“Vətən müharibəsindən öncə müəyyən mənbələrdə Ermənistanın Azərbaycana vurduğu zərərin məbləği 820 milyard dollar kimi göstərilirdi. Lakin qeyd edəcəyim faktorları da nəzərə alsaq, bu işğalın Azərbaycan iqtisadiyyatına mənfi təsirini ümumilikdə bir trilyon dolları keçdiyini deyə bilərik”.
Musavat.com xəbər verir ki, bu fikirləri Eldəniz Əmirov bildirib. O əlavə edib ki, 900 yaşayış məntəqəsindən 6000-dən çox sənaye və kənd təsərrüfatı binası 695 tibb müəssisəsi, 693 məktəb, 7000 müxtəlif təyinatlı ictimai binalar, 927 kitabxana, 855 uşaq bağçası dağıdıldı.
3000 km-ə kimi kommunikasiya xətləri, 15000 km elektrik xətləri, 3000 km-ə kimi avtomobil yolları yerlə yeksan edildi. Qızıl və digər faydalı qazıntı yataqlarını vəhşicəsinə istismar etdilər. Kənd təsərrüfatı torpaqları qeyri-standart şəkildə istismar olundu. Meşə örtüklərini məhv edildi, ekoloji terrora məruz qaldı. Həmçinin Azərbaycan 30 il ərzində erməni işğalı səbəbində böyük imkanları qaçırdı. 30 il bu torpaqlarda iqtisadi fəaliyyətlə məşğul olmadıq. Azərbaycanın 20 faiz ərazisindən ölkə iqtisadiyyatına bir qəpik də vəsait daxil olmadı. Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin saxlanması üçün uzun illər boyu vəsait ayrıldı. Qaçqınların və məcburi köçkünlərin sosial rifahı üçün xərclənən vəsaitlər, eləcə də, onların mənzil şəraitinin yaxşılaşdırılması, təhsil xərclərinin qarşılanması və digər sosial təminat məsələlərinə ciddi həcmdə pullar xərcləndi.
Bu da hamısı deyil, Ermənistanın bizə etdiyi düşmənçilik, məkrli siyasətə görə Azərbaycan məcbur olub öz silahlanmasına böyük məbləğdə pul vəsaiti xərclədi”.
Ekspert qeyd edib ki, strateji tərəfdaşlıq üçün iqtisadi münasibətlərdə bir çox ölkələrə güzəştə getmişik: “Halbuki Ermənistan faktoru olmasaydı, biz daha yaxşı şərtlər altında neft-qaz ticarətini apara və daha çox gəlir əldə edilərdik. Müharibədə torpaqlarını Azərbaycan öz insan kapitalı və maliyyə resursları sayəsində azad etdi. Xərclənmiş vəsaitin kəmiyyət göstəriciləri ölçüyə gəlməzdi.
Bu gün torpaqlarımız azad edilsə də, hələ qarşıda uzun illər işğaldan azad etdiyimiz ərazilərdə Lənkəran, Qəbələ, Quba və digər rayonlarımız kimi həyatın bərpa edilməsi üçün uzun illər və 100 milyardlarla vəsaitlər lazım gələcəkdir. Bütün bunları nəzərə alaraq qətiyyətlə deyə bilərik ki, Azərbaycan 30 il torpağı işğalda olan ölkə olmasaydı bu gün tamamilə fərqli bir iqtisadi göstəricilərə və sosial rifah parametlərə sahib olardı. Odur ki, Azərbaycanı Azərbaycanın yaşadığı 30 illik dəhşətləri yaşamayan hansısa ölkə ilə müqayisə etmək doğru yanaşma sayıla bilməz”.
Afaq,
Musavat.com