Bu günlərdə Azərbaycan kütləvi informasiya vasitələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinad edərək bildirilib ki, 2024-cü ilin peyk təsvirlərinin analizləri Sərsəng su anbarında su səthinin sahəsinin maksimum səviyyəyə – 1065 hektara çatdığını göstərir. Məlumatda həmçinin 2014-2023-cü illər ərzində Sərsəng su anbarının su səthində müəyyən artma-azalmanın olduğu, uzun illər ərzində Sərsəng su anbarının mənfi ekoloji təsirə məruz qalması vurğulanır. Qeyd edilir ki, Sərsəng su anbarında suyun səthinin artması ötən ildən etibarən su anbarının ekosisteminin bərpasının nəticəsi hesab oluna bilər.
Məlumatda həmçinin vurğulanır ki, Qarabağın ən iri su hövzəsi olan Sərsəng su anbarı Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyətə malikdir. Doğrudan da, sıx çay şəbəkəsinə malik olan Kiçik Qafqaz dağları Azərbaycanın su ehtiyatlarının formalaşmasında vacib rol oynayır. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. Ermənistanın işğalına qədər özləri ilə ölkəmizin düzən ərazilərinə bol su gətirirdilər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdı. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtərçay üzərində tikilmiş Tərtər hidrokompleksidir. Bu kompleks Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilərək 1976-cı ildə istifadəyə verilib. Məlum olduğu kimi, 560 mln kub metr su tutumu olan Sərsəng su anbarı və iki turbindən ibarət ümumi gücü 50 MVt olan elektrik stansiyası Tərtər hidrokompleksinin tərkib hissələridirlər. Tərtər hidrokompleksi istifadəyə verildikdən sonra Sərsəng su anbarından öz başlanğıcını götürən magistral su kanalları düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Yevlax, Ağcabədi və Goranboy rayonlarının ərazilərində təxminən 100 min hektara qədər torpaq sahəsini suvarırdı.
Lakin Sərsəng su anbarı 1992-ci ildə Ermənistan hərbi qüvvələri tərəfindən işğal edildi və İkinci Qarabağ müharibəsinə qədər işğal altında saxlanıldı. İşğal dövründə Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı qüvvələr tərəfindən kəsilmişdi və cəbhəyanı Azərbaycan əhalisinə qarşı ekoloji terror silahı kimi istifadə edilirdi. İşğalçı qüvvələr suyu Sərsəng su anbarından qışda buraxırdı və bunun nəticəsində torpaqlar su altında qalırdı, yollar dağılırdı, sel baş verirdi. İnsanların və kənd təsərrüfatının suya çox böyük ehtiyac olduğu yay mövsümündə isə, əksinə suyun qarşısını kəsirdilər. Bunun nəticəsində cəbhəyanı rayonların kənd təsərrüfatına ciddi ziyan vurulmuşdu, əkin sahələrinin suvarılmasında problemlər yaranmışdı, yaşıllıqlar quruyaraq məhv olurdu, torpağın bioloji strukturunda dönməz proseslər başlamışdı, bölgədə ciddi ekoloji gərginlik yaranmaqda idi, biomüxtəliflik ciddi təhlükə ilə üzləşmişdi.
Sərsəng su anbarının texniki qurğuları işğal dövründə eyni zamanda baxımsızlıqla üzləşmişdi və onlara texniki xidmət göstərilmirdi. Bu səbəbdən Sərsəng su anbarında müxtəlif səbəblərdən qəzanın baş verməsi ehtimalı artmaqda idi və bununla da cəbhəyanı ərazilərdə Sərsəng su anbarının dağılması ehtimalı real təhlükənin mövcudluğundan xəbər verirdi. Odur ki, işğal altında qalmış Sərsəng su anbarı Azərbaycan üçün böyük təhlükə mənbəyinə çevrilməkdə idi. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla yanaşı, cəbhəyanı rayonlarda yaşayan 400000 mülki əhalinin kütləvi şəkildə məhv edilməsi və yenidən bölgədə humanitar böhran vəziyyətinin yaranması ehtimalı artmaqda idi.
Odur ki, rəhbəri olduğum Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Sərsəng su anbarı ilə bağlı qeyd edilən problemləri nəzərə alaraq 2013-2017-ci illər ərzində “Sərsəng harayı” adlı genişmiqyaslı layihə həyata keçirdi.
