Xəbər verdiyimi kimi, beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədov barəsində məhkəmə qərar çıxarıb.
Qərara əsasən, Əhməd Əhmədov cəzadan azad edilib. Onun barəsində Maştağa qəsəbəsində yerləşən ixtisaslaşmış psixatriya xəstəxanasında məcburi müalicə qərarı verilib. Verilən qərar bir çox şəxs tərəfindən birmənalı qarşılanmayıb.
Maraqlıdır, məhkəmənin Əhməd barəsində verdiyi qərar nə qədər ədalətlidir?
Musavat.com xəbər verir ki, mövzu ilə bağlı lent.az-a açıqlama verən Norma hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev bildirib ki, məhkəmə ədalətli qərar verib:
"Hadisə baş verən gündən tövsif etmişdik, təbii ki, biz deyən kimi oldu, qərar da doğrudur. Bütün dünya ölkələrində anlaqsız cinayət törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Və o, məcburi ixtisaslaşdırılmış tibb müəssisəsində psixatrik xəstəxanaya yerləşdirilir, orada qalır. Buna görə də Əhməd Əhmədov barəsində verilmiş məhkəmə qərarı ədalətlidir.
Digər məsələ, Əhməd Əhmədov kimi insanların sağaldıqdan sonra cəmiyyət içinə qayıtması ilə bağlıdır. Praktikada bu kimi xəstələrin tez bir zamanda sağalması mümkün deyil. Anlaqsız şəxsin sağalması və cəmiyyətə inteqrasiya olunması mümkündür. Əgər anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər seçiləndən sonra sağalarsa, o, normal həyata qayıtması və cinayət məsuliyyətinə cəlb edilməməsi mümkün haldır. Şəxs şüurlu şəkildə cinayət törətməməsi, anlaqsız olduğu onu azadlığa çıxarır.
Əgər sağalmadığı müddətdə barəsində tibbi xarakterli məcburi tədbirlər seçilir, stasionar qaydada psixatrik xəstəxanaya yerləşdirilir və qalır".
Xatırladaq ki, bu ilin fevral ayının 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədov aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməkdə şübhəli bilinib. O, şübhəli şəxs qismində saxlanılıb və fevralın 14-də barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra o, Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxənasına yerləşdirilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham irəli sürülüb.