Milli Hidrometeorologiya Xidmətinin son xəbərdarlığı “Hava qəfildən kəskin dəyişə bilərmi?” sualını yaradır.
Sualımıza cavab tapmaq məqsədilə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova ilə əlaqə saxladıq.
Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirdi ki, havanın kəskin dəyişəcəyi gözlənilmir:
“Əvvəlcədən xəbər verdiyimiz kimi, avqustun 14-də əsasən dağlıq ərazilərdə, 15-dən 16-sı axşamadək isə əksər rayonlarda yağıntılı hava şəraiti gözlənilir. Mülayim şərq küləyi əsəcək. Bəzi yerlərdə (Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. İlkin məlumatlara görə, avqustun 16-sı axşamadək proses davam edəcək.
Sabah Bakıda və Abşeron yarımadasında isə dəyişkən və əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Bakı üçün hansısa dəyişiklik olacaqsa, biz sabah onu tam dəqiqləşdirib, 15 avqustun axşamına proqnoz verə biləcəyik”.
Aytən Novruz
Musavat.com