Elçin Mirzəbəyli: “Beton divarlar zirehli texnika ilə darmadağın edilməlidir”

“Kreml bu prosesin illərlə, bəlkə də 10 və daha çox il uzanmasını arzulayır”

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, sərhədlərin delimitasiya və demarkasiyası əsasında sülh müqaviləsinin imzalanması istiqamətində prosesi pozmaq istəyən dairələr xeyli aktivləşiblər. Son günlər Qarabağdakı separatçı-terrorçu qüvvələrin hərəkətə keçməsi də məhv həmin dairələrin işarəsinin məntiqi nəticəsidir.

Amma hər kəs anlayır ki, vəziyyət bu şəkildə davam edə bilməz, nəhayət, qayda-qanun yaradılmasının zamanı yetişib. Mövzu ilə bağlı müsahibimiz siyasi şərhçi, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Elçin Mirzəbəylidir.

- Elçin bəy, Milli Mətbuatımızın yaranmasının 148-ci ildönümünə təsadüf edən söhbətimizdə əvvəlcə jurnalistikamızın, milli mətbuatımızın durumu ilə bağlı fikirlərinizi bilmək istərdik. Ömrünün yarıdan çoxunu peşəkar mətbuata həsr etmiş biri olaraq durumu, Zəfər qazanmış ölkənin mətbuatının vəziyyətini necə dəyərləndirirsiniz və qarşıdakı dönəmdə konkret hansı addımların atılmasını, yeniliklərin olmasını istəyirsiniz?

- Elşad bəy, sizi, Rauf Arifoğlu başda olmaqla, “Yeni Müsavat” Media Qrupunun əməkdaşlarını və istisnasız olaraq, bütün həmkarlarımı Milli Mətbuat Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayıram.

İstənilən sualı cavablandırmaq üçün ilk növbədə həmin sualın əhatə etdiyi məsələlərlə bağlı aydın təsəvvürlərin olmalıdır. Ömrümün yarıdan çoxunu bu işə sərf etmişəm, televiziya və çap mətbuatı da daxil olmaqla, medianın az qala bütün seqmentlərində çalışmışam, amma yenə də bu barədə danışmağa tərəddüd edirəm. Yeni ideyalar səsləndirmək, təşəbbüslər irəli sürmək, hətta yeni layihələrlə çıxış etmək niyyətim də yoxdur. Jurnalistin işi araşdırmaqdır, yazmaqdır, danışmaqdır və mən də öz işimlə məşğul oluram. Belə daha yaxşıdır.

Əksəriyyətimiz yenilik arzulayırıq, həyatımızda dəyişikliklərin baş verməsini istəyirik. Amma özümüz yenilənmək, dəyişmək istəmirik. Təəssüflər olsun, bir çoxumuz islahatlara, dəyişikliklərə “fast-food” kimi yanaşırıq və bizə elə gəlir ki, hər birimiz özümüzə, arzu və istəklərimizə, həyat tərzimizə və düşüncəmizə uyğun gələn islahatı “sifariş” verəcəyik və ən azı qapımıza qədər gətirəcəklər. Digər tərəfdən, medianın bu gününə və gələcəyinə olan baxış bucaqlarımız da fərqlidir. Burada da prosesin bir hissəsinin əvvəlki qaydada, digər hissəsinin isə yeniliklər tətbiq edilməklə irəliyə doğru aparılmasını arzulayırıq. Bir tərəfdən medianın maarifçi olmasını istəyirik, digər tərəfdən biznes subyekti. Əslində bütün bunlar təbii qəbul olunmalıdır. Çünki cəmiyyətimiz 44 günlük müharibədən və Zəfərdən sonra önəmli bir prosesdən keçir. Biz toplum olaraq yenidən formalaşırıq.

“Elə bir konstitusiya islahatı aparmalıyıq ki, ən azı yaxın 50 ildə...”

Bu baxımdan sözümün əvvəlində, özümə münasibətdə “aydın təsəvvürlə” bağlı işlətdiyim ifadə, əslində bütün cəmiyyətə aiddir. Biz Vətənimizin işğal altında olan hissəsini azad etmək istəyirdik, həyatımızın hədəfi də bundan ibarət idi və hər kəsə aydın idi. Yəni Qarabağın azadlığı təkcə dövlətin deyil, bütün Azərbaycan xalqının, cüzi istisnalar olmaqla, Azərbaycan xalqını təşkil edən bütün fərdlərin hədəfi idi. Buna əsasən nail olduq və hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan yaşayış məntəqələrimiz üzərində də suveren hüquqlarımızı təmin edəcəyik. Buna zərrə qədər də şübhə yoxdur. Bəs sonra? Düşünürəm ki, sonrakı hədəflərimizi də tamamilə aydın bir şəkildə müəyyənləşdirməliyik. Əgər müəyyənləşdirmişiksə, o zaman bu hədəflərin aydın şəkildə ictimai rəyə oturuşmasına və hər kəsin fərdi hədəfinə çevrilməsinə çalışmalıyıq. Bu, mediadan başlayaraq bütün istiqamətləri əhatə etməlidir. Bu, mənim subyektiv fikirlərimdir. Prosesin kifayət qədər mürəkkəb olduğunu da, bəzən toplum olaraq hədəflərimizlə potensialımızın uzlaşmadığını da yaxşı başa düşürəm. Eyni zamanda düşünürəm ki, artıq təcrübə ilə dinamikanın, çevikliyin sintezinin mediaya da tətbiq edilməsinin zamanı gəlib. Media nəsillərin barış nöqtəsinə çevrilməlidir - sözün bütün mənalarında. Bu yolda səmimi olan hər kəsə uğurlar diləyirəm.

