İsrail Müdafiə Qüvvələri 2023-cü ilin oktyabrında Fələstin-İsrail münaqişəsinin qızışmasından bəri 98 fələstinli jurnalisti həbs edib.
Musavat.com xəbər verir ki, bu barədə Qətərin Əl-Cəzirə telekanalı Fələstin Məhbuslar Cəmiyyətinə istinadən məlumat yayıb.
Məlumata görə, saxlanılan 98 media işçisindən 52-si İsraildə həbsdə qalır.
“ Qəzza zolağından olan 17 jurnalist var, onlardan 2-si oğurlanıb və zorla əsir götürülüb”, - cəmiyyət qeyd edir. İsrail hökuməti 15 fələstinli jurnalisti heç bir ittiham və mühakimə olmadan inzibati həbs edib.
Sərhədsiz Reportyorlar qeyri-hökumət təşkilatının məlumatına görə, oktyabrın 7-dən İsrail qüvvələri Qəzzada 130-dan çox fələstinli jurnalist və media işçisini öldürüb. Onlardan 30-u xidməti vəzifəsini yerinə yetirərkən dünyasını dəyişib.
2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.
Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək və oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.
Şahanə Rəhimli
Musavat.com