Macarıstan Avropa İttifaqında bizim bir nömrəli tərəfdaşımızdır.
Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Macarıstanın "Magyar Nemzet" saytına müsahibəsində deyib.
"Hesab edirəm ki, biz hamımız Azərbaycanın Macarıstanı Avropa İttifaqında özünün ən yaxın tərəfdaşı hesab etməsi ilə bağlı bəyanatla razıyıq. Bu münasibətlərin yaşı 30 ildən çoxdur və ölkələrimiz arasındakı yaxınlığın arxasında bir neçə element dayanır. Bizi qarşılıqlı hörmət və maraqlara əsaslanan dostluq hissi birləşdirir. Bütün bunlar həm də ikitərəfli münasibətlərimizin nə üçün yaxşı olduğunu izah edir, lakin eyni şeyi çoxtərəfli çərçivələrdə, o cümlədən Avropa İttifaqı, NATO və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığımız haqqında da demək olar. Biz əlaqələrimizi ildən-ilə genişləndirir, yeni sahələrə və ölçülərə çatırıq.
Hər şey enerji sahəsində əməkdaşlıqdan başlayıb və Macarıstan-Azərbaycan əlaqələrinin diapazonu genişlənir. Digər mühüm amil isə baş nazir Viktor Orban və Prezident İlham Əliyev arasında olan mükəmməl şəxsi münasibətlərdir. Bu, zamanın sınağından çıxmış dəyərli bir münasibətdir", - deyə E. Əmirbəyov bildirib.
Elçin Əmirbəyov qeyd edib ki, enerji Macarıstan-Azərbaycan əməkdaşlığının əsas sahələrindən biridir:
"Enerjidən danışanda gəlin, karbohidrogenlərlə məhdudlaşmayaq. Azərbaycan və Macarıstan Rumıniya və Gürcüstanla Qara dənizin dibi ilə elektrik ötürücü xətti layihəsi üzərində işləyir. Beləliklə, biz təkcə mədən yanacaqları və karbohidrogenləri deyil, həm də yaşıl enerji və təmiz enerji ixrac etməyə çalışırıq. Layihə ölkələrimizin ənənəvi enerji mənbələrindən bərpa olunan mənbələrə keçmək öhdəliyi ilə sıx bağlıdır.
Azərbaycanın bərpa olunan enerji mənbələri, o cümlədən günəş, külək və suyun enerjisi sahəsində çox mühüm potensialı var ki, bu da gələcək əməkdaşlığımız üçün yeni perspektivlər açır. Biz həmçinin Qazaxıstan və Özbəkistanla da danışıqlar aparırıq, onlar da bərpa olunan enerjinin Avropa bazarına ixracı üzərində işləyirlər".
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi sonda Macarıstanın Avropa Şurasına sədrliyini yüksək qiymətləndirdiklərini bildirib:
"Macarıstan Azərbaycanın Avropa İttifaqında ən yaxın tərəfdaşlarından biridir, Aİ isə ölkəmizin strateji tərəfdaşıdır və təbii ki, bizim məqsədimiz Macarıstanın sədrliyi ilə ittifaqla əlaqələrimizi inkişaf etdirmək idi. 2022-ci ildə biz Avropa Komissiyası ilə hər iki tərəfin hörmət etdiyi və Azərbaycan təbii qazının idxalını ehtiva edən strateji tərəfdaşlıq sazişi imzaladıq. Bu, yalnız bir istiqamətdir, lakin biz həm də Aİ ilə əlaqələrimizi şaxələndirməyə çalışırıq. Coğrafi baxımdan biz regionun çox mühüm tərəfdaşlarıyıq, Cənubi Qafqaz Asiyanı Avropa ilə birləşdirən dəhlizin qovşağıdır. Mərkəzi dəhliz Çindən Mərkəzi Asiya, Xəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Avropaya çatır.
Biz Macarıstanın regionumuzda sülh quruculuğu səylərindən də bəhrələnirik. Həmçinin Macarıstanı Avropa Siyasi Birliyinə uğurlu sədrliyi və ən böyük zirvə toplantısı münasibətilə təbrik edirik".
Musavat.com