İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) aparılan yolsuzluq istintaqında şok bir dönüm nöqtəsi yaşanıb.
Əkrəm İmamoğlunun 2020-ci ildə şəxsən təyin etdiyi və “ən güvəndiyi adamlardan biri” kimi tanınan Kültür A.Ş-in rəhbəri Murat Abbas, susqunluğu pozub və bütün detalların üstünü açıb.
İfadəsində İmamoğlunun adını birbaşa hallandırmayan Abbas, lakin göstərdiyi şəxslər, yönəldiyi strukturlar, işarə etdiyi pullar və toplantılarla İmamoğlunun siyasi və hüquqi taleyinə ağır zərbə vurub.
İstanbulda böyük büdcəli mədəniyyət layihələrinin arxasında duran, tender proseslərini yönəldən, seçki kampaniyalarına “fond axını” təmin edən Murat Abbas, “etkin pişmanlık” (fəal peşmanlıq) hüquqi mexanizmindən yararlanaraq ifadə verib və polis nəzarəti şərti ilə azadlığa buraxılıb. Lakin onun ifadəsi bələdiyyədəki böyük sistemin necə işlədiyini bir sətirlə belə özətləyib: “Pul axını Kültür A.Ş-dən başladı, Medya A.Ş-yə yönəldi, seçki kampaniyasına dayandı.”
Abbas bildirib ki, 43 milyon lirəlik “Dijital Deneyim Merkezi” layihəsinin yalnız 13 milyonluq hissəsi real işlərə xərclənib, qalan pulların yönləndirilməsi isə İBB rəhbərliyinin bilavasitə təlimatı ilə olub. Bu pullardan bir hissəsi “Ramazan yardımı” adı ilə CHP-nin seçki kampaniyası üçün toplanıb. İfadədə ən çox adı çəkilən şəxslər isə İBB rəhbərliyində təmsil olunan Murat Ongun və Ertan Yıldız olub.
Ən dramatik məqam isə əməliyyatdan az əvvəl – 9 mart tarixində keçirilən “səssiz toplantı” ilə bağlıdır. Abbas bu iclasda bələdiyyənin rəhbər şəxslərinin əməliyyatdan xəbərdar olduğunu, işçilərə “ağız birliyi” etmələri üçün təlimat verildiyini, məlumatların gizlədildiyini açıqlayıb. Bu isə istintaqa gizlətməyə cəhd kimi qiymətləndirilir.
İfadələrdən sonra məhkəmə İmamoğlunun həbsinin davam etməsinə qərar verib. Türkiyə siyasətində parlayan, bir zamanlar prezidentliyə namizəd kimi göstərilən Əkrəm İmamoğlunun “ən yaxınındakı adamın onu satması” həm hüquqi prosesdə, həm də ictimai rəy mühakiməsində qələminin qırıldığı an kimi yadda qaldı.
Musavat.com