Bu layihə çərçivəsində işğal altında qalmış Sərsəng su anbarının problemlərini milli və beynəlxalq səviyyədə siyasi gündəliyə gətirildi, yerli və xarici əkspertlərin iştirakı ilə problemlə bağlı dərin araşdırmalar aparıldı. Sərsəng su anbarının strateji, siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyətini mütəmadi olaraq məlumatlandırıldı. İşğalçı Ermənistan tərəfindən Sərsəng su anbarının cəbhəyanı bölgədə yaşayan azərbaycanlı əhaliyə qarşı silah kimi istifadə edilməsi faktı millət vəkili, AŞPA üzvü, AVRONEST PA-nın nümayəndə heyətinin rəhbəri kimi mənim qətnamə layihəmlə müxtəlif beynəlxalq təşkilatlarda, o cümlədən AŞPA, Avropa Parlamenti və AVRONEST PA-da müzakirə edildi. 45 Avropa ölkəsinin AŞPA deputatları tərəfindən imzalanan qətnamə layihəm ciddi səylərimiz və davamlı mübarizə nəticəsində AŞPA-nın 2016-cı il yanvar sessiyasında 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamlərinin qəbul edilməsinə nail olundu. Qətnamədə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və işğal altında saxlanması vurğulanır, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələb edilir, təcavüzkar dövlətin sudan silah kimi istifadə etməsi pislənir və “qəsdən süni ekoloji böhranın yaradılması “ekoloji təcavüz” hesab edilirdi, Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərinin yalnız birinin xeyrinə siyasi təzyiq vasitəsi kimi istifadə etməsini dayandırması tələb edilirdi.
Qeyd edilməlidir ki, bu qətnamə Avropanın anti-Azərbaycan və ermənipərəst qüvvələri ilə yanaşı, Ermənistan hakimiyyətinə qarşı çox gərgin mübarizə nəticəsində bu qətnamənin qəbul edilməsinə nail olduq. Ermənistan hakimiyyəti bütün siyasi-diplomatik resursunu bu qətnamənin qəbul edilməsinin qarşısını almaq üçün səfərbər etmişdi. Belə ki, Ermənistanın müxtəlif ölkələrindəki diplomatik korpusları, erməni kilsələri, erməni diaspor təşkilatları bu qətnamələrin qarşısını almaq üçün 2015-ci ilin dekabr ayından başlayaraq bütün səylərini səfərbər etmişdilər. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmadı və ona qarşı kampaniyalar aparıldı. Mənim özüm AŞPA-da üzvü kimi Sərsəng su anbarına dair qətnamə layihəsi verdikdən sonra anti-Azərbaycan və ermənipərəst qüvvələr tərəfindən təzyiqlərə məruz qaldım. Bu çətinliklərə və təzyiqlərə baxmayaraq AŞPA-da qətnamənin böyük səs çoxluğu ilə qəbul edilməsinə nail olduq. Qətnamə AŞPA-da qəbul edildikdən sonra AVCİYA-nın Ağ Ev, Obama Administrasiyasına ünvanlanan "Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə" adlı petisiya 1 ay müddətində 330 min səs toplayaraq 2-ci yer tutdu və Sərsəngi bütün dünyaya tanıtdı. Bu səsvermədə Azərbaycan vətəndaşları ilə yanaşı Türk bacı və qardaşlarımız da fəal iştirak etdilər.
Təəssüflər olsun ki, sonradan digər beynəlxalq təşkilatların işğalla bağlı qəbul etdiyi sənədlər kimi AŞPA-nın 2085(2016) qətnaməsi də icra olunmadı, beynəlxalq ictimaiyyət tərəfindən onların müddəalarının yerinə yetirilməsi istiqamətində hər hansı səy göstərilmədi və onlar kağız üzərində qaldı. Demokratik dəyərlərdən, beynəlxalq hüququn yerinə yetirilməsinin vacibliyindən, insan hüquqlarının aliliyindən dəm vuran beynəlxalq institutlar, ictimaiyyət bu məsələdə biganəlik nümayiş etdirdi.
Vəziyyət yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin payızında 44 gün davam edən İkinci Qarabağ müharibəsi və 19-20 sentyabr 2023-cü ildə cəmi 24 saata yaxın davam edən lokal antiterror tədbirləri nəticəsində dəyişdi – Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi bütövlüklə bərpa edildi.
