“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
“Vaxtilə Aşağı Əskipara kəndində olmuşam, çox səfalı, çox bərəkətli yerlərdir, gözəl torpaqlardır.
“Yeni Müsavat”ın “Baxış bucağı” rubrikasında budəfəki müsahibimiz “Ayna”-"Zerkalo" qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır. Amma Elçin bəylə bu dəfə ənənəvi - mətbuat mövzusunda deyil, ata yurdu olan Qazax rayonunun neçə müddətdir müzakirə mövzusu olan kəndlərinin azad olunmasından danışdıq. Olduqca maraqlı fikirlərini bölüşdü, xatirələrini danışdı.
- Elçin bəy, bilirik ki, Bakıda doğulsanız da, Qazaxa bağlı insansınız. Bu mənada sizinlə fərqli mövzuda danışmaq istəyirik. Qazaxın azad olunan kəndləri ilə bağlı prosesləri yəqin ki, izləyirsiniz. Müşahidələriniz, təəssüratlarınızı bölüşə bilərsinizmi?
- Söhbət tək mənim qazaxlı olmağımdan getmir. Amma təbii ki, Qazaxın kəndlərinin azad olunması, heç şübhəsiz, çox müsbət məsələdir və böyük bir hadisədir. Bundan sonra anklav kəndlər - Qazaxın 3 kəndi və Sədərəyin Kərki kəndi qalır. Bu kəndlərin ətrafında da söhbətlər gedir. Bütün bunlar qarşılıqlı, üzbəüz, təkbətək danışıqların nə qədər önəmli olmasından xəbər verir. Çünki aradüzəldənlər - mən başqa cür deyə bilmirəm - bizi sülhə çağırırdılar. Amma gördük ki, aradüzəldənlər boş-boş fəaliyyətlə məşğul olurdular, sadəcə özlərinə iş tapmışdılar. Gəlirdilər, gedirdirlər, “bəh-bəh”lə qarşılanır, yola salınırdılar, ortalıqda isə heç bir şey yox idi. Bu, 4 kəndin azad edilməsi, delimitasiya və demarkasiya prosesinə başlanılması onu göstərir ki, təkbətək, üzbəüz söhbətdən və danışıqlardan yaxşısı yoxdur. İndi bunu istəyən də var, istəməyən də. İstəməyən daha çoxdur, daha güclülərdir, nədənsə...Belə düşünürəm ki, yerdə qalan kəndlərlə bağlı - onlar anklavdır - bir xeyli danışıqlar aparıla bilər, bu, doğrudan da problemdir. Əgər torpağı alsan belə, gediş-gəliş necə olacaq? İnsanlar təhlükəsiz şəkildə yaşaya biləcəklərmi? Bu məsələ təkcə bizi düşündürmür. Həmin kəndlərin geriyə qaytarılması erməniləri qorxudur. Ermənilər düşünürlər ki, biz o kəndlərə qayıtsaq, artıq bu, onlar üçün böyük təhlükə yaradacaq. Amma bütün bunlar göstərir ki, biz yavaş-yavaş - Paşinyan da dözüm gətirə bilsə, sülh müqaviləsinə doğru gedirik. Bu da çox gözəl bir nəticə olar. Bir çox insanlar belə düşünə bilərlər ki, Ermənistanda Paşinyan əleyhinə etirazlar başlayıb, mitinqlər gedir, istefasını tələb edirlər. Amma bunu unutmamaq lazımdır ki, Paşinyan istefaya getsə və yaxud hər hansı bir səbəbdən postundan uzaqlaşdırsa, hesab edin ki, sülh prosesinin üstündən “yağlı” bir xətt çəkiləcək. Odur ki, əlimizdən gəlsə, biz Paşinyana dəstək olmalıyıq. O mənada ki, Paşinyan artıq Ermənistanın gələcəyinin normal olmasının yolunu anlayıb. Unutmayaq ki, Paşinyan Ermənistanın ilk prezidenti Levon ter-Petrosyanın həmfikirlərindən biri olub. Onun partiyasının üzvü olub, sonradan aralanıb. Ter-Petrosyanın istefaya getməsinin də səbəbini biz bilirik. Çünki indi Paşinyanın Azərbaycanla münasibətdə özünü necə aparmalı olduğunu Levon Ter-Petrosyan o zamanlar özünün məşhur məktubunda yazmışdı. Yəqin ki, bu, Paşinyanın da beyninin hansısa küncündə var imiş. Ola bilər anlayıb ki, Levon Ter-Petrosyan o zaman uzaqgörənlik edib və onu da başa düşüb ki, gərək qonşu ilə əmin-amanlıqda yaşayasan, onunla dava eləməyəsən. Burada başqa həll yolu yoxdur.
