Əhməd Özər HƏBS OLUNDU

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayon bələdiyyə başqanı Əhməd Özər həbs olunub.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.

Əhməd Özər müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasından bu vəzifəyə seçilib. Onun barəsində terror təşkilatına üzv olmaq ittihamı irəli sürülüb. Polis qruplarının Əhməd Özərin evində və bələdiyyə binasında axtarış apardığı bildirilir.

Digər tərəfdən, Özərin 1-i qırmızı siyahıda olan 695 PKK üzvü ilə əlaqə saxladığı müəyyən edilib. Bunların içində PKK-nın idarəçilərindən Rəmzi Kartal da var. Kartal Türkiyədə ən təhlükəli terrorçulardan sayılır və adı qırmızı siyahıdadır.

Xatırladaq ki, Türkiyə mətbuatı Əhməd Özərin son bələdiyyə seçkilərində Esenyurt rayonundan namizədliyini CHP-HDP arasında razılaşma əsasında irəli sürdüyünü yazırdı. Özərin CHP-dən daha çox HDP-yə yaxın olduğu qeyd olunur. 

Musavat.com

30.10.2024 12:29
760