İsrail Müdafiə Qüvvələrinin keçmiş baş qərargah rəisi Qadi Eisenkot baş nazir Benyamin Netanyahu və ölkənin yüksək hərbi rəhbərliyini istefaya çağırıb. O, bu barədə ordunun radiosu olan “Qalei SAXAl”ın efirində bildirib.
Onun sözlərinə görə, onlar İsrail dövlətinin yarandığı gündən bəri ən böyük səhvə görə məsuliyyət daşıyırlar. Bu səbəbdən diviziya komandirindən tutmuş baş nazirə qədər, hər kəs öz vəzifəsini tamamlamalı, məsuliyyəti öz üzərinə götürməli və istefa verməlidir. Eisenkot qeyd edib ki, hərbi rəhbərlik bu addımı döyüş əməliyyatlarında fasilə zamanı atmalıdır.
Baş Qərargahın keçmiş rəisi vurğulayıb ki, Qəzzada Fələstinin HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların qaytarılması ölkə hökumətinin prioriteti olmalıdır.
“Filadelfiya dəhlizi ilə bağlı Qəzza və Misirlə razılığa gələnə qədər girovların qaytarılmasını dayandırmaq böyük səhv olardı”, -o əlavə edib.
"Girovların vaxtı yoxdur, hər gün geriyə daha az girov qayıdır", - siyasətçi bu həftə qaçırılan daha 6 israillinin cəsədinin Qəzzadan qaytarıldığına işarə edib.
2023-cü ilin dekabrında Eisenkotun kiçik oğlu, 25 yaşlı serjant Gal Meir Eisenkot Qəzzada gedən döyüşlər zamanı həlak olub.
Qadi Eisenkot ehtiyatda olan general-leytenantdır, o, 2015-2019-cu illərdə İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahına rəhbərlik edib. 2022-ci ildə keçirilən seçkilərin nəticələrinə görə müxalifətdə olan mərkəzçi Dövlət Düşərgəsi blokunun siyahısı ilə Knessetə (İsrail parlamenti) seçilib.
Ötən il oktyabrın 7-də Qəzza zolağından HƏMAS silahlılarının İsrail ərazisinə sızmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Sərhədyanı yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi, uşaq, qadın və qoca da daxil olmaqla 200-dən çox girovun əsir götürülməsi ilə müşayiət olunub. HƏMAS hücumu İsrailin Qüdsdəki Əl-Əqsa məscidinə qarşı hərəkətlərinə cavab adlandırıb. İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və zolağında hərbi əməliyyata başlayıb. Atışmalara cavab olaraq Livan və Suriyanın sərhəd bölgələrinə də ayrıca zərbələr endirilir. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.
Şahanə Rəhimli
Musavat.com