- Təşəkkür edirəm, Elçin bəy, maraqlı yanaşma və baxış bucağıdır. Qeyd etdiyiniz kimi, bu gün əsas diqqətimiz Xankəndi və ətraf bölgələrdə, Rusiya hərbi kontingentinin müvəqqəti mövcud olduğu ərazilərdə cərəyan edən hadisələrə yönəlib. Xüsusilə də separatçı-terrorçu rejimin revanş cəhdləri növbəti və bəlkə də yekun əməliyyatı qaçılmaz edir, yanaşmasını bölüşürsünüzmü?

- Bölgədə, separatçı-terrorçuların girovuna çevrilmiş erməni əsilli vətəndaşlarımızı xilas etmək üçün əməliyyatların keçirilməsinə mütləq ehtiyac duyulacaq. Hazırda separatçılar Ermənistanın və əsasən bəzi region dövlətlərinin dəstəyi ilə sonuncu qəzəblərini püskürürlər. Tükəndikləri hiss olunur. Dövlət, xalq və fərd olaraq möhkəm dayanmalıyıq. Azərbaycan Prezidenti yüz ildən çoxdur ki, davam etməkdə olan erməni separatizminin kökünü bu torpaqlardan birdəfəlik kəsəcək və gələcək nəsillərə problemsiz, firavan Azərbaycan miras qoyacaq.

- Azərbaycanın Ağdam-Xankəndi humanitar yol təklifinə separatçıların etirazı, üstəlik, yolun Əsgəran hissəsində aksiya keçirmələri, beton sədlər çəkmələrinin cavabı nə olmalıdır, sizcə?

- Beton sədlərin götürülməsi ilə bağlı Rusiya sülhməramlıları başda olmaqla, hər kəsə xəbərdarlıq edilməlidir. Əgər xəbərdarlıqda yer alan tələb bir neçə sutka ərzində yerinə yetrilməzsə, o zaman zirehli texnika ilə beton divarlar darmadağın edilməlidir. Silahlı müqavimət olarsa, cavabı artıqlaması ilə verilməli və dərhal qanunsuz hərbi birləşmələrin tərk-silah edilməsinə başlanılmalıdır.

- Artıq hər kəsə aydındır ki, Brüssel və Vaşinqton danışıqlarının ardınca bölgədəki hadisələrdə tətikləyici rolu Rusiya oynayır. Şimal qonşumuz Azərbaycana münasibətdə getdikcə qırmızı xətləri keçməkdədir. Necə bilirsiniz, “qırmızı ordu”nun ölkəsi hansısa irimiqyaslı təxribatlaramı hazırlaşır, Qarabağda daha uzun müddət qalmaqdan ötrü, yoxsa sadəcə, nəbzimizi yoxlayır?

- Kreml Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını, özünün də əməl etmədiyi 10 noyabr 2020-ci il bəyanatının müddəaları çərçivəsində görür və hətta bu prosesin də illərlə, bəlkə 10 və daha çox il uzanmasını arzulayır. Moskvanın Brüssel və Vaşinqton prosesinə olan qəzəbinin səbəbini də burada görürəm. Rusiya Cənubi Qafqazda mövcudluğunu qoruyub saxlamaq üçün Azərbaycan-Ermənistan münasibətlərinin tam normallaşmasını istəmir. Rusiyanın olduğu yerdə hər zaman yarımçıqlıq, natamamlıq olub və təəssüf ki, şimal qonşumuz bu məziyyətindən əl çəkmək istəmir. Amma “irimiqyaslı təxribat” ssenarisini istisna edirəm. Bu domino effekti verə bilər və onsuz da dünyanın bir hissəsi ilə qarşıdurma vəziyyətində olan Rusiya üçün yeni problemlər yaratmış olar. Rusiyanın xilası Şərqdədir və gələcəyi də Şərq xalqları ilə bağlıdır. Rusiya türklərlə, müsəlmanlarla münasibətlərinə həssas yanaşmalıdır və təəssüf ki, bu reallığı kifayət qədər yaxşı başa düşən Rusiya siyasətçilərinə əks mövqedə dayananlar hələlik Moskvanı təhdid və sabotaj edə bilirlər. Rusiyanın Qarabağda uzun müddət qala biləcəyini düşünmürəm. Çox güman ki, 2025-ci ildə bu ölkənin “sülhməramlı” kontingenti gəldiyi kimi də gedəcək.

