Əhaliyə ŞAD XƏBƏR: Yol pulunun bir hissəsi geri qayıdacaq

Nəqliyyat sektorunda isalahatların genişləndirilməsi prioritet məsələlərdəndir. Etiraf etmək lazımdır ki, son illər bu sahədə daha innovativ texnologiyanın tətbiqi müşahidə edilməkdədir. Təbii islahatların dayanıqlı və davamlı olması əsas şərtlərdəndir.

Musavat.com xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, ötən il bu sektorun qlobal gəlirləri 324 milyard dollardan çox olub:

“Növbəti 10 ildə qlobal gəlirlər 500 milyard dollaradək yüksələcək. Bu kontekstdən Azərbaycanda da dəmiryolu sərnişindaşımada xidmət keyfiyyətin yüksəldilməsi bu sahədəki strategiyanın əsas hədəflərindəndir. Azərbaycan Dəmir Yollarındakı son struktur və institutsional dəyişikliklərdən sonra bu sahədə bir sıra islahatlar diqqətimizi çəkdi. Bunlar vacib dəyişikliklər olduğu üçün bu sahədə məlumatlandırma çox vacibdir ki, vətəndaşlarımız həmin imkanlardan faydalana bilsinlər”.

Vüqar Bayramov bildirib ki, bu həftədən etibarən dəmiryolu sərnişinləri ödədiyi vəsaitin bir hissəsini geri almaq imkanı qazanıblar:

“Dəmiryolu xidmətində 3.0 faiz keşbekin tətbiq olunması, eləcə də daha erkən alınan biletlərə 15.0 faiz endirimin tətbiq edilməsi stimullaşdırıcı tədbirlərdəndir. Yəni, artıq dəmiryolu xidmətlərindən istifadə zamanı ödənilən vəsaitin bir hisəsi geri qaytarılacaq. Sərnişinlərin hesablarına keşbek ödənişləri daxil olacaq. 2 gün öncə test rejimində tətbiqinə başlanılan loyallıq proqramı ilə şəhərətrafı qatarlarla səfər edən sərnişinlər “ADY Mobile” tətbiqi vasitəsilə gedişlər üzrə 3 faiz keşbek, eləcə də sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanacaqlar.

Bu sektorda dinamik qiymət siyasətinin tətbiqi də təqdirəlayiqdir. İnkişaf etmiş ölkələrdə qatarla səfərlər edənlər üçün tələbdən, o cümlədən mövsümdən asılı olaraq fərqli qiymətlər təklif olunur. Yəni, fiks (sabit) qiymət deyil, tələbə bağlı dəyişən qiymət siyasəti var. Azərbaycanda bu sistemə noyabrın 1-dən keçiləcək.

Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək. Bilet satış sisteminə inteqrasiya edilmiş texnologiyalar sayəsində sərnişinlərə real vaxtda qiymətləri izləmək və ən uyğun səyahət vaxtını seçmək imkanı yaradacaq. Artıq səfərə 25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15 faiz endirimdən yararlana biləcəklər.

Həm keşbek, həm endirimli və dinamik qiymətlər Azərbaycan dəmiryolu xidmətləri üçün vacib yeniliklərdir. Bu sahədə islahatların dairəsinin daha da genişlənəcəyi gözləniləndir. Yeni dövrün yeni tələbləri daha dinamik idarəetmə və təşviq siyasətini prioritetləşdirir”.

Musavat.com 

26.09.2024 15:20
9308