Əhməd Qəşəmoğlu: “Ailə məsələsində kişilərimiz hələ də köhnə adət-ənənələrə köklənib”

Sosial Tədqiqatlar Mərkəzi (STM) yenidən çox maraqlı bir sorğu keçirib. Belə ki, qurumun keçirdiyi rəy sorğularında respondentlərə qadınlara aid üç fikirdən hansı ilə daha çox razılaşdıqları soruşulub. Onlar qadınların əsas işi ailə və uşaqlara baxmaq, qadınlar iş həyatında və ictimai həyatda iştirak etməlidir, qadınlar həm iş həyatı, həm də ailə həyatında fəal olmalıdır olmaqla qruplaşdırılıb.

“Sorğu könüllü iştirak əsasında 18 yaşından yuxarı 384 respondent arasında keçirilib və anonimlik tam qorunub. 12 iqtisadi rayon əhatə olunub. Sorğunun seçmə çərçivəsi ölkə üzrə əhali sayının paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Nəticələrin əminlik intervalı 95 faiz, xəta payı 5 faizə bərabərdir.

Rəyi soruşulanların 14,3 faizi qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu, 4,6 faizi qadınların iş həyatında və ictimai həyatda iştirak etməli olduqlarını, 79,7 faizi isə onların həm iş həyatı, həm də ailə həyatında fəal olmalı olduqlarını qeyd ediblər.

Verilən cavablarda ciddi gender fərqləri üzə çıxıb. Belə ki, qadınların əsas işinin ailə və uşaqlara baxmaq olduğunu düşünənlər kişilər arasında 20,7 faiz, qadınları arasında isə 8,1 faizdir. Onların həm iş, həm də ailə həyatında fəallığının vacibliyini vurğulayanlar isə əksinə, qadınlar arasında daha çoxdur. Qadınların 88,2 faizi, kişilərin isə 71,2 faizi bu fikirlə razılaşıb.

Respondentlərin təhsil səviyyəsinin cavablara təsiri aydın şəkildə özünü büruzə verib. Belə ki, qadınların həm iş, həm də ailə həyatında fəallığının vacibliyi fikri ilə, orta təhsillilərin 73,4%-i, texniki-peşə təhsillilərin 85,2 faizi, ali təhsilli respondentlərin isə 93,7 faizi razılaşıb. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanların təhsil bölgüsündə isə əks tendensiyanı izləmək olar. Orta təhsillilərin 20,2 faizi, texniki-peşə təhsillillərin 7,4 faiz, ali təhsillillərin isə 4,2 faizi bu fikirlə razılaşıb.

Məşğuliyyət bölgüsündə diqqət çəkən məqam qadınların hər iki sahədə fəallığının vacibliyi fikri ilə daha çox iki qrupun -  dövlət sektorunda işləyənlərin (84,3 faiz) və evdar qadınların (85,7 faiz) razılaşmasıdır.

Başqa sözlə, evdar qadınların əksəriyyətinin yalnız özəl sahədə fəallıq göstərmələrinə birmənalı yanaşmadığını  güman etmək olar. Qadınların əsas işinin ailə və uşaqlara baxmaq olması fikri ilə razılaşanlar daha çox fərdi əmək fəaliyyəti (26,3 faiz) ilə məşğul olanlar, həmçinin işsiz olub, iş axtaranlar (28,2 faiz) arasındadır.

Gəlir səviyyəsi artdıqca qadınları yalnız özəl sahədə görən respondentlərin sayı azalır, həm özəl, həm də ictimai sahədə fəallığını məqbul hesab edənlərin  sayı isə artır.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “İlk növbədə hesab edirəm ki, Sosial Tədqiqatlar Mərkəzi bu cür sorğular keçirəndə həm də mənim kimi illərin sosioloqundan da fikirlər almalıdır. Mənim təmənnam sadəcə budur ki, bu cür sorğular ölkəmizdən yana olsun, mənim də bir xeyrim dəyərdi. Həmçinin qeyd edim ki, hazırda ölkədə ailə institutu ilə bağlı vəziyyət bərbaddır və fikrimcə, bu cür sorğuların bu vəziyyətin düzəlməsinə təsiri yoxdur. Əgər ailə institutumuzu yaxşılaşdırmaq istəyiriksə, ciddi işlər görməliyik.

O ki qaldı qadınların cəmiyyətdə sosial roluna, ölkədə ailə məsələsində kişilərimiz hələ də köhnə adət-ənənələrə köklənmiş vəziyyətdədir. Nə qədər maarifləndirmə işləri aparılsa da ki, indi demokratik cəmiyyətdir, qadınların da iş həyatı olmalı, işləməli, ictimai həyatda fəal olmalıdır və sairə, yenə də bir çoxları köhnə adətlərdən, fikirlərdən ayrıla bilmirlər. Ümumiyyətlə, biz daha çox qadın mövqeyindən danışırıq, əksərən kişi mövqeyi unudulur. Amma əslində nə qadın, nə də kişi mövqeyindən deyil, ailəni necə qoruyub, saxlaya bilməyimizdən danışmalı, diqqət etməliyik.

Məsələn, belə bir sorğu edə bilərdik ki, ailənin dağılmaması üçün qadınlar nə etməlidir? Biz bu gün ailələrin dağılmaması üçün hansı işləri görməliyik deyə düşünməliyik. Və yaxud qadınlar arasında sorğu keçirmək olar ki, onlara hansı şəraitdə işləmək zövq verər. Yəni necə şərait yaratmaq olar ki, həm uşaqlarını tərbiyə etsinlər, həm də işləsinlər. Hesab edirəm ki, bu  sorğuları keçirməklə həm də bu məsələnin həllini tapmış olarıq.

Azərbaycan ailəsi min illər boyu tamam başqa dəyərlər əsasında formalaşmışdı və burada ailənin mövcudluğunun öz prinsipləri var idi. Azərbaycan ailəsi elə bir institut idi ki, burada insanın fiziki cəhətdən rahatlanmasına, mənəvi inkişaf etməsinə şərait var idi. Hər bir ailə uşaqlarını şəxsiyyət olaraq formalaşdıran bir məktəb idi. Azərbaycan ailəsi indiki kimi, sadəcə olaraq, ər, arvad və uşaqlardan ibarət deyildi. Azərbaycan ailəsini elə xilas etmək lazımdır ki, həm qadın, həm kişi xoşbəxt olsun. İndiki ailə ilə 50 il bundan əvvəlki ailəni müqayisə eləmək olmaz. Təəssüf ki, indiki ailələrdə arzuolunmaz deformasiya prosesləri getməkdədir. Bu gün cəmiyyət çox həssaslaşıb və belə bir həssas cəmiyyətdə qadınların rolu çox mühümdür. Cəmiyyətdə, ictimai həyatda qadınların rolunu artırmaq üçün yeni modellər düşünmək lazımdır. Bu modelləri düşünmək üçün isə sorğular keçirməyə böyük ehtiyac var".Ölkədə ailə institutu ilə bağlı vəziyyət bərbaddır...

Hazırladı: Xalidə GƏRAY 

 

08.07.2023 11:24
830