- Amma 44 günlük müharibəyə ən böyük səbəbkar da Paşinyanın özü oldu. Müharibə partiyasının üzvü olmaması onun konstruktiv davranacağına ümidləri artırırdı, hətta Azərbaycan Prezidenti ilə də ayaqüstü söhbəti olmuşdu. Amma növbəti il “Qarabağ Ermənistandır”, deməklə ocağı alovlandırdı. Sizcə, onun sərt ritorikasının səbəbi nə idi?
- Əvvəla, bizdən heç kim belə bir şey gözləmirdi. Hamısının beynində bu idi ki, azərbaycanlılar döyüşən deyil, azərbaycanlıların beynində ancaq alış-verişdir, onlar sözün yaxşı mənasında ancaq tacirdilər, ondan başqa azərbaycanlıların əlindən heç nə gəlmir. Sadəcə olaraq bir şeyi unutdular ki, azərbaycanlılar həm də türklərdir - əsas aparıcı etnosu nəzərdə tuturam - türklər də ömür boyu döyüşkən olublar, heç zaman gözüqıpıq olmayıblar. Sadəcə olaraq güclü olan adam həmişə özünə arxayın olur, yanında olanın ona qarşı hansısa bir pis hərəkət edəcəyini düşünmür. Həmişə o fikirdə olur ki, hər necə olsa, qalib gələcəyəm. 30-32 il ərzində baş verənlər göstərdi ki, ermənilər illərlə, on illiklərlə Qarabağ məsələsinə hazırlaşıblar, silahlanıblar, özlərinə dəstək tapıblar və əraziləri işğal ediblər. Paşinyan da heç ağlına gətirə bilməzdi ki, Azərbaycan birdən-birə bu qədər hazırlıqlı ola və cəmi 44 gün ərzində öz torpaqlarını geri qaytara bilər. Əhalimizin də əhval-ruhiyyəsi elə idi ki, hərbi çağırış məntəqələrinin hamısı döyüşə getmək istəyənlərin əlindən az qala partlayırdı. Bütün millət ayağa qalxmışdı və belə deyək ki, millətin qırışığı açılmışdı.
- Elçin bəy, ola bilməz ki, Qazaxın işğaldan azad olunan və ya azad olunacaq kəndləri ilə bağlı xatirələriniz olmamış deyil. Bu barədə nə deyə bilərsiniz?
- Xüsusi xatirəm yoxdur. Amma mən vaxtilə Aşağı Əskipara kəndində olmuşam. Çox səfalı, çox bərəkətli yerlərdir, gözəl torpaqlardır. Özü də o anklavların yaranması da ondan irəli gəlib ki, zaman-zaman və bizim öz məmularımızın tərəfindən, bilmirəm anlamadan ediblər, yoxsa başqa səbəbdən...
- Bəlkə də ifrat humanizmdən...
