"Əla növ” markalı məhsulu saxtası ilə ayırd etmək olmur, çünki..."

"Standartlaşdırma sahəsi mühümdür. Yəni hər bir istehsal edilən məhsulun keyfiyyətini müəyyənləşdirmək üçün onun müəyyən standartı olmalıdır. Xüsusilə qida sənayesində bu məsələ çox aktualdır. Çox təəssüf ki, bu gün rəflərdə olan məhsulların hamısı “əla növ” olaraq markalanır. Bu da sözsüz ki, haqsız rəqabətə yol açır".

Musavat.com xəbər verir ki, bunu qida mühəndisi Yusif Həkim bildirib.

O əlavə edib ki, həqiqi “əla növ” məhsul satan istehsalçı ilə saxtakarlıq edən istehsalçını ayırmaq mümkün deyil:

"Ona görə standartlarda keyfiyyətlə bağlı konkret tələblər qoyulmalıdır. Lakin heç bir standart saxlanma müddətini müəyyənləşdirə bilməz. Xüsusilə ölkəmizdə geniş istifadə edilən QOST–lar texnologiya fərqi qoymadan konkret saxlanma müddəti müəyyənləşdirir. Saxlanma müddəti istehsalda istifadə olunan texnologiyadan asılıdır. SANPİN adlandırdığımız Səhiyyə Nazirliyinin 30 aprel 2010 cu il tarixli 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər Sanitariya-epidemioloji qaydalar və normativlər” – in 2.5 maddəsində belə qeyd olunur: “İstehsalçı müəssisə tərəfindən məhsulların istehsalı, qablaşdırılması, daşınmasında yeni, müasir texnologiyaların və qida əlavələrinin (konservantlar, stabilizatorlar və.s) tətbiqi şərti ilə, eləcə də xarici ölkələrin təcrübəsinə əsaslanaraq hazırlanmış yeni normativ sənədlərdə (texniki şərt, reseptura) dövlət sanitariya-epidemioloji xidməti ilə razılaşdırmaqla saxlanma müddəti dəyişdirilə bilər".

Ekspert qeyd edib ki, hazırda ölkəmizdə standartlar könüllü xarakter daşıyır.

"Yəni istehsalçı ya istənilən standarta müraciət edə bilər, ya da laboratoriya nəticəsi ilə saxlanma müddəti müəyyənləşdirə bilər. 
Saxlanma müddətini təyin etmək üçün Arrhenius, Q10 teorilərindən istifadə edilir. Həmçinin saxlanma müddətini müəyyənləşdirmək üçün bir neçə metod vardır: Direct method, Challenge method, Predictive microbiology, Accelerate shelf life test, Survival method", - deyə, ekspert bildirib. 

Afaq Mirayiq,
Musavat.com

07.09.2024 16:38
772