Bu tədbirlər nəticəsində strateji xarakterli obyektlərindən biri olan Sərsəng su anbarı 2023-cü ilin sentyabrında tam şəkildə yenidən Azərbaycanın istifadəsinə qaytarıldı.
Öz qətnaməsinin qərarlarını yerinə yetirmək istəməyən və bacarmayan Avropa Şurası adı çəkilən qətnaməsinin qərarlarına müzəffər Prezidentimiz İlham Əliyev dünyada ilk dəfə beynəlxalq təşkilatların edə bilmədiyini, icrasını bacarmadıqları qətnamə qərarını həyata keçirdi. Müzəffər ordumuz, Ali baş komandanımız Sərsəngi azad etdi, Sərsəng azad edildi. Sərsəng Azərbaycanın nəzarətinə keçdiyi qısa zamandan sonra tarazlığını bərpa edib, çünki öz sahibinə qovuşub!
30 ildən artıq erməni tapdağı altında inildəyən və susuzluqdan cadar-cadar olmuş torpaqlarımız Prezidentimizin qələbəsi nəticəsində bu gün məhsuldar torpaqlara çevrilməkdədir.
Qısa bir müddət ərzində Azərbaycan ölkə ərazisində su resurslarının səmərəli istifadə edilməsi məqsədilə Qarabağ iqtisadi rayonu və ətraf bölgələr üçün strateji əhəmiyyət kəsb edən Sərsəng su anbarının işğal dövründə məruz qaldığı mənfi ekoloji təsirləri aradan qaldırmağa və onun ekosisteminin yenidən bərpasına nail oldu.
Fürsətdən istifadə edərək diqqətə çatdırmaq istəyirəm ki, AŞPA həmişə olduğu kimi Azərbaycana qarşı təzyiq metodlarından istifadə etməyə çalışır. Buna görə də Xarici İşlər Nazirliyinin AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dondurulmasına səs verən deputatların ölkəmizə buraxılmaması barədə bəyanatını AVCİYA kollektivi adından təqdir edirəm. Eyni zamanda Azərbaycan hakimiyyətinin AŞPA, Avropa Parlamenti və ATƏT PA nümayəndə heyətlərini seçkiləri müşahidə etmək üçün dəvət etməməsini tam şəkildə dəstəkləyirəm və haqlı hesab edirəm. Belə ki, son 25 il ərzində bu qurumların Müşahidə missiyasının Azərbaycanda prezident, parlament və bələdiyyə seçkilərində, referendumlarda istifadə etdiyi təcrübəni və onlarla qurduğumuz birgə fəaliyyətimizin şahidi olaraq bir daha təsdiq edirəm ki, onlar Azərbaycana qarşı ancaq şər və böhtan kampaniyalarından istifadə edib, ölkəmizə qarşı böyük qərəzçilik nümayiş etdiriblər və Azərbaycanın mənfi imicini formalaşdırmağa çalışıblar. AŞPA-nın və Avropanın digər beynəlxalq qurumlarının Azərbaycana qarşı qərəzli mövqeyi qondarma “siyasi məhbus” məsələsində hər hansı meyarların olmadığı halda ölkəmizi faktiki olaraq poliqona çevirmək cəhdləri, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçılıq siyasəti problemində də ifrat dərəcədə çılpaqlığı ilə özünü göstərmişdir.
Məhz bu səbəbdən AŞPA-da 2085(2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnamələrinin qəbul edilməsinə uzun illər ərzində aparılan gərgin mübarizə nəticəsində nail ola bildik. Qeyd edilən faktlar göstərir ki, AŞPA və digər beynəlxalq Avropa qurumları heç vaxt Azərbaycanın haqq səsinə dəstək verməyib və gələcəkdə də bu siyasəti davam etdirmək fikrindədir.
Odur ki, Azərbaycan öz milli maraqlarından çıxış edərək ölkəmizin gələcək inkişaf strategiyalarını AŞPA-nın və Avropanın digər beynəlxalq qurumlarının qərəzli mövqelərinə məhəl qoymadan müstəqil şəkildə müəyyən edəcəkdir.
Elxan Süleymanov,
AVCİYA-nın prezidenti