"Vikipediyanın Azərbaycanca dil bölməsində 4 bürokrat hüququna malik olan şəxslərdən biri olaraq şəhidlərimizlə əlaqəli 3 min məqalənin silinməsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm. İlk öncə onu qeyd edim ki, Vikipediyada heç bir məqalə silinməyib, bütün məqalələrin hamısı arxivdə qalır. Yəni on il öncə silinmiş məqaləni belə bu gün bərpa etmək mümkündür".
Musavat.com xəbər verir ki, bunu Azərbaycan dilli Vikipediyanın 4 böyüklərindən biri, bürokrat və admin Eldar Əzimov öz sosial media hesabında yazıb.
"Vikipediyanın istənilən dil bölməsində olduğu kimi, azvikidə də zamanla bəzi məqalələr silinib və daha sonra bərpa olunub. Məqalələrlə bağlı tam konsensus olmadığı halda bu cür silinmələr ola bilir. Bu mövzu ilə bağlı da heç vaxt tam konsensus əldə olunmayıb və buna görə də məqalələr haqsız olaraq silinib.
Əminəm ki, məqalələri silən inzibatçılar da bunun fərqinə varıb məqalələrin bərpası üçün əllərindən gələn dəstəyi edəcəklər. Sosial şəbəkələrdə və efirlərdə mövzu ilə bağlı sərt fikirlər səsləndirənləri anlayıram, sadəcə burada qışqırtma kampaniyası olduğunu anlayın. Belə proseslər tez-tez baş verir və sırf bu mövzunun şişirdilməsi isə vikipediyaçılara qarşı bir nifrət yayma kampaniyasıdır. Aldanmayın və səbrli olun", - E. Əzimov qeyd edib.
Musavat.com