmurlar özlərini yığışdırır. Ancaq qanunsuz tikinti olandan sonra söküntüsü çətinləşir. Çünki iş məhkəməyə verilir, sahibkar narazılıq edir, iş böyüyür. Sahibkar da tələb edir ki, tikintiyə çəkdiyi xərc ödənilsin. Bu da olmayanda narazılar artır. Məncə, bu sahədə fundamental iş aparılmalıdır. Ən əsası isə nəzarət mexanizmi güclü olmalıdır. Əgər rayonun rəhbəri rüşvət alıb qanunsuz tikintiyə şərait yaradırsa, buna qarşı mübarizə aparan qurumların xəbəri olmaya da bilər. Ona görə nəzarət imkanları artırılmalıdır”. Hüquq müdafiəçisinin zənnincə, paytaxtın arxitekturasına xələl gətirilməsinə imkan vermək olmaz: “Xüsusən də bu müşavirə COP29 tədbirlərinə hazırlıq ərəfəsində keçirilib. Bakıya 80 min qonaq gələcəyi açıqlanıb. Hansısa korrupsioner məmurun ucbatından niyə şəhərin görünüşünə zərər gəlməlidir? Bakıda elə yerlər var ki, səkini zəbt edib çayxana açıblar. Belə hallar kimlərinsə cibini doldurur, Bakının isə gözəlliyinə xələl gətirir”.

Emil SALAMOĞLU  
“Yeni Müsavat”

23.08.2024 10:38
2233