Əhaliyə ŞAD XƏBƏR: Maaşlar artırıla bilər

Dünya bazarlarında "Azeri light" markalı Azərbaycan nefti bahalaşıb.

Ötən gün keçirilən hərracların yekununda "Azeri light" markalı neftin qiyməti 2 dollara yaxın artaraq 100 dolları keçib və 100,53 dollar olub. Bu son bir ildə neftin ən yüksək qiymətidir.

Neftin qiymətinin artmasının əsas səbəbi nədir? Bu proses nə qədər davam edə bilər? Qiymətlərdə vəziyyətin belə olması iqtisadiyyatımıza hansı təsirləri göstərəcək?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Modern.az-a deyib ki, bahalaşma qlobal bazarda neft tədarükçülərindən biri olan Azərbaycan üçün bir sıra mühüm üstünlüklər yaradır:

1694782514_1694776841_1649944781_ahajpg-1623502041.jpg (200 KB)

“Neftin bahalaşması qlobal bazarda enerjiyə tələbin artması ilə bağlıdır, beynəlxalq tələbin uzun müddət yanacaq istehlakını bu normada davam etdirməsi neftin 90-100 dollar civarında satışını da saxlamış olacaq. Neftin bu qiymət aralığında dövr etməsi isə Azərbaycanın valyuta gəlirlərinin artmasına səbəb olacaq, Dövlət Neft Fondunun rezervləri yüksələcək. Hazırda Fondun 57 milyard dollar valyuta ehtiyatı formalaşıb və neftin bahalaşması fonunda bu rezervlərin 60 milyard dolları ötməsi gözləniləndir. Eyni zamanda, neftin bahalaşması dövlət büdcəsinə neft sektoru üzrə vergi daxilolmalarının həcminin artmasını da stimullaşdıra bilər. Bu da büdcənin gəlir və xərclərinin artırılması üçün mühüm əhəmiyyət daşıyır”.

A.Hüseynov qeyd edib ki, Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub, amma hazırda neftin real qiyməti büdcədəki həddən 40 dollar yüksəkdir:

“Hazırkı qiymət indeksi bu tempdə qalacağı təqdirdə büdcədə neftin qiymətinin artırılması istisna deyil. Bu isə sözsüz ki, büdcənin gəlir və xərcləri üçün dayanıqlı fiskal mənbə olacaq. Nəticədə əlavə xərcləmələr üçün, xüsusən də, fiskal öhdəliklərin vaxtında və nəzərdə tutulan məbləğdə həyata keçirilməsi üçün yaxşı imkanlar yaranır. Yaxın günlərdə 2024-cü ilin dövlət büdcəsi layihəsinin tərtibi başlanacaq ki, yuxarı neft qiymətləri şəraitində gələn ilin büdcə xərclərinin daha da artırılması mümkün olacaq. Büdcə xərclərinin artması isə ilk növbədə, azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin, Böyük Qayıdış proqramının sürətlənməsi və əhatə dairəsinin genişlənməsinə səbəb olacaq. Eyni zamanda, büdcədə əlavə xərclərin yaranması sayəsində iqtisadi və sosial proqrmalar üçün əlavə mənbə formalaşacaq ki, nəticədə əməkhaqları, pensiya və müavinətlərin, digər sosial ödənişlərin yenidən artırılması mümkün olacaq. Hökumət əlavə gəlirlər yarandıqca bu vəsaitləri əməkhaqqı və pensiyaların mütəmadi artırılmasına yönəldir. Ona görə də, gələn il sosial siyasətin əsas prioritetlərindən biri kimi sosial istiqamətlərdə artımların təmin olunacağı istisna deyil”.

Milli Məclisin digər iqtisadçı deputatı Vahid Əhmədov da deyib ki, Azərbaycan neftinin bahalaşması dövlət büdcəsinə, o cümlədən Dövlət Neft Fonduna əlavə gəlirlər gətirir:

1694782538_1694776799_1648823597_c3216eca-1ce4-38b0-88ec-6ec4a422d4f4_850.jpg (176 KB)

“Məlum məsələdir ki, dövlət büdcəsinin neftdən asılılığı çoxdur. Məhz buna görə də, neftin qiymətinin qalxması büdcə daxilolmalarının artması baxımdan vacib əhəmiyyət daşıyır”.

Deputat Azərbaycan neftinə tələbatın kifayət qədər artdığını bildirib:

“Neftin bahalaşmasının əsas səbəblərindən biri Ukrayna ilə Rusiya arasındakı müharibəyə görə şimal qonşumuza tətbiq edilən sanksiyalardır. Rusiya neftindən bir sıra dövlətlər faktiki olaraq imtina ediblər. Ona görə də, Azərbaycan neftinə və qazına tələbat kifayət qədər böyükdür”.

V.Əhmədov söyləyib ki, neftin qiyməti kəskin bahalaşmasa da, 80 dollar həcmindən artıq olacaq:

“Hesab edirəm ki, neftin ucuzlaşması hələ gözlənilmir. Neft ola bilsin ki, daha ciddi bahalaşmasa da, 80 dollardan yuxarı səviyyədə qalacaq. Hələ ki 1 barel neftin qiyməti ortalama 85 dollar olaraq hesablanır. Bu da bizə sərf edir. 2023-cü il üzrə dövlət büdcəsində neftin qiyməti 60 dollar nəzərdə tutulub. Gələn il bu məsələ yenidən müzakirə edilə bilər. Neftin qiymətinin yüksək olması dövlət büdcəsinə, ümumiyyətlə Azərbaycan iqtisadiyyatına təsir edən əsas amillərdən biridir”.

15.09.2023 19:55
7175