- Rəcəb Tayyib Ərdoğanın NATO sammitindən sonra Rusiyaya 2025-ci il mesajı verməsi hansı məna kəsb edir? Bu, cənab Ərdoğanın 2020-ci ilin elə iyul ayında “öz boylarını aşan” ermənilərə və havadarlarına ünvanladığı xəbərdarlıqların məntiqi davamı sayılmalıdırmı? Eyni zamanda Rusiyanın Qarabağda növbəti dönəmlərdə qalmaq niyyətini pozmaqdan ötrü 21-ci əsrdə də Qafqaz İslam Ordusunun - Türk əsgərinin Azərbaycana-Qarabağa hansısa ad altına gəlməsi realdırmı? Hər halda, Şuşa Bəyannaməsi sandığa qoyulmaq üçün imzalanmayıb...

- Rəcəb Tayyib Ərdoğan Rusiyaya öz öhdəliklərini xatırladırdı. Rusiya 10 noyabr 2020-ci il bəyannaməsi imzalandığı zaman üzərinə götürdüyü yazılı və şifahi öhdəliklərin əhəmiyyətli hissəsini yerinə yetirməyib və hər dəfə müxtəlif əsassız bəyanatlarla real addımlar atmaqdan yayınmağa çalışır. Şübhəsiz ki, Şuşa Bəyannaməsi “sandığa qoyulmaq” üçün imzalanmayıb. Amma məsələnin türk-rus qarşıdurması səviyyəsinə çatacağına da inanmıram. Kiçik insidentlərin olması mümkündür. Bundan o yana keçməyəcək.

- Sizcə, Ukrayna bataqlığında ağır itkilər verən Rusiyaya Qafqazda yeni cəbhə açmaq nə dərəcədə sərfəlidir?

- Hətta Rusiya Ukraynaya hərbi müdaxilə etməsəydi də belə, ona Qafqazda yeni cəbhə açmaq sərfəli olmayacaqdı. Cənubi Qafqaz Balkanlardan, Qara dənizdən Mərkəzi Asiyaya qədər uzanan nəhəng bir coğrafiyanın şah damarıdır. Bu şah damarın zədələnməsi bütün bu coğrafiyanı qana bürüyə bilər.

- Elçin bəy, payızda referendumun keçiriləcəyi barədə məlumatlar yayılıb. BAXCP rəhbərliyində təmsil olunan şəxs kimi, necə düşünürsünüz, referenduma çıxarılmalı olan məsələlər hansılar ola bilər?

- Bu məlumatlar rəsmi təsdiqini tapmayıb. Amma ümumi mənzərə Azərbaycanda konstitusiya islahatlarının zəruriliyini ortaya qoyur. Düşünürəm ki, ölkəmizə kənardan ixrac olunan zərərli ideyaların qarşısının alınması və boşluqlara yol verilməməsi üçün ilk növbədə çoxpartiyalı siyasi sistemin inkişafına və siyasi partiyaların fəaliyyətinə real məzmun vermək lazımdır. Bunun üçün isə ilk növbədə proporsional seçki sistemi bir qədər təkmilləşdirilmiş formada bərpa edilməlidir. Bu, həm də siyasi partiyaların daxilində rəqabəti də gücləndirə, durğunluğu, ətaləti aradan qaldıra və ölkəmiz üçün çox gərəkli olan peşəkar siyasətçilərin yetişməsinə, formalaşmasına böyük töhfə verə bilər. Bununla yanaşı, yerli idarəetmə orqanlarının da səlahiyyətlərinin artırılmasının vacibliyini düşünürəm. İndiki statusda və formada bələdiyyələr dövlətin üzərində əlavə yükdür. Amma yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə real məzmun verilərsə, əksinə, dövlətin yükü dəfələrlə azala bilər.

İnzibati ərazi vahidləri və digər bu kimi məsələlərlə bağlı da konstitusiya islahatlarının vacib olduğu qənaətindəyəm. Həmçinin hesab edirəm ki, parlamentin səlahiyyətlərinin, eləcə də hökumətin parlament qarşısında hesabatlılığının artırılması da vacibdir. Bütün hallarda elə bir konstitusiya islahatı aparmalıyıq ki, ən azı yaxın 50 ildə yenidən konstitusiya islahatlarının həyata keçirilməsinə ehtiyac duyulmasın.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

22.07.2023 12:41
1774