"HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsin İranın yeni prezidenti Məsud Pezeşkianın andiçməsindən dərhal sonra oldu. Bu iki nöqtəyə fikri cəmləşdirir: Kəşfiyyat orqanları İrana gələn nümayəndə heyətləri arasında “casus axtarışına” başlaya bilər. Elə İsrailin də məqsədi İranı bu istiqamətə yönləndirməkdir. Çünki bununla İsrail İranın təhlükəsizlik cəhətdən boşluqlarla dolu ölkə olduğunu göstərir, Tehranın xarici dövlətlərlə əlaqələrində əhəmiyyətli maneə yaratmağa çalışır".
Musavat.com xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov bildirib.
O əlavə edib ki, İsmayıl Haniyə İranın Yaxın Şərqdəki arzusunda olduğu məhdud güzəşt siyasətinin qurbanı ola bilər. Yəni İran beynəlxalq aləmlə əlaqələrini cilalamağa çalışdıqca, onun qarşısında Yaxın Şərqdəki addımlardan çəkimlən şərt kimi qoyulurdu.
"İran ola bilsin ki, qapalı görüşlərdə müəyyən kompromis əlamətlərini göstərib, lakin, gerçəklikdə o, böyük ölçüdə regional siyasətini redaktə edən deyildi. Hər halda, bu versiyalar gündəmdədirsə, Haniyənin öldürlməsi səbəbləri İranın daxili areanasında da axtarıla bilər. İsmayıl Haniyədən sonra HƏMAS-ın müqaviməti qırıla bilər. İran Yaxın Şərqin Fələstin-İsrail cəbhəsində problemlərlə üzləşəcək, amma HƏMAS-ın təməlləri onun qısa müddətdə yenidən təşkilatlanması ehtimallarını gücləndirir. Türkiyə də HƏMAS liderini qoruya bilmədi, beləcə İsrail həm də Türkiyənin HƏMAS-ın təhlükəsizlik çətiri olmadığı fonunu yarada bildi. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə hədə olaraq səsləndirdiyi “biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik” məlum bəyanatından sonraya təsadüf etdi. Türkiyə amilində üç məsələ gündəmə gəlir: Ərdoğan böyük ehtimalla Türkiyənin Yaxın Şərqdə kəşfiyyat imkanlarının və hərəkatları idarə edə bilmək potensiallarının güclənməsinə istinad edirdi. İsrail üçün bu qəbuledilməz olduğundan Haniyənin qətli ilə Türkiyəyə cavab vermiş oldu. Beləliklə, Türkiyənin İranla kəşfiyyat sahəsində güclü əməkdaşlığı və məlumat mübadilələri üçün şərait yaranmış olur..."
Afaq Mirayiq,
Musavat.com