- Yox, humanistlik deyil, özlərinin maraqları olub. Kimi Ermənistanda, İrəvanda doktorluq dissertasiyası müdafiə eləməliymiş, onun əvəzində “humanistlik” edib, kiminin nə bilim hansı maraqları olub və hansısa sənədləri imzalayıb, həmin yerləri hissə-hissə ermənilərə vermişik. Səhv etmirəmsə, 1984-cü ildəydi, Qazaxın İncədərəsi deyilən ərazisindəki kəndləri -Kəmərli, Qaymaqlı... tərəfdən torpaqları ermənilərə verəndə hətta bizim ovaxtkı Nazirlər Sovetinin sədrinin müavinini yerli camaat döyüb toyuq damına salmışdı. Bu hadisə ilə əlaqədar bir sıra sakinləri həbs etdilər, cəzalandırdılar. Yəni anklavlar belə yaranıb, o torpaqlar həmişə bizim torpaqlar olub. Sadəcə örüş yeri, yaşayış yeri kimi ermənilərə verilib və kəndlərimiz anklav olaraq qalıb. Bu məsələlər xəritədə əksini tapıb-tapmayıb, bilmirəm. Amma ola bilsin Nazirlər Şurasının hansısa sənədi imzalanıb. İndi hüquqi cəhətdən nə qədər güclü və sanballı olub-olmadığını mən bilmirəm. Gərək mütəxəssislər o sənədlərə baxıb, rəy versinlər. Hər halda Alma-Ata bəyannaməsi ilə bağlı nələrsə danışılır. O barədə əlimdə nəsə olmadığı üçün bir şey deyə bilmərəm.
- Yuxarı Əskiparaya nə zaman, kimlərlə getdiyinizi demədiniz. Xatırlayırsınızmı?
- Qazax aran, dağətəyi zona sayılır. O zaman harasa getmək, kabab çəkmək istəyəndə heyvan, yemək götürüb, həmişə Ermənistan dağlarına qalxırdıq. Ermənistan dağları deyəndə ki, onlar da bizim olub. Sovet dövrünədək Göyçə mahalı bizdə idi. Qərbi Azərbaycan deyəndə o tərəfləri, Göyçə tərəfləri nəzərdə tuturam, o zaman bizim yaylaq yerlərimiz olub. Nəticədə belə çıxır ki, yayda yaylağa qalxan, sonradan geri qayıda bilməyən insanlar sovetlərin o qərarından sonra orda qalıblar. Yəni ora bizim torpaqlardır. Əskiparaya da gəzməyə getmişdim. Atam, bibimin yoldaşı oraları çox yaxşı tanıyırdılar, mənə də göstərirdilər. 70-80-ci illərdə olub bunlar. Son hadisələr başlayanadək gedirdik o yerlərə.
- Qazaxın kəndləri, həmçinin Aşağı Əskipara azad olunduqdan sonra yenə də oralara getmək istəyirsiniz?
- Təbii. İnşallah azad olunan kimi gedəcəyəm oralara. Mən Azərbaycanın istənilən yerinə böyük həvəslə gedərəm. Nədənsə biz hamımız ölkədən kənara çıxmaq həvəsi ilə yaşamışıq. Amma baxıram ki, heç Azərbaycanı kifayət qədər tanımıram (gülür). Bizim o qədər gözəl, səfalı yerlərimiz var ki...İmkanım olsa, Bakıda oturmaram, qarış-qarış hər yeri gəzərəm.
Sonda istəyirəm bir məqamı da xüsusi qeyd edib. Bütün bu qələbələrin başında dayanan və millətin qırışığının açılmasının əsas səbəbkarı, heç şübhəsiz ki, ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyevdir. Bir şeyə də fikir verin, bundan əvvəl idman nailiyyətlərimiz var idi, amma bir çoxu nədənsə hansısa legionerlərin hesabına əldə olunurdu. İndi diqqət edin, bizim idmançılar hamısı heç də həmişə nailiyyət qazana bilmədiyimiz idman növləri üzrə özlərini əjdaha kimi aparır. Yəni millətdə döyüşkən ruh əmələ gəlib. Bu da çox böyük bir məsələdir. Çünki biz müharibəni udmuşuq, amma savaş hələ də gedir. Ona görə də hamımız möhkəm olmalıyıq və dərk etməliyik ki, bu torpaqların yiyəsi bizik, onlar uğrunda savaş hər bir cəbhədə aparılmalıdır. Bu yolda hamımıza uğurlar arzulayıram!
Elşad PAŞASOY,
“Yeni Müsavat”