Azərbaycanda ilk dəfə taksi xidmətində premium avtomobillərdən istifadə olunacaq. Bu avtomobilləri ölkəyə BOLT şirkəti gətirəcək.
Şirkətdən bildirilib ki, ekoloji təmiz avtomobillərin istifadəsi məqsədilə Azərbaycana 20-dən çox markanı əhatə edən premium elektromobil, eləcə də 300-ə yaxın sıfır emissiya səviyyəli maşın gətiriləcək. Bəs görəsən, bu təşəbbüs taksi qiymətlərinə və xidmət keyfiyyətinə müsbət təsir edəcəkmi?
Bu barədə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib . O deyib ki, bundan öncə də taksi xidmətində premium avtomobillərdən istifadə edilirdi: “Azərbaycanda bu günə qədər də premium tipli avtomobillər taksidə fəaliyyət göstərib. Bunlar əsasən xarici taksi operatorları ilə çalışan fərdi vətəndaşların təşəbbüsü olub. Taksidə premium sinif maşınların olması normaldır. Bu daha komfortlu nəqliyyat vasitəsi ilə getmək istəyən vətəndaş üçün bir fürsətdir. Amma taksi dövriyyəsində, istismarda premium sinif nəqliyyat vasitələri olan kimi burada mütləq yüksək keyfiyyət və təhlükəsizlik olacaq deyə düşünmək yanlış olardı. Taksi sistemi ümumi və vahid bir sistemdir. Ona görə də düşünmürəm ki, bir neçə premium avtomobilin dövriyyəyə buraxılması ilə taksi xidməti daha keyfiyyətli və təhlükəsiz olacaq”.
Ekspert qeyd edib ki, taksi qiymətlərində sərbəst tarif olmalıdır: “Qiymətlərin bahalaşma və ucuzlaşması məsələsinə gəldikdə isə taksi qiymətlərində sərbəst tarif olmalıdır. Bu tarif dəyişən tarifdir. Yəni tələb yüksək olduqca qiymət yüksəlir, əksinə, tələb azaldıqca qiymət də azalır. Elə buna görə də taksidə istismarda olan nəqliyyat vasitələrinin sayı artdıqca, qiymətə müsbət təsir edəcək. Yəni taksi varsa, demək ki, onun qiyməti baha olmamalıdır. Əsas problem hazırda taksi qıtlığıdır”.
Yada salaq ki, Azərbaycanda taksi xidməti ilə bağlı tənzimləmələrdən sonra Bakıda taksilərin sayı 2 dəfə azalıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ötən həftə bildirib.
O qeyd edib ki, əvvəl Bakıda 65-70 min taksi fəaliyyət göstərirdi, indi isə 35 minə yaxın taksi var: “Bu rəqəmi elektron sistem üzərindən əldə etmişik. Taksi fəaliyyətindən uzaqlaşdırılan şəxslərin məşğulluğu ilə bağlı suallar yaranır. Məşğul olmayan sürücülərin avtobusla sərnişin daşımalarına cəlb olunması üçün hazırda geniş imkanlar var. Təkcə "BakuBus" şirkətinin hazırda 1 000 nəfərdən artıq “D” kateqoriyalı sürücüyə ehtiyacı var və taksi fəaliyyətindən kənarlaşan şəxslər bu imkanları nəzərdən keçirə bilər".
Qeyd edək ki, taksi xidmətində yeniliklərin tətbiqinə başlanması ilə paytaxtda bir neçə ay əvvələ kimi ən rahat, sərfəli nəqliyyat vasitəsi olan ucuz taksilərin azalacağı və böyük bir təbəqənin işsiz qalacağı bəlli idi. İşsiz taksi sürücüləri arasında elələri var ki, taksi idarə edərkən belə sərnişinlərlə normal davranmırdı, yol hərəkəti qaydalarına əməl etmirdi.
Maraqlıdır, taksidən kənarlaşdırılanlar avtobus sürücüsü ola bilər?
Aslan Əsədov
Nəqliyyat eksperti Aslan Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd edib ki, işsiz qalan şəxslərin taleyini düşünmək lazımdır: “Onu da nəzərə almaq lazımdır ki, işsiz qalan şəxslərin arasında qayda-qanunlara riayət etməyən, etik davranışa uyğun olmayan xarakterik insanlar olduğu üçün müəyyən narazılıq yarandı. 34 min sürücünü ailə üzvləri ilə birlikdə hesablasaq, 100 minə yaxın vətəndaş edir. Onların dolanışığı, ailə büdcəsi mühüm məsələdir. Bu sahədə islahatlar aparılmalı, müəyyən dəstək mexanizmi hazırlanaraq yenidən taksiyə olan tələbatı minimum həddə çatdırmaq lazımdır. Taksilərin minimum şərti ödəməsi vacibdir, çünki bu hadisə müəyyən bahalaşmaya və digər problemlərə səbəb olacaq”.
Ekspert hesab edir ki, taksi sürücülərinin avtobus idarə etməsi üçün ilk növbədə sürücü aidiyyəti kateqoriyaya sahib olmalıdır.
“Yeni Müsavat”